Gözlərim qapıya dikili qalır, elə bilirəm indicə qapı açılacaq və…

    3

    Bu gün atam Sabirin doğum günüdür. Ona Sabirim deyərdik. Bizdən ayrıldığı 14 ildir. Atam həyata vida edərkən onun yanında təkcə nəvəsi Rüfət olub. Biraz gəldən-getdən söhbət edəndən sonra nəvəsinə məsləhət görüb ki, uzaq yol gəlmisən, get istirahət et. Rüfət təzəcə divana uzanmışdı ki, babasının ağırdan nəfəs aldığını hiss edib . Sən demə, atam artıq sönmüşdü. Nəvəsi ağzı ilə ona nəfəs verib həyata qayratmağa çalışsa da, baba canından çox sevdiyi və əzizlədiyi Rüfətə cavab verə bilməmişdi. Rüfətin göz yaşları babanın göyərmiş sifətinə süzülməyə başlamışdı… İndi də babası Sabirin yoxluğu ilə Rüfət barışa bilmir . Bu şəkli də məzarlıqda Rüfət lentə almışdır. Çox gözəl və eyni zamanda hüzünlü xatirə kimi yaddaşımızda qalacaq bir görüntü. Mən və atam! Sakitcə bir-birimizlə danışırıq…
    Çox sevərdik atamızı. Hərdən mənə elə gəlir ki, əbədi dünyasına onu dünən yola salmışıq. Gözlərimdən heç çəkilmir Sabirim! Onun yoxluğu mənə əzab versə də, bircə təskinliyim odur ki, ata-oğul bağlılığı indinin özündə mənim ürəyimdə, qəlbimdə yaşayır. O, ruhən sağdır mənim üçün. Ona görə də, özümü atasız hesab etmirəm. Atamı xəyallarımda ölməyə qoymuram. Necə vardısa yenə elə həmin görkəmdə görürəm onu. Nə yaxşı ki, xəyallar varmış. Atamla tez- tez söhbətləşir, dərdləşirik. Onun yoxluğu ilə barışmaq mənə çox çətindir. Elə gün olmur ki, atamla danışmayım. Son vaxtlar daha çox danışır, daha çox dərdləşirik. 
    Bəzən gözlərim qapıya dikili qalır. Elə bilirəm indicə qapı açılacaq və Sabirim gülə-gülə içəri daxil olacaq. Bax beləcə dəqiqələrlə qapıdan ayrıla bilmirəm. Gözümdə isə buradakı yox, kəndimizdəki qapı canlanır. Orada axtarıram atamı. Çünki atam o qapını çox sevərdi, uşaqlığı,gəncliyi, ömrünün ən yetkin çağları o qapı, o həyət- baca, o ağaclarla birgə keçmişdi. Unuda bilmirdi, yadından bir an belə olsun çıxmırdı o kimsəsiz qalan yurd yeri. Bu həsrət, bu amansız didərginlik onu ovucları arasına alıb sıxdıqca sıxırdı. Əlacı atamın göz yaşlarına qalmışdı. Mən onu heç ağlayan görməmişdim. Ancaq torpaq həsrəti onu ömrünün son illərində içindən göynədirdi. Atam orada canını tapşırmağı, oradakı ana torpağın qoynuna sığınmağı çox istərdi. Hərdən Allaha yalvarardı ki, məni bir quşa bənzət, uçum gedim o yurddakı, o həyətdəki ağacların budaqlarına qonum , qanadlarım oradaca sınsın, oradaca haqqın dərgahına qovuşum. Nə bilim, bəlkə də böyük Allahımız atamın bu arzusunu yerinə yetirib, ruhu oralarda dolaşır… 
    Bu həsrətlə də atam burada dünyasını dəyişdi, onu Bakının Mehtiabad məzarlığında torpağa əmanət etdik. Allah səni rəhmət eləsin ata! İnan ki, sənsizlik mənim üçün bu dünyada çox çətindir. Ata , sənin qayıtmağına gümanım yoxdur. Çünki elə yerə getməmisən ki, bir də geri dönəsən. Ancaq bir zaman olacaq ki, mən sənin görüşünə gələcəm. O zaman ürəyimi qovuran, mənə dinclik verməyən bir çox mətləbləri bərabər bölüşəcəyik. Hələlik nə qədər çalışsam, nə qədər zəhmət çəkəsi olsam da sənə olan övladlıq borcumu qaytara biləcəyimə inamım yoxdur. 
    Səni bu gün də sevən və xatirəni əziz tutan ELDAR SABİROĞLU
    “Rüfət