Əməkdar artist: “Sənətə gəlməsəydim, 10 övladım olardı” – VİDEO

    3
    “Əgər sənətə gəlməsəydim, yəqin ki, evdar qadın olardım. Humanitar fənləri çox sevmişəm, yaxşı oxumuşam. Mənim düşünməyə fürsətim olmadı. Uşaqlıqdan musiqi ilə böyüdüm. Hətta sinifdə bilirdilər ki, mən artıq xanəndəyəm, oxuyuram. Mənim imkanım olmadı başqa peşə haqqında düşünüm. Gözümü açandan dəf çalırdım, qəzəl öyrənirdim. Uşaqlarla oynamaq əvəzinə qəzəl əzbərləyirdim. Barmağım qabar olurdu, amma dəf çalırdım. Atam gələndə sevinsin deyə qəzəl, mahnı öyrənirdim. İçimdə belə böyük istedad olub. Ona görə də atam məni 2 nömrəli musiqi məktəbinə qoydu, piano sinfini bitirdim. Sonra milli konservatoriyaya daxil oldum, magistraturanı bitirdim, indi aspirantam. Ömrümü bu yolda xərclədim. Fürsətim olmadı başqa işə maraq göstərim. Sənətə gəlməsəydim, 10 övladım olardı bəlkə də. Sevirəm övladım çox olsun, evdə biş-düş edim. Evdarlığı sevirəm, yemək bişirim, evi tərtəmiz edim, uşaqların qayğısına qalım”. Hurriyyet.org bildirir ki, bunu ailem.az-ın canlı yayımında qonaq olarkən tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımova deyib.

    O, səfərlərində olduğu zaman övladlarını anasına həvalə etdiyini bildirib: “İnsanın fikri hər zaman övladlarında qalır. Bizim işimiz olsa da, fikrimizin çoxu uşaqların yanında olur. Onları hər zaman bir nəfərə əmanət edib gedə bilmişəm, Allahdan sonra anama. 10 yaşlarına qədər anama həvalə edib getmişəm. 10 yaşdan sonra onları evdə ataları ilə qoyub gedə bildim. Çünki istəmədim artıq anam əziyyət çəksin. İnsan yaşlaşdıqca sakitlik istəyir, daha hüzurlu, rahat həyat istəyir. Körpə vaxtı xəstələnməyi, üşütməyi var, qızdırması olur. Ona kim baxa bilər? İnsanın öz doğmasından başqa kim baxa bilər? Ona görə hər zaman anama minnətdaram ki, mənə şərait yaradıb. Mənim səfərlərə getməyimə, atamla sənətimi davam etdirməyimə anam mənə vəsilə olub”.

    Xanəndə övladlarının da istedadının, gözəl səsinin olduğunu söyləyib. O, oğlunun xanəndə olmasını istədiyini etiraf edib: “Mənim uşaqlığımda içimdə olan muğam janrı onların içində yoxdur. Amma səsləri var. Biri rep, biri xarici mahnı oxuyur. Arada dədələri onlara muğam oxutdurur, deyirəm, ay dədə, onları da mənim kimi muğama dartıb gətirəcəksən, qoy işləri-gücləri ilə məşğul olsunlar (gülür). Oğlumun gözəl səsi var, tar da çalır, Ramiz Quliyev də onunla ciddi məşğul olur, öz müəllimi də var. Nə gizlədim, əslində oğlumun xanəndə olmasını istəyirəm. Amma yenə də hər şeyi zaman, qismət göstərəcək. Onun xanəndə olmaq şansı var”.