Distant təhsilin internet problemi 1 milyon 600 min şagird…

14

Tədris ili başlasa da, təhsil prosesində iştirak edənlər üçün internetlə bağlı heç bir güzəşt edilməyib. Hibrid təhsil formasında isə internetə çıxış əsas məsələlərdən biridir. Ancaq əksər təhsil alanların və ya müəllimlərin internetə çıxış imkanı məhduddur. Mobil internet paketlərinin qiymətində isə heç bir güzəşt edilməyib.

Məsələ ilə bağlı Publika.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, internet paketlərində bir sıra güzəştlərin edilməsi zəruridir: “Xüsusilə təhsil verənlərə internet paketlərinin tam şəkildə pulsuz verilməsini təklif etmişik. Düşünürük ki, biz mövcud şəraitə uyğun olaraq, təhsilin bu formada davam etdirilməsinə məcburuq. Buna görə əlbəttə ki, təhsilverənlər üçün də internetlə bağlı problemləri həll etməliyik. Şagirdlərin internetə giriş imkanı daha sərfəli və pulsuz olmalıdır. Ancaq nəzərə almalıyıq ki, Azərbaycanda 1 milyon 600 minə qədər şagird var. Bu qədər məktəbli üçün internetin pulsuz edilməsi inandırıcı və eyni zamanda imkanlar daxilində olan məsələ deyil. Ancaq onlar üçün ən azı 50 faiz güzəşt olması çox yaxşı olardı. Biz bu təkliflərlə İctimai Şura olaraq çıxış etmişik və təklifi Təhsil Nazirliyinə ünvanlamışıq. Ümid edirik ki, bu məsələni nazirlik aidiyyəti qurumlar qarşısında, xüsusilə hökumət qarşısında qaldıracaq və ümid edirəm ki, məsələ ilə bağlı hansısa irəliləyişə nail olacağıq. Reallıq isə bundan ibarətdir ki, hazırkı qəbul olunan qərar məqbul qərardır və bizim başqa bir yolumuz yoxdur”.

İ.Orucovun sözlərinə görə, əgər bu cür davam edəcəksə və ən azından hibrid formada təhsilə keçə bilməyəcəklərsə, təhsil alanlara və müəllimlərə bu cür güzəştlərin edilməsinə ciddi yanaşılmalıdır: “Biz ilk növbədə insanların sağlamlığını qorumalıyıq. Proses və qərar müvəqqəti xarakter daşıyır. Ancaq hadisələr bu cür davam edəcəyi halda ənənəvi təhsilə qayıda bilməyəcəyik. Ona görə də internet məsələsinin həll edilməsi çox ciddidir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu vaxta qədər ciddi düşünməli idi. Ən azından bundan sonra düşünməlidir. Bu məsələdə hökümət mövqeyini ortaya qoymalı və məsələ ilə bağlı qərar qəbul olunmalıdır. Orta məktəblərdə distant təhsildə xeyli ciddi problemlər mövcuddur və keyfiyyət ali məktəblərdə olduğu qədər deyil. Xüsusilə, regionlarda bu sahədə çox ciddi problem var. Dövlət başçısı İlham Əliyev hər zaman Azərbaycan vətəndaşını düşünərək qərarlar qəbul edir. Prezidentin siyasətinin təməlində Azərbaycan insanı, onun rifahı, sağlamlığı, təhsilli olması dayanır. Bu prizmadan çıxış edərək ümid edirik ki, qaldırdığımız məsələnin həll olunması ilə bağlı dövlət təhsil ictimaiyyətinə dəstəyini ortaya qoyacaqdır. Biz problemin üstünə getmədikcə məsələ də həllini tapmayacaq. Distant təhsillə bağlı reallıq, vəziyyətin yaxşı olmamasıdır”.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz hesab edir ki, hazırda təhsilin təşkili ilə bağlı bir çox narahatedici məqamlar var və buna görə də xeyli insan təhsildən kənarda qalıb: “Bu, internetin və texniki-texnoloji imkanların olmaması ilə bağlıdır. Hesab edirəm ki, Təhsil Nazirliyi bununla bağlı hökumət qarşısında məsələ qaldırmalı və həyəcan təbili çalınmalıdır. Nazirlik şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamalıdır. Kimin internetinin, planşetinin olub-olmaması müəyyən edilməlidir. Nazirlik bu məlumatı hökumətə verməli, ictimaiyyətə açıqlamalıdır. Narahatedici məqam sadaladığım informasiyaların gizli saxlanmasıdır. İnformasiya əldə edilməsi haqqında qanuna görə bu, ictimai əhəmiyyət kəs edən informasiyadır və açıqlanmalıdır. Bundan sonra ictimaiyyət vəziyyətin hansı yerdə olduğunu görəcək.

O.Gündüz vurğulayıb ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil operatorlar və provayderlər bir yerdə məsələni müzakirə etməlidir: Məktəbdəki kompüterlərlə şagirdlər təmin edilə, güzəştli internet paketləri verilə, hökumət büdcədən bununla bağlı əlavə vəsait ayıra bilər. Elə ölkələr var ki, bu problemi həll etmək üçün 100 milyon dollar vəsait ayırıb. Məsələn, Qazaxıstan hökuməti bu il distant təhsilin təşkili məqsədilə büdcədən 150 milyon dollar vəsait ayırıb. Düşünürəm ki, Nazirlər Kabineti distant təhsilin təşkili üçün Təhsil Nazirliyinə köməklik göstərməli, əlavə resurslar ayırmalıdır. Bununla əlaqəli metodiki resurslar hazırlanıb müəllimlərə verilməlidir. Nazirlik özü də kompüter və internet üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, provayderlərə və mobil oparatorlara, İT şirkətlərə müraciət etməlidir”.