Murad Sadıx: “Camaat mənə yazıq kimi baxsın deyə oxumalıyam?” – VİDEO

    9

    Bəzən utancaq görünüb sözünü qıfıllıyan, bəzənsə sərt ismarıcları ilə diqqət çəkən müğənni, şəxsi həyatı və sənət yeniliklərindən danışıb: “Mahnının musiqisi Vüsalə Hikmət, sözləri Leyla Mətinə aiddir. Mahnı “Yalan tək” adlanır. Çox gözəl, dinamik, pozitiv bir mahnıdır. Düşünürəm ki, digər mahnılarım kimi tutarlı olacaq, seviləcək. Vüsalə xanım mənə mahnını göstərəndə çox bəyəndim. Dedim ki, Vüsalə, “Möcüzə”dən sonra bu növbəti hitdir”.

    Əsl yaz ab-havalı ritmik bir mahnıdan sonra Murad Sadıx klip çəkdirməyi də düşündüyünü bildirib: “Düşünürəm ki, bu mahnıya artıq klip çəkdirmək lazımdır. Biraz maddi sıxıntılar olduğu üçün bəzi mahnıarıma klip çəkdirə bilməmişəm. Bu mahnıya əgər alınsa, klip çəkdirəcəm. Ancaq hələlik yalan danışmaq istəmirəm”.

    Nədənsə bütün mahnılarında sevgidən şikayət hiss olunan sənətçi, özü buna aydınlıq gətirib: “Belə alınır da. Mahnının sözləri mənə aid olmur. Ola bilər ki, bir-iki söz uyğun gəlsin”.

    Valideynlərinin hər zaman dəstəyini hiss edən müğənni ancaq səsi ilə, sənəti ilə irəli gedib hansısa mərtəbəyə yüksələ bildiyini söyləyir: “Heç vaxt atam, anam, bacılarım, qohumlarım, ətrafım mənə əlil kimi baxmayıblar. Əgər mənim səsim, istedadım olmasaydı, evdə oturardım. Deyərdim ki, səsim, istedadım yoxdur. Mən niyə görə oxumalıyam? Camaat mənə yazıq kimi baxsın deyə? Xeyr, bu, mənə lazım deyil. Sənətim olmasa, səsim olmasaydı, siz də, başqaları də gəlməzdi. Pozitivəm, sevilirəm. İstəyirəm ki, mənim də ətrafımda pozitiv insanlar olsun”.

    Sonda isə müğənni onun hansısa bir sözünü və ya hərəkətini yanlış anlayıb ifaçıya ulduz xəstəliyinə tutulmusan deyənlərə də tutarlı cavabını gecikdirməyib: “Tanışlar mən nəsə danışanda deyirlər ki, ulduz xəstəliyinə tutulmusan. Başa düşmədim, hansısa fikir bildirəndə o zaman adam ulduz xəstəliyinə tutulmuş olur? Lazım deyil hər dəfə belə söhbətlər. Ulduzluğu yaşayaram, ancaq xəstəliyi yox”.