“Dövlət Neft Fondunun aktivlərinə təhlükələr artır” – QUBAD İBADOĞLU

18

“5,7 milyard dollarlıq səhmlər risk altındadır”

“Koronavirusun Çin sərhədlərini aşıb dünyanın 30-dan çox ölkəsinə yayılması səhm bazarlarında təlatümlər yaradıb. Dünən dünyanın aparıcı Dow Jones sənaye indeksi özünün 124 illik tarixində 3-cü ən pis gününü yaşayıb, bir gündə indeks 1031 xal və ya 3,56 faiz dəyər itirib”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

“VTB bankının səhmləri, habelə Məsuliyyətli Cəmiyyətinə olan investisiyalarına risklər artmaqdadır”

Koronavirusun yayılmasının digər indekslərə, o cümlədən də Dövlət Neft Fonunun (DNF) səhmlərinə də neqativ təsir göstərdiyini qeyd edən Q. İbadoğlu diqqətə çatdırıb ki, dünən DNF-nin səhmlərinə malik olduğu “Standard and Poor’s 100” indeksi 11.86 xal və ya 3.35, eləcə də “MSCI Europe ex UK” indekis 1.0850 xal və ya 4.11 faiz dəyər itirib: “Bununla yanaşı DNF-nin Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə Məsuliyyətli Cəmiyyətinə olan investisiyalarına risklər artmaqdadır.

“Digər tərəfdən DNF-nin 29 621,3 milyon ABŞ dolları borc öhdəlikləri və pul bazarları alətləri ABŞ dolları, avro, ingilis funt sterlinqi, Avtraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb. Bu portfelin avro, ingilis funt sterlinqi, Türkiyə lirəsi və Çin yuanında olan hissəsi də məzənnə fərqinə görə dəyərsizləşir”,-deyə iqtisadçı vurğulayıb.

“DNF baş verənlərə rəğmən hərəkətə başlamışdır”

Son günlər DNF-nin strateji altportfelinə daxil olan qızılın qiymətində bahalaşma müşahidə olunduğunu nəzərə çatdıran Q. İbadoğlu deyib ki, DNF baş verənlərə rəğmən hərəkətə başlamışdır: “Hesab edirəm ki, ilk növbədə, Brexit və Koronavirusun təsirlərini nəzərə alaraq valyuta portfeli yeniləşdirilməli, xüsusilə də Çin yuanında, Türk lirəsində, Rus rublunda olan aktivlər riskli bazarlardan geri çəkilməli, avronun və ingilis funt sterlinqin yekunda payı aşağı salınmalıdır”.

Q. İbadoğlu onu da qeyd edib ki, otən ilin başa çatmasından 1 ay 25 gün ötməsinə baxmayaraq, DNF hələ də 2019-cu ilin yekunlarına dair press reliz yaymayıb.

Şamo EMİN, Hurriyyet.org