Döyüşə aparılanların əməkhaqları veriləcək

138

Toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır

Hazırda sosial şəbəkələrdə bir məsələ ətrafında ciddi müzakirələr getməkdədir. Bu da sentyabrın 27-də düşmənin təxribatından və buna cavab olaraq Azərbaycan tərəfin başladığı müharibəyə səfərbər edilənlərin, xüsusilə ailə başçılarının işlədikləri yerlərdən maaşlarını alıb-almayacaqları yönündədir. Bu şəxsləri, ailələri dövlət himayəsinə alacaqmı sualına cavab axtarılır.

Lent.az-a toplanışa çağırılanların iş yeri problemindən danışan “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bunları deyib: “Hərbi qanunvericiliyə uyğun olaraq, ehtiyatda olan hərbi qulluqçuların toplanışı çox böyük ruh yüksəkliyi yaradıb. Bunun da əsas məqsədi odur ki, onlar müasir texnikalarla yaxından tanış olsunlar, bilik və bacarıqlarını artırsınlar. Digər ölkələrdə belə toplanışlar keçirilir. Ölkəmizdə əvvəllər də hərbi toplanışlar keçirilib. Bu, gələcəkdə də davam edəcək. Ancaq sosial şəbəkədə hərbi toplanışa çağırılanların iş yerləri məsələsi barədə suallar yayılıb. Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əmək haqqı da verilir. Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq kimi şərəfli bir iş üçün Müdafiə Nazirliyinin göstərişi ilə toplanışlara cəlb olunublar.

Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın  etdi” - FOTOLAR

Emin Həsənli

«Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə» İctimai Birliyi prosesi yaxından izləyir və bu xüsusda problemlə qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik Xidmətinin istənilən şöbələrinə müraciət edə bilər. Düzü, inanmıram belə şey olsun, olsa da bu məsələlər öz yerini tapar. Təşkilat olaraq, dövlət və özəl müəssisələrin rəhbərlərinə təşəkkür edəcəyik. Təklif edəcəyik ki, təlimlərdən gələn işçilərinə bir aylıq məvacib versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin təlimlərdə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, təlimə gedən şəxs işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq üstə qalaraq, ailəsindən uzaqda vətəni, xalqı üçün gedib”.

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan  götürülməsidir”

Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev yaranacaq problemlərdən danışdı: “Əgər əmək müqaviləsi bağlanıbsa, o şəxs sistemdən keçibsə, həmin adam səfərbərliyə cəlb olunduqda, mülkiyyət formasından asılı olmayaraq, onun iş yeri saxlanılır və maaşı ödənilir. Bu o şəxs nə qədər səfərbərlikdə olacaqsa, belə olmalıdır. Əgər müqavilə yoxdursa, işləməyi barədə sübut yoxdursa, o zaman problem yaranacaq. Bizdə müqaviləsiz işləmək geniş yayılıb. Bu baxımdan mümkündür ki, ödəniş olmasın. Müqavilə varsa, qanunun tələbi ödənişin olunmasıdır. Özəl şirkətlərlə bağlı bir məsələni qeyd edim. Bu şirkətlərdə çox vaxt müqavilə bağlanır. Onlarda iki cür əmək haqqının ödənişi gedir. Kağız üzərində imzalanma olur, bir də paket formasında. Minimum əmək haqqı ödənilir, qalanı isə qeyri-rəsmi verilir. Özəl şirkətlər bundan istifadə edərək, ancaq rəsmi hissəni ödəyə bilərlər. Yəqin ki, bu belə də olacaq. Qalan hissəni ödəməkdən imtina edə bilərlər. Təhlükə daha çox bundadır. Əvvəllər maaş alanlar çox fikir vermirdilər. Düşünmürdülər ki, bunun gələcəkdə pensiyası var, əmək haqqının yüksək olmasına çalışmalıdırlar. İndi belə vəziyyətlər yarananda  həmin adamlar itkiyə məruz qalırlar”.

Hüquqşünas Əlövsət Allahverdiyev: “Səfərbərlik zamanı hərbi xidmətə aparılanların əmək haqqı birmənalı şəkildə verilməlidir. Bunlar dövlət tərəfindən xüsusi qaydada tənzimlənir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”