“Dnestryanı”nın sabiq Xarici İşlər naziri: “Maya Sandu çox təhlükəli yol tutub”

306

Moldovanın yeni prezidenti Maya Sandu bu günlərdə Dnestryanı bölgədən Rusiya sülhməramlılarını çıxarmaq təklifi irəli sürüb. Ukraynanın “Avropa həqiqəti” nəşrinə verdiyi müsahibədə Sandu mövqeyini onunla izah edib ki, Moldova vaxtilə Dnestryanı məsələnin həllinə “yumşaq yanaşma” seçərək “separatçı respublika”nın danışıqlar formatına daxil olmasıyla razılaşıb. Ona görə də Ukrayna Donbass probleminin həlli variantlarının seçimində Moldovanın səhv təcrübəsindən nəticə çıxarmalıdır.

“Dnestryanı Moldova Respublikası”nın sabiq xarici işlər naziri Vladimir Yastrebçak Rusiyanın “Regnum” nəşrinə müsahibəsində Sandunun bu iddialarına cavab verib. Ovqat.com Dnestryanı bölgə ilə Dağlıq Qarabağ probleminin mahiyyət etibarilə xeyli bənzər olduğunu nəzərə alıb Vladimir Yastrebçakın müsahibəsini Azərbaycan oxucusu üçün də aktual sayır və təqdim edir.

-Maya Sandu ilə bu yaxınlarda verdiyi müsahibə Rusiya ictimaiyyətinin kifayət qədər kəskin reaksiyasına səbəb olub. Onun Rusiya sülhməramlılarının Dnestryanı bölgədən getməsinin vacibliyi barədə sözlərini necə başa düşürsünüz?

-Şübhəsiz ki, Moldovanın qərbpərəst siyasətçi kimi xanım Sandu yeni bir şey deməyib. Daha vacibi isə onun Ukrayna KİV-dən birinə müsahibəsindəki son bəyanatlarını hansı statusda verməsidir. Əgər bundan əvvəl həmin sözləri seçkiqabağı kampaniyanın, məqsədli auditoriyanın, onun “nüvə elektoratı”nın və s.-nin qarşısında çıxışın ayağına yazmaq mümkün idisə, indi, seçkinin nəticəsi bəlli olduqdan sonra Sandu öz bəyanatları haqda daha dərindən düşünməli, yəni Moldovanın yalnız bir hissəsinin yox, bütün vətəndaşlarının lider olmağa çalışmalı idi. Məncə, xanım Sandu hələ də seçkiqabağı mübarizə atmosferindən tam çıxa bilməyib.

Əlbəttə, Rusiya qoşunlarının Dnestryanı bölgənin ərazisindən çıxarılması tələbləri baxımından elə bir yenilik yoxdur, Moldovanın digər liderləri də bu cür tələblər irəli sürüblər. Xanım Sandunun bəyanatı Rusiyanın hərbi mövcudluğunu sülhməramlı qüvvələrindən ayırmaması baxımından ikimənalı səslənirdi. Əgər sülhyaratma mövcudluğuna yenidən baxılması cəhdindən söhbət gedirsə, xanım Sandu inauqurasiyadan sonra siyasi mövqeyini həyata keçirə bilər. Bunun üçün mövqeyini parlamentin müzakirəsinə təşəbbüs göstərməli, həm 1992-ci il razılaşmasından, həm də 2009-cu il üç prezidentin (Moldova, Rusiya və Dnestryanı bölgənin) birgə bəyanatından, yaxud Moldovanın bir sıra digər siyasi-hüquqi öhdəliklərindən yalnız bu yolla imtina etməlidir. Xanım Sandu Rusiya ilə münasibətlərin belə tezislərlə normallaşdırılması ilə bağlı dialoqa başlamaq niyyətindədirsə, bu cür niyyətin də ifadə edildiyi, belə şüarların səsləndirildiyi təqdirdə qarşıya qoyulan məqsədə tez və səmərəli çatmağın mümkünlüyünü ehtimal etmək çətindir.

 Sizcə, Maya Sandu sözügedən müsahibədə Dnestryanı münaqişənin həllinə “yumşaq yanaşmanın” nəticə vermədiyini söyləyərkən nə demək istəyirdi?

-Bu tezislər seçkiqabağı kampaniya zamanı səsləndirilirdi. Mənim üçün kifayət qədər qəribədir ki, o, indi də eyni fikirləri səsləndirməkdə davam edir. Moldova Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını təsdiq edib və daxili prosedurlara uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı Konstitusiya Məhkəməsinə təsdiq olunmaq üçün göndərilib. Maya Sandu artıq Moldovanın öz səlahiyyətlərinə hələ tam yiyələnməmiş seçilmiş prezidentidir. Buna görə də tezislərindəki “yumşaq yanaşma”na dair düşüncələrini davamını etdirməsi qəribədir. Üstəlik 1992-ci ildə, yəni hərbi əməliyyatlar fazası qurtardıqdan sonra, habelə 1994 — cü ildə rəsmi danışıqlar prosesi başlanandan sonra heç bir yumşaq yanaşma yox idi-yaranmış siyasi, hüquqi, hərbi reallıqdan çıxış edərək atılan addımlar idi. Kişinyovun seçimi var idi-ya hərbi avantüranı davam etdirə və ya Dnestryanı ilə razılığa gəlməyə cəhd göstərə bilərdi. Dnestryanı tərəfin danışıqlar prosesinin tamhüquqlu iştirakçısına çevrilməsi Kişinyovun xoş məramının jesti deyildi. Bu, sadəcə, həmin illər ərzində yaranmış reallığın etirafı idi. Xanım Sandu hesab edir ki, bu müddət ərzində siyasi məsələnin həllində irəliləyişə nail olmayıb. O zaman xanım Sandu bu fakta diqqət yetirsin ki, birincisi, silahlı münaqişə bərpa olunmur, ikincisi, hər halda, gediş-gəliş azadlığı, ticarətlə bağlı məsələlər və bir çox başqa problemlər az-çox həll olunub. Yaranmış vəziyyəti adekvat qiymətləndirməyi bacarmaq lazımdır.

