Diplomatik texnologiyalar

72

“Skuns kimi pis iy verməyin çox üsulları var”

(Hindu ata sözü)

Uzun sürən uğurlu xarici siyasətdən sonra diplomatlarımızın diplomat dolu dövlət pullarını çırpışdırması üzə çıxdıqca uca millətimizin matı-qutu quruyur, əli üzündə qalır. Bəs bu qədər məmurun, dövlət qulluqçusunun içində safı, təmizi, əli-ayağı düzgün olanı yox imiş? Hərçənd, yuxarıda yazdığım kimi, burada vəzifəyə yeganə uyğunluq elə pulu diplomatda daşımaqdan ibarət olubdur. Çamadanla, kisədə daşısalar, diplomatik etiket pozulardı (Bu məqamda hardansa yadıma “atvyorka” ilə açılan diplomat düşür).

Yəqin kisədə, xaralda daşımaq aqrar sektorun şeflərində üzə çıxacaqdır. Müəllimlər qlobusla, məktəbli çantasıyla əliəyrilik edəcək. Əlim qurusun, bir gün hərbçilərimizin pulu tankla daşıdığı tapılacaq. Əbülfəz müəllim demişkən, hər şeyin zamana ehtiyacı var. Tələsməyək. Tələsən təndirə düşər. Mən keçən yazılarımdan birində “çayın qırağında uzun müddət gözləsən, düşmənin meyidi üzə-üzə keçər” söhbətini havayıdan yazmamışdım. Bir şey bilirik yazırıq. Ümumiyyətlə məndə öncəgörənlik qabiliyyəti yaranıb, fikrim var falabaxma üzrə kiçik müəssisə açım. Deyirlər burada yaxşı pul var, məmurlar falçıya xərcləməyə xəsislik etmir. Hərçənd, hələ heç biri öz gələcəyini dəqiq görməyibdir. Bir ingilis yumorunda deyilən kimi: “Çox bəzəkli karyeraların axırı türmə paltarında qurtarır”.

Bu arada Eldar müəllimdən (bu aktual Eldar müəllim yox, ayrısıdır) xahiş edirik Metro Tağının 3 milyon dollarını qaytarsın. Elə düşünməsin tuthatut, korrupsionerlərin kütləvi yolunması bunu bizə unutdurub. Tarixi unutmaq olmaz. Tarix maşında (məsələn, taksidə) güzgü kimidir, onda arxaya baxıb irəli gedirik.

Bayaq təhsildən söz açdıq (oxucu haqlı olaraq düşünə bilər ki, harda), hazırda Təhsil Nazirliyi növbəti dərs ilini necə başlamaq üzərində baş sındırır. Nazir xalqa müraciət eləyib, deyir təkliflərinizi yazın. Hətta bizdə Təhsil İnstitutu adında elmi idarə varmış, onlar yazıblar ki, məktəbləri sarı və narıncı zolaqlara bölməliyik, bəzi uşaqlar evdə, bəziləri məktəbdə oxumalıdır və sairə. Narıncı sözü xoşuma gəlmədi, bəlkə bunlar məktəbdə narıncı inqilab eləmək istəyir? Eyni zamanda, məktəb məsələmizi dahi klassik hələ 100 il qabaq “Danabaş kəndinin məktəbi” əsərində yazıb qoyubdur: “Bax, Qasım kişi, Kabla Qulamalı, Kabla Heydər və qeyriniz, hamınız eşidin və bilin ki, bu danışıqların heç biri m?nim qulağıma girmir; çünki mən yüzbaşıyam; mənimki şallaqdı. Gələn şənbə yox, o biri şənbə günü inşallah uşaqları göndərərsiniz uşqola, vəssəlam; yoxsa özgə danışıqnan mənim işim yoxdu”. İndi də şallaq dura-dura başqa yüksək texnologiya nəyimizə lazımdır? Nə təklifbazlıqdır?

Bir də bizim neftin bərəkəti yoxdur sanki. Çörəyimizi yeyən bizə şıllaq atır. A kişi, xaricə səfir göndəririk, gedib ayrı dövlətlərə səfirlik eləyirmişlər. Dəli şeytan deyir burada milli təhlükəsizliyə baxanlarımızın öz vəzifələriylə məşğulat eləmək yerinə vətəndə dükançı, karvanbaşı tutub soymağının rolu olubdur. Əsas vəzifəyə vaxt qalmırmış. Sözgəlişi, onlar da milli təyyarələrdə xeyli pul daşıdılar, haram xoşları olsun.

Ancaq diplomatiya idarəmizin uğursuzluğunun Qarabağ məsələsinə ziyanı olacaqdır. Çünki Elmar müəllim vaxtaşırı substantiv danışıqlardan, prosesdə irəliyə addımlardan bəhs eləyərdi. Bəs indi respublikamızın şöhrətini Şüvəlan bağından xaricdə kim yayacaqdır? Yeganə ümidimiz AMEA Yüksək Texnologiyalar Parkının şefi Əli Abbasova idi, onu da dünən çıxartdılar. Vay-vay. Azərbaycanın Silikon vadisini məcburuq təzədən qazaq. O kinoda necə deyirdi? “Beş metr… Yox, yox, on metr”. Ümumiyyətlə, Yüksək Texnologiyalar Parkımızın (YTP) bəxti heç gətirmir. Son 1 ildə AMEA şefi hörmətli Ramiz müəllim orada düz 3 başçı dəyişibdir. Əvvəl eks-deputat Elton müəllimi qoydu, həmin dövrdə YTP “Taksi şoferləri ilə nəqliyyat müfəttişləri arasında süpürləşmənin matrisi” temasında kəşflərə başlamışdılar ki, hardansa eks rabitə naziri Əli müəllim çıxdı, “Telefon dəstəyinin şnurunu dolaşmaqdan xilas etmə üsulları” adlı mövzu başladı. Hətta arada koronadan ölənlərin koordinat oxu üzərində qrafikini çəkdi, ÜST-dən “Qızıl asqıraq” medalı aldı. Lakin Əli müəllimi də YTP rəhbərliyindən uzaqlaşdırdıq, düzü bilmirəm hələ təzə YTP şefi Vaqif müəllim hansı kəşfə imza atıbdır.

Qaldı taksi məsələsi…

P.S.  – Skuns Amerikada yaşayan, iyrənc qoxu verən, porsuğabənzər heyvandır.