Direktor müavini hakim qarşısında: “Pulları anamın əməliyyatına görə almışam”

    12

    Rüşvət verməkdə ittiham edilən direktor müavinin məhkəməsi davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    Əjdərzadə elan olunmuş ittihamla özünü təqsirli bilib. O, müəllimə yoldaşlarından pul aldığını təsdiqləyib.

    "Anam xəstə olduğu üçün pula ehtiyacım var idi. Anamı əməliyyat etdirdim. Pulu da iş yoldaşlarımdan borc almışdım. Sonra da qaytardım"- deyən Əjdərzadə zərərçəkmişlərdən pulu işə düzəltmək adı ilə almadığını bildirib.

    Hakim bildirib ki, Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

    Növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.

    S.Əjdərzadə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham edilir.

    Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış Əjdərzadə hazırda ev dustaqlığındadır.

    Daha əvvəl dələduzluqda təqsirli bilinərək məsuliyyətə cəlb edilən Əjdərzadə barəsində Binəqədi Rayon Məhkəməsi şərti hökm çıxarmışdı./musavat.com/