Dövlət büdcəsində neftin qiymətinə yenidən baxılmalıdır?

    6

    Nazim Bəydəmirli: “Neftdən gələn gəlirlərin real sektora verilməsini təmin etmək lazımdır”

    Məhəmməd Talıblı: “Bu zaman səmərəsiz xərc mövzusu gündəmə gəlir”

    Yaxın vaxtlarda dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşmə olacaq. Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, bu da iqtisadi fəallığı artıracaq.

    Maraqlıdır ki, dünya neft bazarlarında neftin qiymətinin qalxması dövlət büdcəsində neftin qiymətinə düzəliş edilməsini labüd edirmi? Nəzərə alsaq ki, 2018-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 45 dollardan götürülüb və onun əsasında gəlirlər və xərclər nəzərdə tutulub, o zaman büdcədə neftin qiymətinə düzəliş edilməsi, yəni artırılması səmərəsiz xərcləmlərə yol aça bilər. Çünki adi bir misal kifayətdir. Hansısa ailə başsısı ayda 500 manat əməkhaqqı alırsa, ailənin aylıq xərcini düzgün tənzimləyən ailə başçısı həmin pulla ailəni dolandıra bilir ( İststisna hallar, yəni qəza, xəstəliklər olmasa). Elə ki, əməkhaqqı artır, əlavə xərclər də onunla birgə artır. Dövlət də eynilə bu vəziyyətdədir, artan gəlirlər fonunda əlavə xərcləmlər yaranır ki, bu da israfçılığa gətirib çıxarır. Artan neft gəlirlərini səmərəli xərclənməsi vacibdir ki, neftin qiyməti düşdüyü zaman hansısa sahəyə qoyulan yatırımlar onu kompensasiya edə bilsin. Artan neft gəlirləri səmərəli xərclənmədiyi halda, Dövlət Neft Fondunda ehtiyat olaraq saxlanılması və yaxud hansısa xarici ölkəyə faiz dərəcəsi ilə verilməsi ondan daha məntiqlidir.

    Qeyd edək ki, dünən “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar bahalaşaraq 81,32 dollar olub. Nəzərə alsaq ki, Azərbaycan 1 gündə 650-700 min barel neft hasil edir, Azərbyacan dövlət büdcəsində nəzərdə tutulan neftin qiyməti ilə hazırkı neft qiymətləri arasında 36 dollar fərq yaranır ki, bu da Azərbaycana 1 gündə 23 milyon 400 min və yaxud 25 milyon 200 min əlavə gəlir gətirir. Təbii ki, bu fərqi aya və ilə vuranda söhbət milyardlardan gedir ki, bu pullar da Azərbyacan iqtisadiyyatının başqa sahələrinə səmərəli xərclənsə, daha effektli olar.

    “Bu, hər il təkrarlanan prosedurlardır”

    “NAZİRLƏR KABİNETİ LƏĞV OLUNMAMALIDIR"

    Dövlət büdcəsində neftin qiymətinə yenidən düzəliş edilməsi ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə bildirdi ki, bu, yeni təcrübə deyil: “Demək olar ki, hər il təkrarlanan prosedurlardır. Neftin qiyməti büdcədə əvvəldən düşünülmüş şəkildə aşağı götürülür ki, artan gəlirlər sonradan dövlət büdcəsinə, Dövlət Neft Fonduna transfert olunsun və müxtəlif xərcləmələr aparılsın. Bunu normal prosedur kimi qəbul etmək olar. Çünki hətta Beynəlxalq Energetika Agentliyi belə neftin qiyməti ilə bağlı proqnozlar verərkən ildə bir neçə dəfə dəyişməyə məcbur olur. Ən əsas da indiki geosiyasi proseslər, hansı ki, Suriya ətrafında törədilir, Rusiyaya sanksiyalar tətbiq olunur və ABŞ-nın neft siysəti ilə bağlı bu adi qaydadır”.

    “İstehlak və biznes kreditlərinin bahalığından sahibkarlar çox əziyyət çəkirlər”

    “Hesab edirəm ki, neftdən gələn gəlirlər Neft Fondunda cəmləşdikdən sonra onun normal idarə edilməsini təşkil etmək və Azərbaycanda real sektora vəasit verilməsini təmin etmək lazımdır ki, sahibkarların ucuz maliyyə resurslarına çıxışı asanlaşdırılsın, ümumilikdə kredit resurslarının bahalığı aradan qaldırılsın. Çünki 20 faizdən yuxarı istehlak və biznes kreditiləri təklif edirlər. Biz müxtəlif bankların reklamlarında bunu görürük və bu rəqabətə dözümlü deyil. Sahibkarlar bundan çox əziyyət çəkirlər”,-deyə keçmiş deputat vurğuladı.

    “Dövlət büdcəsində neft amilinin böyük olması neft büdcəsi haqqında danışmağı zəruri edir”

    İqtisadçı Məhəmməd Talıblı isə qeyd etdi neftin qiymətinin artması büdcəyə əlavə gəlirlərin gətirilməsinə imkan verir: “Bu zaman dövlət büdcəsinin profisiti genişlənir. Bir tərəfdən dövlət büdcəsinə əlavə gəlirlərin olması deməkdir. Digər tərəfdən isə Neft Fondundan transfertlərin böyük olması (9,2 milyard manat) imkan verir ki, deyək dövlət büdcəsində neft amilinin belə böyük olması neft büdcəsi haqqında danışmağı zəruri edir”.

    “Azərbaycan hökuməti heç zaman neftin qiymətini optimist ssenarilər üzrə proqnozlaşdırmır”

    M.Talıblı onu da vurğuladı ki, Neft Fonduna yığılacaq vəsait sonrakı illərdə başqa məqsədlər üçün istifadə oluna bilər: “Lakin dövlət büdcəsinə toplanan vəsaitləri mütləq mənada həmin il ərzində hansısa məqsədlər üçün istifadə etməliyik. Bu zaman səmərəsiz xərc mövzusu gündəmə gəlir. Çünki dövlət büdcəsi ölkənin bir illik maliyyə konsitutsiyasıdır. Təcrübə göstərir ki, Azərbaycan hökuməti heç zaman neftin qiymətini optimist ssenarilər üzrə proqnozlaşdırmır. Real və pessimist ssenarilər üzrə proqnozdan çıxış edir. Çünki bu zaman özünü sığortalayaraq öncədən Neft Fondundan transferti artırır ki, sonra fiskal risklə üz-üzə qalar və büdcə kəsirini aradan qaldırmaq üçün borclamaya girər”.

    Şamo EMİN, Hurriyyet.org