Dollar dəyər itirir, manat bahalaşacaq?.. – İqtisadçı

111

“Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, avro ABŞ dollarına nisbətən möhkəmlənməkdədir: “Avropanın vahid valyutası dollarla müqayisədə son 2 ildə ən yüksək kursla dəyişdirilir. Hazırda avro-dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb”.

İqtisadçı hesab edir ki, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb:

“FED sədri bildirdi ki, monitar siyasətlə bağlı qərarlar zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir”.

Vüqar Bayramov deyir ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir: “Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq”.