Elmar Məmmədyarov: “Ermənilər tarixi saxtalaşdıraraq “erməni soyqırımı“ndan siyasi məqsədləri üçün istifadə edirlər“

    12
    “Əfsuslar olsun ki, son zamanlar islam dini beynəlxalq aləmdə bəzi insanlar, o cümlədən natiqlər, siyasətçilər tərəfindən terrora xidmət edən din kimi qələmə verilməkdədir. Acınacaqlı haldır ki, bir çox ölkələrdə islam dininin daşıyıcısı olan insanlara qarşı münasibətdə radikal hərəkətlər həyata keçirilir, müsəlmanların hüquqları tapdalanır, onların terrorun potensial daşıyıcıları olduğu kimi xoşagəlməz fikirlər səsləndirilir. Azərbaycan müxtəlif dini mənsubiyyətin nümayəndələrinin azad, demokratik, firavan şəkildə bərabər yaşadığı tolerant bir ölkədir. Xalqımız bu xüsusiyyətləri daşıyır, mehriban şəkildə hər bir dinin nümayəndələri ilə, milli azlıqlarla bərabər yaşayır. Bu məsələyə dövlət səviyyəsində də xüsusi həssalıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı il “Azərbaycanda multikulturalizm ili“ elan edilmiş, ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların nümayəndələri ölkəmizə səfər edərək, Azərbaycanda bu istiqamətdə mövcud proseslərə canlı şahid olmuş, bununla bağlı öz fikirlərini ifadə etmişlər. Azərbaycan tolerant ölkə olmaqla yanaşı bir müsəlman ölkəsidir. Müsəlman mədəniyyətini, tarixini yaşadan bir ölkədir. Belə ki, Azərbaycan Respublikası prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli“ elan edilmişdir. Azərbaycan islam dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman xüsusi önəm vermiş və coğrafi mövqeyinə görə əsrlər boyu Qərb və Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq islam dininin mədəni və mənəvi dəyərlərini dünyaya təşviq etmişdir. Bu səylərin davamı olaraq, Bakıda 2017-ci ilin may ayında 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən Azərbaycanın əsas istəyi regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın, firavan və mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. İnanıram ki, ölkələrinin ərazi bütövlüyünə, xalqlarının firavan gələcəyinə və beynəlxalq hüququn aliliyinə xidmət edən hər bir kəs Azərbaycanın haqlı mövqeyinin yanında olacaqdır!“