“Dövlət televiziyası 4 ildən sonra aprel döyüşlərini yarımçıq çızgi filmi ilə əks etdirdi” – ŞƏHİD XANIMI

93

“Bu günlərdə erməni faşizminin mədəni formada beynəlxalq səviyyəli təbliğinin artması məni çox narahat etdi. Bu dəfə yazmaya, danışmaya bilmədim… Tanıyanlar bilir, çox az danışaram, iş görməyə üstünlük verirəm. Amma daha susa bilmədim…”.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid komandir Raquf Orucovun xanımı Sevinc Orucova sosial şəbəkə hesabında bildirib.

Sevinc Orucova qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Vətən uğrunda Şəhid olan Qəhrəmanlarımızı yaşatmaq üçün, onların əzizlərinin iştirakı ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək  İB-ni yaradıblar: “Aprel döyüşlərinin mahiyyətini, Qarabağ münaqişəsinin tarixini,Vətən sevgisini gənclərimizə, yeni nəslə tanıtmaq üçün bir çox layihələr etdik. Çox əziyyət çəkdiyimiz oldu, bəzən bir universitetdə Vətən naminə tədbir keçirmək üçün o qədər maneələrlə rastlaşdıq..
Çünki bəllidir, bizlər tədbirləri şablon xətrinə, hesabat xatirinə etməyi sevirik: Xocalı soyqırımı yalnız 25-26 fevralda anılmalıdır, 20 Yanvar yalnız Qanlı yanvarda və digər  ağrılı işğal günlərimiz..
Biz Vətənimizin yarasını, dərdini günlərə daşıdıq…
Amma yağı düşməni tanımamış kimiyik sanki.. Düşmən yatmadı, dincəlmədi ən qısa vaxtda 2 dünya səviyyəli filmi ilə beynəlxalq səhnəyə çıxdı.
Hansı ki o filmlərdə bütün dünyaya qondarma “ağrı-acısını,yaşadıklarını” təqdim edəcək!
Bəs bizlər hardaydıq o zaman ? Qəhrəmanlarımızın döyüş yolundan və ya qələbə dediyimiz o aprel döyüşlərindən hansı əsərlər yazıldı? Yazılan da öz bacardığımız sayəsində oldu! Ölkənin dövlət televiziyası 4 ildən sonra aprel döyüşlərini yarımçıq çızgi filmi ilə əks etdirdi, etiraz etdik, bizi günahkar bildilər. Digəri İctimai Televiziya aprel döyüşlərindən bəhs edən serial çəkdirdi, o qədər bərbad idi ki, serialı son anda efirə vermədilər. Niyə bu qədər biganəyik? Axı bu müharibə hələ davam edir, bu qədər qazisi, şəhidi, didərgini olan xalq efirlərdə nəyə baxmalıdır? Niyə biz həqiqətlərimizi dünyaya çatdırmaqda bu qədər acizik?
Hələ də məktəb dərsliklərimizdə Qəhrəmanlarımız haqqında dolğun məlumatlar yoxdur. Yaşadığımız küçələr, keçdiyimiz keçidlər, körpülər, parklar, məktəblər Qəhrəmanların adı ilə niyə adlanmasın? Bu qədərmi çətindir bir qərarla bunu tənzimləmək? Mədəniyyət Nazirliyinə təqdim edilən ssenarilər bəhanə ilə rədd edilir. O zaman yaxşı bildiyinizi siz çəkin, bizləri də dəvət edin təqdimata, cənablar!”.

“Bu Vətən uğrunda fəda etdiklərimiz, çəkdiyimiz ağrılar, torpaq itkisi hər bir acının fövqündədir! Bizlər sadəcə, deyəsən, torpaq itirmədik, dəyərlərimizdən də uzaq düşdük!
Axı bizlər “Azərbaycan var olsun “deyə niyə birgə düşünməyək? Hər bir problemi, çətinliyi dəf edəcəyik, amma bu gün itirdiyimiz dəyərləri bir daha bərpa etmək çətin olacaq”, – deyə Sevinc Orucova qeyd edib.