“Distant təhsilin təşkilində ciddi problemlər var”

14

Osman Gündüz: “Nazirlər Kabineti təcili olaraq Təhsil Nazirliyini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini və digər əlaqəli, maraqlı tərəfləri bir araya gətirərək mövcud vəziyyətdən çıxış üçün tədbirlər görməlidir”

Təhsil Nazirliyinin əlində qiymətli informasiya var. Və bu informasiya hazırda kifayət qədər ciddi ictimai əhəmiyyət kəsb edir. Nazirlik yay tətili müddətində bütün ölkə üzrə şagirdlərin və müəllimlərin internetə əlçatanlığı və kompüter təminatı ilə bağlı faydalı monitorinq, sorğular təşkil edib. Bunun nəticəsi olaraq nazirliyin əlində təhsil alanlarla bağlı internetə əlçatanlıq və texniki-texnoloji vəziyyət haqqında informasiya toplanıb”. “Hürriyyət” xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O qeyd edib ki, informasiya əldə edilməsi haqqında qanuna görə, bu tip informasiyalar məcburən açıqlanmalıdır: “Düşünürəm ki, real vəziyyəti əks etdirən bu informasiya distant təhsilin bütün ölkə boyu keyfiyyətli formada tətbiqindən şübhələnmək üçün ciddi əsaslar yaradır. Görünür ki, Təhsil Nazirliyi bu baxımdan onu açıqlamaq istəmir. Hazırda real vəziyyət elədir ki, hökumət bütün ölkə boyu distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb.

Digər ölkələrdə olduğu kimi, bu problemin həllində hələlik əlavə büdcə resursları, digər köməklər səfərbər olunmayıb. Müşahidələr göstərir ki, distant təhsilin təşkilində ciddi problemlər var, təhsilin bu formada təşkilində ölkə üzrə təhsil xidmətlərinə əlçatanlıq yetərincə təmin olunmayıb. Yəni real vəziyyət elədir ki, əhalinin 50 faizinin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar və təhsil verənlər təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar. İnternetin qiymətləri də distant təhsilin keyfiyyətli formada təşkili üçün əlavə maneçiliklər yaradır. Təhsil Nazirliyinin isə distant formada təhsilin təşkilini keyfiyyətli olaraq reallaşdırmaq imkanları yoxdur. Bir daha bildirmək istərdim ki, mövcud vəziyyət ürəkaçan deyil. Düşünürəm ki, Nazirlər Kabineti təcili olaraq Təhsil Nazirliyini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (NRYTN) və digər əlaqəli, maraqlı tərəfləri bir araya gətirərək mövcud vəziyyətdən çıxış üçün tədbirlər görməlidir”.

Valeh TÜRKSOY