“Dövlətə xəyanət mövqeyində olanlar da zərərsizləşdirilir” – İLQAR ALTAY

75

“Məmurların əksəriyyəti rüşvət, korrupsiyaya qurşanıb, bu səbəbdən də haqlı və qanuni həbslər həyata keçirilir”

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, bununla bağlı mövqeyini bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın fikrincə, artıq bu kimi həbslər intensivləşir: “Bəzən elə qəribəliklər olur ki, söz deyib də fikir bildirməmək, bunu ictimailəşdirməmək olmur. Rəsmi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, Sahil Mühafizəsisinin rəisi general-leytenant Əfqan Nağıyev vəzifə cinayətləri korrupsiyaya ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq tərəfindən saxlanılıb. Bu kimi həbslər artıq intensivləşir. Dünyanın əksər dövlətləri bu qlobal böhran dövrü iki problemlə – koronavirus pandemiyası və onun yaratdığı iqtisadi krizislə məşğuldur. Bizim Azərbaycan xalqı, dövlətinin bəxtinə isə müharibə şəraitində koronavirus və iqtisadi böhran bir tərəf, üstəlik, məlum məmur problemi düşüb. Bilmirsən hansını həll edəsən. Dövlət, xalq bu dar, çətin günlərdə vəzifə borcu kimi məmurdan hərəkət, fəaliyyət gözləməlidir. Ancaq dövlətin və cəmiyyətin diqqəti məmurun pozuntularına, həbsinə yönəlir”.

Məmurların əksəriyyətinin rüşvət və korrupsiyaya qurşandığını, bu səbəbdən də haqlı və qanuni həbslərin həyata keçirildiyini deyən İlqar Altayın qənaətincə, korrupsioner məmurlarla yanaşı, dövlətə, Vətənə xəyanət mövqeyində olanlar da zərərsizləşdirilir: “Müşahidələr bunu göstərir ki, korrupsioner məmurların da içində ilk növbədə, dövlətə qarşı, həm də Vətənə xəyanət mövqeyində olanların zərərsizləşdirilməsi gedir. O məmurlar ki, hansısa klanın, ya piramidanın, ya da ki, xarici qüvvələrinmi təsirində (yumşaq desək) olub, başını itirib də öz mənsub olduğu dövlətin siyasətinin, Vətənin marağının əksinə, ziyanlı, pozucu, bəlkə də təxribat mövqeyi tutub. Bu qeyd etdiyim hal varsa, rəsmi açıqlanmaya bilər, dövlətin daxili siyasətində bu, mümkündür. Ancaq müstəqil və şəxsi müşahidə, analizdən belə doğur və belə bir həqiqət heç də, yox kimi görünmür. Demək, bu saat dövlətin yükü nəinki koronavirusa və insan sağlamlığı təhlükəsizliyi, nəinki iqtisadi böhranın aradan qaldırılması və məmur korrupsiyası, üstəlik hələ bəzi məmurların dövlətə və Vətənə əks mövqeyinin zərərsizləşdirilmə problemi, çətinliyinə yönəlir. Buradan da sual yaranır. Sənə dövlət bu qədər vəzifə, səlahiyyət, maddi imkanlar, rütbə, orden medallar verib, şərait yaradıb, nə istəyirsən? Bu bəs etmirmi, dövlətə, Vətənə vicdanla, sədaqətlə qulluq üçün? Bəs etmirsə və fikrin yayınıqdırsa, o vəzifə, imtiyazlar, orden-medalları niyə qəbul edirsən? Qəbul edirsənsə bu nədir? Bu yediyin qaba tüpürmək demək deyilmi? Əgər ki, sən o qaba tüpürəcəksənsə, o qabdan, nədən yemək yeyirsən, əvvəlcədən mərd-mərdanə o qabı da içindəki yeməyi də təhvil ver, de ki, mənlik deyil bu və çıx, səmimi aralan get”.

Valeh TÜRKSOY, Hurriyyet.org