“Dövlət qurumları yaxşı işlərinə görə xalqa minnət qoya bilməzlər” – AZƏR MEHTİYEV

138

“Hazırda ölkə olaraq son dərəcə mürəkkəb bir durumdayıq. Haqq-nahaq bir-birinə qarşıb, həm də nahaq o qədər çoxdur ki, onun içində itib-batan haqqı görmək, duymaq belə çətindir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri, iqtisadçı ekspert Azər Mehtiyevə məxsusdur. 

“Dövlət qurumlarının verdikləri qərarlar bir-birinə uyğun gəlmir”

Mehtiyev vurğulayıb ki, karantin şəraitində son günlər dövlət qurumlarının verdikləri qərarlar çox ziddiyyətlidir, bəyan etdikləri niyyətlərlə (nə istədiklərini bilmirəm, gördüyümüz bəyan etdikləridir) onlara çatmaq üçün verdikləri qərarlar bir-birinə uyğun gəlmir: “Hətta ən kobud müşahidədən belə qərarların bəyan etdikləri nəticəyə aparıb çıxarmayacağı aydın görünür. Bu halda insanlar o bəyanatlara inanmamaqda haqlı deyillərmi?!”

“Hansısa qurumları yaxud onun rəhbərlərini tərifləmək kimi bir borcumuz yoxdur”

“Eləcə də hər addımbaşı rast gəlinən bir nahaqdan yazan kimi mütləq biri peyda olur və haqlı olan bir şeyi adamın gözünə soxur ki, “bəs, bundan niyə yazmırsınız?!”. Cənab “haqq tərəfdarı”, ona görə ki, o yaxşı dediyinizi etmək o qurumların vəzifə borcudur. O qurumlar məhz bu işləri etmək, özü də yaxşı etmək üçün mövcuddurlar. Və buna görə də bizim ödədiyimiz vergilər hesabına əmək haqqı alırlar (yəni biz o xidmətlərin haqqını vergi şəklində ödəyirik). Bizim işimiz məhz onların yanlış etdiklərini, yəni nahaqqı vurğulamaq, onlardan işlərini düz görmələrini tələb etməkdir. Bu, bizim haqqımızdır. (Bu hüququ həm də hər kəsin vəzifəsi olduğunu anlayanda cəmiyyət daha yaxşı inkişaf etməyə başlayacaq.) Amma yaxşı işlərinə görə hansısa qurumları yaxud onun rəhbərlərini tərifləmək, mədh eləmək kimi bir borcumuz (yaxud vəzifəmiz) yoxdur”,-deyə iqtisadçı əlavə edib.

“Yeri gələndə yaxşı işlər mütləq xalq tərəfindən qiymətləndirilir”

Ağayev onu da qeyd edib ki, öz işlərini yaxşı, yəni cəmiyyətin rifahına yönəlik görmək bütün dövlət qurumlarının vəzifə borcudur: “Onlar yaxşı işlərinə görə xalqa minnət qoya bilməzlər və qoymamalıdırlar. Yeri gələndə yaxşı işlər mütləq xalq tərəfindən qiymətləndirilir. Özü də layiqincə elə pis işlər də”.

Şamo EMİN, Hurriyyet.org