“Dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir” – VÜQAR BAYRAMOV

564

“Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir”

“ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də dolların ucuzlaşması ilə bağlıdır. COVİD-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramova məxsusdur.

Millət vəkili hesab edir ki, dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir: “Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən də kəskin dəyər itirəcəyi gözlənilmir. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır”.

Onun sözlərinə görə, Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir: “Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org