Döyüş meydanında tarix yazan igid polkovnik

105

Sentyabrın 27-si Vətən müharibəsi başlayanda çox sevinmişdim. Dəqiq bilirdim ki, bu günü səbrsizliklə gözləyən igid oğullarımız, cəsur hərbçilərimiz Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə “uff” belə demədən azğın düşmənin üzərinə şığımağa hazırdırlar. Həmin vaxtdan mobil əlaqə ölkədə rəsmi olaraq məhdudlaşdırıldığından tanıdığım hərbçi dostlarla əlaqə saxlamadım, düzü, heç buna cəhd də eləmədim. Ta o vaxta qədər ki, artıq rəsmi olaraq internetin bərpasına icazə verildi, başladım dostları axtarmağa. Çoxdan tanıdığım polkovnik Oruc Abdullayevdən narahat idim. Cəbhəyə getməyinə 100 faiz əmin idim. Niyə? “Niyə?”nin açmasını bir azdan açıqlayacağam. Nəhayət, dekabrın əvvəlində Oruc Abdullayevlə telefon əlaqəsi yarada bildim. Səhv etməmişdim. Polkovnik həqiqətən döyüş bölgəsində olduğunu bildirdi. Qısa danışıqdan sonra onunla əlaqə yenidən bir neçə gün mümkün olmadı.

 

Bu narahatlığımı bir gün barəsində yazı verdiyim həmkəndlim, Vətən müharibəsində şiddətli döyüşlər zamanı Şəhid polkovnik Babək Səmidlinin köməkçisi olmuş Rahim Calalovla da bölüşdüm. Onunla telefon danışığımda Oruc Abdullayev soyadlı hərbçi dostumdan narahat olduğumu bildirdim. Çox maraqlıdır. Sən demə, Rahim də Oruc Abdullayevi yaxşı tanıyırmış, dost olduğunu söylədi. Rahim Calalovla Oruc Abdullayev keçmiş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində) birgə təhsil alıblar, kursant yoldaşı olublar. 1997-ci ildə həmin məktəbi bitirəndən sonra ayrı-ayrı hərbi qurumlarda çalışsalar da, dostluqları bu günəcən davam edir. Düzü, bu xəbərə çox sevindim. Necə deyərlər, “Oğlumu axtarırdım, dostumu tapdım!” məsəli lap yerinə düşdü.

 

İki gün sonra isə vətənpərvər həmkəndlim Rahim mənə daha bir sürpriz elədi. Eləmə tənbəllik, Rahim Calalov Şəkidən düz gedib işğaldan azad olunmuş rayonlarımızın birinə. Dostu Oruc Abdullayevin qulluq etdiyi hərbi hissəni tapıb və məni Oruc müəllimlə danışdırdı. Düzü, o vaxta qədər polkovnik haqda çox məlumatsızdım. Təkcə onu bilirdim ki, döyüşlərdə iştirak edib. Telefon danışığında ümumi hal-əhval tutan polkovnik yenə heç nəyi açıqlamadı. Sadəcə, onu dedi ki, işğaldan azad olunmuş rayonların birində hərbi xidmətini davam etdirir. Elə Rahimin özü də heç nə demədi. Mənim peşə borcuma sadiq qalaraq hər hansı informasiyanı hərtərəfli əldə etmək həvəsimə hörmətlə yanaşaraq Rahim Calalov bildirdi ki, dostu və tələbə yoldaşı polkovnik Oruc Abdullayev müharibə başlayanda Vətənin çağırışışına böyük həvəs və coşqu ilə qoşulub və səfərbərliyə çağrılmış hərbçilərdən ibarət yeni yaranan briqadanın rəhbəri ən ağır və çətin şəraiti olan ərazidə xidmətə başlayıb və indi də işğaldan azda olunmuş ərazilərdə komandir kimi hərbi xidmətini davam etdirməkdədir.

 

Mənə də elə bu lazım idi. Hərbi sirlərin açıqlanmasına peşə fəaliyyətimdə heç vaxt yol verməmişəm, indi də vermərəm qəti. Mənə vətənpərvər dostumun harada olmağından çox sağ-salamat Vətənin müdafiəsində qulluq etməsini bilmək çox maraqlı idi. Keçim Oruc Abdullayevi nə vaxtdan tanımağıma. Düz 11 ildir Azərbaycan Ordusunun bu cəsur və yuksək rütbəli zabitini tanıyıram. Polkovnik Oruc Abdullayev 2009-2014-cü illərdə Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin komandiri olub. Mən də həmin vaxt ANS televiziyasında işlədiyimdən komandirlə tanışlığım çox yaxşı olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin icazəsi əsasında Qusardakı hərbi hissədən dəfələrlə hərbi vətənpərvərliklə bağlı videosüjetlər hazırlamışam, bayram günlərində yürüş və tədbirlərini işıqlandırmışam. Oruc Abdullayevi olduqca vətənpərvər və peşəkar zabit kimi tanımışam o vaxtdan.Vətən sevgisi, işıqlı fikirlər bizi çox birləşdirib dost edib. Təmənnasız dost. Oruc müəllim işğalda olan rayonlarımızdan söz düşəndə narahatlığını dilə gətirirdi həmişə: “Biz o torpaqları ermənidə qoymayacağıq, Aytəkin xanım, görəcəksiniz. Bizim Prezident İlham Əliyev əvvəl-axır bu torpaqları onlardan geri alacaq, mütləq alacaq”- deyirdi. Və o gün gəldi həqiqətən də. Göyçə həsrətli, çox böyük Vətən fədaisinin gözlədiyi gün yetişdi və Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti və müzəffər Ordumuzun gücü sayəsində tarixi torpaqlarımızı geri aldıq. Vətənin igid oğlu, qəhrəman əsğəri polkovnik Oruc Abdullayev də döyüşə atıldı, döyüşlərdə iştirak etdi və bu gün də şərəflə xidmətin davam etdirir. Baxın, bu səbəbdən – Oruc Abdullayevi yaxşı tanıdığımdan onun cəbhəyə getməyindən 100 faiz əmin idim. Əminliyim də düz çıxdı. “Niyə?”nin açıqlaması da, baxın, budur.

