Dövlət Komissiyasının hesabatı: ölkədə narkomaniya artıb, yoxsa azalıb?

114

Əliməmməd Nuriyev: “Azərbaycana narkotik vasitələr əsasən cənub istiqamətindən gətirilir”

“Ölkədə narkomaniyaya qarşı mübarizəni qənaətbəxş hesab etmək olar. Amma mübarizəni daha da gücləndirmək və genişləndirmək olar”.

Bunu Musavat.com-a açıqlamasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının son hesabatını şərh edərkən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin istifadəsinin qarşısını almaq üçün ən əsası narkotik maddələrinin istifadəsinə şərait yaradan amilləri aradan qaldırmaqdır. Ə.Nuriyev bildirir ki, Azərbaycana daha çox narkotik vasitələr kənardan, əsasən cənub istiqamətindən gətirilir.

“Bu sahədə son illər Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin böyük və uğurlu əməliyyatları olur. Bu cəhdlərin qarşısı əksər hallarda alınır. Amma buna baxmayaraq yenə də cəhdlər davam edir və ara-sıra narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi halları baş verir. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin becərilməsi ilə məşğuldur və həmin istiqamətlərdən də ölkəmizə narkotik vasitələrin keçirilməsi halları olur. Həmçinin Xəzər dənizi vasitəsi ilə də ölkəyə narkotik vasitələrin gətirilməsi halları var. Bir daha qeyd edirəm ki, bu istiqamətdə ciddi işlər görülsə də, əməliyyatlar həyata keçirilsə də narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi halları olur. Xaricdən cəhdlərdən əlavə ölkə ərazisində də ayrı-ayrı şəxslər müxtəlif bölgələrdə narkotik vasitələrin əkinini həyata keçirir. Hər il ölkə ərazisində əkilən 10 min tonlarla narkotik vasitələr hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar zamanı ələ keçirilərək məhv edilir”- deyə Ə.Nuriyev qeyd edib.

Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”

Onun fikrincə, son illərdə bu sahədə statistik rəqəmlərdə ciddi azalma var: “Əvvəlki illərdə ölkədə cəzaçəkmə müəssisələrində olan hər 3 şəxsdən biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılırdı. Amma bu rəqəmlər indi kəskin şəkildə azalıb. Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərin rəsmi statistikası 30-35 mindirsə, bunu 10-a vurmaq lazımdır. Beynəlxalq təcrübədə də belədir ki, narkotik istifadə edənlərin rəsmi statistikada göstərilən rəqəmini 10-a vurmaq lazımdır”.

Cinayət Məcəlləsində edilən dəyişikliyə görə, narkotik vasitədən istifadə edən şəxslərin məhkəmə qərarı ilə məcburi müalicəyə göndərilməsini də müsbət qiymətləndirən Ə.Nuriyev bu istiqamətdə görülən işlərin, proseslərin gücləndirilməsinin vacib olduğunu qeyd edib.

“Narkotik vasitədən istifadə həm də sosial məsələdir. Bu problemə tibbi tərəfdən də baxmaq lazımdır. Bu şəxslər müalicə olunmalıdır. Bununla da istifadəçilərin sayının qarşısını almaq mümkündür. Dövlət Komissiya bu istiqamətdə fəaliyyətini ildən-ilə genişləndirir. Həmçinin DİN də bu istiqamətdə çox ciddi addımlar da atılır. Bu işdə təkcə hüquq-mühafizə orqanları ilə yox, vətəndaş cəmiyyətləri, media ilə geniş və koordinasiya edilmiş fəaliyyətin yaradılmasına ehtiyac var. Bu mübarizəyə birlikdə töhfə verə bilərik”.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası son hesabatında cari ilin altı ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 faktın aşkarlandığını, 2 ton 309 kiloqram narkotik vasitələrin müsadirə edildiyini açıqlayıb. Hesabatda son 6 ayda ölkə ərazisində əkilən 90 tondan çox narkotik tərkibli bitkilərin məhv edildiyi göstərilir.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən altı ayda bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2740 nəfərdir”- deyə hesabatda qeyd edilir.

İlkin MURADOV,
Musavat.com