“Döyüşdə olduğu kimi, futbolda da indi bizə yalnız qələbə lazımdı”

4
Qarabağ qazisi millmizdən 2 oyunda minimum 4 xal gözləyir

“Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı yüz faiz azad edəcək. Buna qətiyyən şübhəm yoxdu. Daim hərbçilərlə, qazilərlə danışıram və bilirəm ki, Ordumuz əminliklə irəliləyir. Ən vacib, strateji olan yüksəklikləri ələ keçirmişik, keçmiş döyüşçü kimi o torpaqları əzbər bilirəm”. Bu fikirləri sport24.az-a açıqlamasında “Neftçi”nin məşqçisi, Azərbaycanın Əməkdar məşqçisi İslam Kərimov bildirib.

90-ci illərdə döyüşlərdə iştirak edən, Qarabağ qazisi olan tanınmış mütəxəssis Ordumuzun sentyabrın 27-dən başlayan əks-hücumlarının uğurla yekunlaşacağına əmindi: “Hərbdə krizis deyilən bir şey var, artıq ondan çıxmışıq və uğurlu əməliyyatlara yol açılıb. Misal üçün Ağdərə yolu birbaşa Ağdam yoluna açılır, Cəbrayıl yolu birbaşa Hadruta, Xocavəndə. Çox güman ki, yaxın günlərdə artıq tam qələbə bizim olacaq. Bir hərbçi kimi incəlikləri bilirəm, sadəcə, sirləri açıqlamaq istəmirəm. Yüksəkliklərin əlimizdə olması birbaşa uğurun nəticəsidi. Deməli, bir çox yerlərə nəzarət artıq bizim tərəfdədi. Azərbaycan xalqında böyük ruh yüksəkliyi, qələbə ruhu əmələ gəlib. Heç vaxt indiki kimi qələbəyə belə yaxın olmamışıq. Bütün ictimaiyyət, peşəsindən olmayaraq hər kəs cəhbəyə kömək edir, mənəvi dəstək göstərir”.

Hazırkı hərbi əməliyyatlar gedən zamanı Kərimovun gözünün önünə özünün döyüş yolu gəlir: “Xocalı hadisəsindən sonra cəhbəyə könüllü getmişəm. Həmin vaxt 25-26 yaşım vardı. Azərbaycan müstəqillik qazanandan, artıq 28 ildir “Neftçi”də məşqçi işləyirəm. Həmin vaxt klubun prezidenti Aydın İbrahimova ərizəylə müraciət edərək Orduya yazıldım. Azərbaycanın Mili Qəhrəmanı, “Qarabağ”ın sabiq baş məşqçisi Allahverdi Bağırovun özünümüdafiə batalyonunda Ağdamda vuruşmuşam. 121 dəfə səngər döyüşündə, Naxçivanik və digər əməliyyatlarda iştirak etmişəm. Əsirlərin alınmasında böyük rolum olub. Qarabağ qazisi kimi təqaüd alıram. İki medalla təltif olunmuşam. 9 oktyabr Azadlıq meydanında Azərbaycanda keçirilən ilk hərbi paradda iştirak etmişəm. Yenə könüllü yazılmışam. Sadəcə, yaşım artıq 53 olduğundan, hərbiyə çağırılmağıma imkan vermir. Çavuş olmuşam, çağırsalar, yenə döyüşə gedəcəm. İnşallah, Ağdam tam alınan kimi ora yollanacam, döyüşçülərlə, kənd sakinləriylə görüşəcəm”. 

Uzun illərdi uşaq futbolunda çalışan həmsöhbətimiz bütün yetirmələrində qələbə ruhunun yüksək olduğunu bəyan edib: “Azərbaycan xalqında böyük qələbə ruhu var. Artıq həminki dövr deyil…Bizim dövrdə bu qədər texnika yoxdu. İndi müasir texnikalar çoxdu. Bundan da başqa, Ali Baş Komandan xalqını ətrafında sıx cəmləyib. Bir qazi kimi əminliklə deyirəm ki, qələbə yüz faiz bizim olacaq! Hər məşqdən əvvəl uşaqlara baş verənlərlə bağlı ətraflı məlumat veririk, Azərbaycan bayraqları ilə fotolar çəkdiririk. “Ruslan-93″ yaxınlığında yaşadığım binada hər yerdə Azərbaycan bayrağı asmışam, durmadan təbliğat aparıram. Bu dəqiqə futboldan vacib müharibədi”.

Kərimov millimizdən UEFA Millətlər Liqasında qarşıdakı oyunlarda uğurlu nəticə gözləyir və cəhbədə baş verənlərin futbolçularımızı böyük motivasiya etdiyinə şübhə etmir: “Qarabağ”ın son qələbəsi bizim, futbolumuz üçün ikiqat qalibiyyət idi. Artıq futbolçular də məsuliyyəti dərk edirlər. Onlar da vətənpərvərdirlər və yalnız qalibiyyət haqda düşünürlər. İndiki vaxtda Azərbaycana yalnız qələbə lazımdı. Millimizdən hər 2 oyunda qalibiyyət, minimum 4 xal gözləyirəm – Monteneqroda heç-heçə, Kipr üzərində qələbə. Sizə onu da deyim ki, döyüşcülərin çoxu futbolu azarkeşləridi. Ağdamda döyüşənlərin çoxu futbol fanatıdı. Hər qələbə onlarda əlavə ruh yüksəkliyi gətirir. Necə ki “Qarabağ”ın son qələbəsiylə belə oldu. Onlarla əlaqə saxlamışdım, hamısı Ağdam klubundan qələbəsinə görə çox sevinirdi, indi də millimizdən uğurlu nəticə gözləyirlər”. 

Təcrübəli mütəxəssis Albaniya ilə ev matçının Bakıda yox,  Albaniyanın paytaxtı Tiranada keçirilməsinə də münasibət bildirərək, indiki vəziyyətdə bu seçimi çox düzgün sayır: “Axı, millimizin baş məşqçisi Canni de Byazi orda işləyib. Albaniyada insanlar onu sevirlər, orda böyük dəstək görüb. Albanlarda da müsəlmanlar çoxdu, özləri də döyuşüblər.  Bu mənada de Byaziyə və komandasına Albaniyada daha rahat olacaq. Üstəlik, “Qarabağ”da uzun ilər çıxış etmiş Admir Teliylə Ansi Aqolli da orda təbliğat aparırlar. Albaniya prezidenti də de Byaziyə böyük hörmət bəsləyir. təsadüfi deyil ki, ona ölkə vətəndaşlığını verib”.