 

Oruc müəllimin Qusarda məslək dostları çox olub. Bu dostları da özü kimi Vətəni sevəndirlər. Sən demə, polkovnikin həkim dostları da onun cəbhəyə getməyini biliblər. TƏBİB-in Qusar və Quba rayonları üzrə baş direktorları Mübariz Zeynalovla Əlyar Sərvərov bu barədə məlumatlı imişlər. Bunu mən onlara irad bildirəndə hətta Mübariz həkim oktyabr ayında Oruc Abdullayevlə döyüş gedən rayonların birində görüşdüyünü də dedi. Hərbçilərə yardım apardığını mənə açıqlamaq istəməyən Zeynalov mənə “Mən xəbərçi deyiləm”,- deyə zarafat da elədi. Əslində müharibə vaxtı dostlar düz edib. Hərbi əməliyyatlar, döyüş barədə o vaxt telefonda danışmaq da olmazdı, nəinki yazmaq. Mübariz Zeynalov hərbçi dostumuz haqda indi bunları dedi: “Hələ bir neçə il əvvəl 26 iyunda – Ordu günündə ona qalib ordunun zabiti olmağı arzulamışdım. Bu gün o gündür. Polkovnik Oruc Abdullayev qalib Azərbaycan Ordusunun yüksək rütbəli zabiti kimi üzüağ, alnıaçıq xidmətini davam etdirir”.

 

Qusarda hərbi hissədə Oruc Abdullayev komandir olan zaman hərbi həkim kimi çalışan Əlyar Sərvərovun igid zabitimiz haqda söylədikləri də içdən gəlir: “O mənim komandirim olub. Komandirim kimi də qalacaq. Əmr etsə, döyüşə hazıram. Əsl türk oğlu türkdür. Vətənpərvər, ölkəsinə, dövlətinə sadiq bir qürurlu bir zabitdir. Yorulmaq bilməyən bir insandır. Ən əsası da işıqlı fikirləri olan, yaradıcı, qurmağı bacaran, tələbkar bir zabitdir. Səhranı ver, gülüstana döndərsin. Mənim komamdirim, zabit dostum Oruc Abdullayev belə insandır”.

 

Oruc müəllimi Qusarda işlədiyi vaxtdan vətənpərvər insan kimi tanıdığını deyən Xudat şəhər meri Budaq Əliyev isə onu belə xarakterizə etdi: “Gənc yaşından polkovnik rütbəsi daşıyan cəsur və qorxmaz zabit kimi tanımışam Oruc Abdullayevi. Halaldır ona!”.

 

Növbə gəldi özümə. Bu ilin iyul ayında Tovuzda – Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə şəhid olmuş general Polad Həşimovun da yaxın dostu idi polkovnik Abdullayev. Oruc müəllim general haqda hazırladığım “Qəlblərin fatehi general Həşimovun şimal xidməti” başlıqlı yazımda bildirmişdi ki, onun qanını birə min alacağıq. Həqiqətən, Polad Həşimovun qanını yerdə qoymadı Ali Baş Komandanı İlham Əliyevin dağ kimi arxasında dayanan müzəffər Ordumuz. Oruc Abdullayev də Polad Həşimov kimi şəhidlərimizin qanını birə min alan qorxmaz zabitlərimizdəndir. Düzü, Oruc Abdullayevin indi xidməti fəaliyyəti barədə az məlumatlıyam. Geniş təfərrüatlara varmaq fikrim də yoxdur. Çünki hərbçilərin rəsmi açıqlanmayan xidmət yeri ilə maraqlanmaq, hansısa məlumatları əldə edib yaymaq olmaz. Bunu bilirəm.

Onu da bilirəm və əminəm ki, olduqca təvazökar olan Oruc Abdullayev müəyyən müddət vəzifəsindən kənarlaşdırılsa da, indi istədiyi yerdədir. Özünü reklamdan çox-çox uzaqdadır, kənardadır. Döyüş gedən ərəfələrdə də, indi də onun harada qulluq etməsi barədə heç bir məlumata rast gəlmədim. Çünki bu adam döyüşə gəlib, özünü reklam etməyə yox. Bildiyim bir də odu ki, polkovnik Abdullayev namusla, vicdan və böyük sevgi ilə xidmətini davam etdirir. Uğurlar, cənab Polkovnik! Oruc Abdullayevə və əsgərlərinə sağlamlıq və döyüş uğuru qazanmaları arzusu ilə!

 

Yazıdakı şəkilləri isə mənə Vətənimin qəhrəman qazisi Rahim Calalov göndərib. O şəkilləri Oruc Abdullayevin yanında olarkən çəkdirib və əldə edib.

 

Aytəkin Alxaslı