Mən hələ bu sözlərin səsləndiyi kontekstə diqqətinizi yönəltmək istəyirəm. Müsahibədə Ukrayna hakimiyyətinə Donbasdakı vəziyyətin nizamlanmasında o qədər də səmərəli olmayan Moldova təcrübəsini nəzərə almaq təklifi tam şəffaf səslənib. Zənnimcə, bu, çox təhlükəli yoldur.

-Sizin fikrinizcə, bu cür yanaşmanın əsas təhlükəsi nədən ibarətdir?

-Dnestryanı vəziyyətin Donbassdakı vəziyyətə ekstrapolyasiya etmə cəhdi, mənim fikrimcə, uğursuz müqayisədir. Bunlar artıq təşəkkül tapmış spesifik həll mexanizmləri, öz siyasi, hüquqi və digər reallıqları ilə fərqlənən münaqişələrdir.

Ümumilikdə, yumşaq yanaşmanın səmərəsizliyi ilə bağlı tezislər yalnız Dnestryanı bölgəyə aid deyil. Nizamlama üzrə artıq mövcud olan formatlara münasibətdə istənilən hərəkət (onlar “5+2” formatı ilə bitmir) istər-istəməz ona gətirib çıxaracaq ki, geniş beynəlxalq iştirakın olduğu nizamlama formatları, sadəcə, qırılacaq. Onlardan birini prinsipial elementlərdən çıxararaq mexanizmləri saxlamaq mümkün deyil. “5+2” formatını səmərəsizdir deyı pozsanız, bu, həm də Aİ və ABŞ-ın bu formatda müşahidəçi qismində iştirakını pozmaq deməkdir. Düşünürəm ki, bu, ilk növbədə, xanım Sandunun xarici siyasətini yürüdəcək adam üçün lazım deyil. Zənnimcə, bu ritorikanı qələbədən başgicəllənmə kimi yazmaq olar, amma bu eyforiyadan qurtulmağın vaxtıdır.

-Xanım Sanduun ritorikasını və xarici siyasi oriyentasiyasını nəzərə alsaq, Moldova Aİ və ABŞ-ı Dnestryanı münaqişənin həllində getdikcə daha fəal iştiraka cəlb edəcəkmi? Sizin fikrinizcə, Qərbin özü bu məsələdə nə dərəcədə maraqlıdır?

-İsrar o bilər. Amma mənim fikrimcə, ABŞ və Aİ-nin “5+2” formatında statusu müəyyənləşdirən sənədlər əsasında onların iştirak potensialı heç də tükənməyib. Onların statusu 15 il bundan əvvəl, 2005-ci ildə müəyyən edilib. Onların fəaliyyət göstərmək üçün kifayət qədər imkanları var. O cümlədən, Avropa İttifaqı Moldova ilə Dnestryanı bölgə arasında etimad tədbirləri üzrə bütöv bir layihə həyata keçirir. Düşünürəm ki, hansısa yeni funksiya yaratmazdan əvvəl mövcud olan potensialı reallaşdırmaq lazımdır.

Həmçinin, hazırkı mərhələdə, nə vaxt bitəcəyi bəlli olMayan koronavirus pandemiyası da daxil olmaqla, müxtəlif beynəlxalq proseslər şəraitində, həmçinin daxili siyasi böhranlar burulğanında çırpınan ABŞ və Aİ-nin Moldova-Dnestryanı münaqişəsinin nizamlanmasına fəal qoşulmasına hazır olduğuna əmin deyiləm. Hesab edirəm ki, onlar üçün hər hansı bir məsuliyyətli dövlət kimi, indiyədək işləyən və bundan sonra da işləyə biləcək mexanizmlər qırmaq daha vacibdir. Hər hansı bir məsuliyyətli siyasətçi həkim kimi, “zərərsiz” prinsipinə əsaslanmalıdır.

-Yaxın gələcəkdə Moldovanın NATO-nun bölmələrinin Dnestryanı bölgədə sülhməramlı missiya yerinə yetirilməsinə qoşulmasını tələb etməsi perspektivi sizə nə dərəcədə real görünür?

-Mən belə bir perspektiv görmürəm. Üstəlik, NATO qüvvələrinin təcrübəsində uzunmüddətli sülhün bərqərar olmasına real nümunələr tapmaq çox çətindir. Bu təşkilatın öz funksiyaları var.

Xatırlatmaq istərdim ki, Moldovanın bütün rəhbərləri tərəfindən sülhməramlı missiyanın formatının transformasiyasının zəruriliyi barədə bəyanatlar səsləndirilsə də, məsələ real hərəkətlərə qədər çatmayıb. Görünür, sonda sülhyaratma prosesinin iflasına görə kimin məsuliyyət daşıyacağını anlamaq mümkün olub.

Tərcümə “Ovqat”-ındır.