Dini təhsilin cəmiyyətin inkişafında rolu

93

Hər bir insanın əsas hüquqlarından olan təhsil almaq hüququ fərdlərin harmonik inkişafına zəmanət verir, ona sosial, siyasi, mənəvi və mədəni münasibətlərdə aktiv iştirakçı olmağa kömək edir. İnsan şəxsiyyətini formalaşmasında böyük rol oynayan təhsil hər bir dövlətin siyasətində mühüm yer tutur. Bu səbəbdən də fərdin cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşması üçün onun yaxşı təhsilə yiyələnməsi başlıca şərtlərdəndir. Azərbaycan dövləti təhsilin xüsusi əhəmiyyətini nəzərə alaraq, ölkənin intellektual, mədəni və iqtisadi potensialının inkişafı üçün öz siyasətində təhsili prioritet sahə kimi müəyyənləşdirmişdir. Ölkə Konstitusiyasının 42-ci maddəsinə əsasən, “hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir”. Konstitusiyanın qeyd olunan maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar təhsil sahəsində qəbul edilən beynəlxalq standartlara tam cavab verir.

Din dövlətdən ayrı olduqca, dünyəviliik də inkişaf edir

Din bir sıra sosial funksiyaları yerinə yetirdiyi üçün müasir dünyanın ayrılmaz hissəsidir. Axı iman bu gün təkcə dünyaya açılan pəncərələrdən biri deyil, həmçinin din ilə təhsilin, fəlsəfənin və elmin sintezidir. Din sivilizasiyaları əlaqələndirərək insanları yalnız əxlaq qaydaları ilə deyil, həm də ənənə və mənəvi dəyərlərlə birləşdirir. Fəlsəfi, elmi və tarixi fikirdən fərqli olaraq, dini fikirlər hər kəs üçün eynidir. Hər bir xalqın həyatı mənəvi dəyərlərə əsaslanır, din isə hər bir dövlətin inkişafı və şəxsin dünyagörüşünün inkişafında mühüm rol oynayır, insanlarda sosio-mənəvi dəyərləri inkişaf etdirir. Hazırda gənclərin mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsi həlledici əhəmiyyətə malikdir. Çünki dini təhsil insanın müəyyən dəyərlər sistemini, davranış fəaliyyətinin normalarını, ailədə, gündəlik həyatda, cəmiyyətdəki insanlar arasındakı əlaqəni müəyyənləşdirir. Dini təhsil, özündə təlim və tərbiyə komponentlərini ehtiva edir. Dini təhsil vasitəsilə dinlər öz tərəfdarlarını artırır, dindarlar əxlaqi cəhətdən kamilləşir, onlara dinin xüsusiyyətləri və dəyərləri aşılanır. Beləliklə, dini təhsil və dini maarifləndirmə insan həyatının vacib elementini təşkil edir. Müasir dövrdə bir çox ölkənin təhsil müəssisələrində dinin tədris olunub-olunmaması təhsil prosesinin məqsədləri və vəzifələri ciddi müzakirə olunur. Tələbələr təhsil standartlarına uyğun olaraq müəyyən biliklərə yiyələnsələr də, din haqqındakı bilikləri, daha doğrusu, dini dərk etmə dərəcəsi bir o qədər də yetərli olmur. Çünki gəncin tərbiyəsi ailədən formalaşmağa başlayır. Digər tərəfdən, yüksək səviyyədə dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Ailədə başlayan, məktəb və ali təhsil müəssisəsində, həmçinin yaşadığı mühitdə formalaşmağa davam edən hər bir gənc tərbiyəsinin tamamlanması üçün dini-mənəvi dünyagörüşünə sahib olması vacibdir. Bütün dinlərdə təhsilə, biliyə və elmə yiyələnməyin əhəmiyyəti olduqca yüksək qiymətləndirilir. Bəşəriyyət üçün rəhbər göstəriş olan Tanrı kəlamının yer aldığı üç səmavi kitabda bu məsələlər öz əksini tapmışdır. İslamda bu qaydalar Qurani-Kərimdə və sünnədə təsbit edilmişdir.

Gəncliyin formalaşmasında dini maarifçilik

İnsan yaradılışından başlayaraq imana sığınmaqla, Yaradanı axtarmaqla məşğul olmuş, Onu dərk etməyə çalışmışdır. İslam dini öyrənməyi və öyrətməyi (təlim-tədrisi) ibadətdən üstün sayarkən əsas diqqətin təhsilə də yönəldilməsini istəyir, alimin qələmindən axan mürəkkəbin şəhid qanına bərabər tutur, elm, təhsil alarkən ölən bir kimsə ilə peyğəmbərlər arasında Allah qatında sadəcə bir dərəcə fərq olduğunu bildirir. İslam dini təhsildə yaş həddi qoymur, bu mənada “beşikdən qəbirədək” kəlamı doqma kimi qəbul edilir. Elm və təhsildə cins, zaman və məkan kimi məfhumlar önəm daşımır. Elmlər arasında fərq qoyulmur, təkcə dini elmlər deyil, həm də dünyəvi elmlərin öyrənilməsi vurğulanır. Qurani-Kərim və hədislərdə xeyirli, yaşayışa əlverişli, ağlın qəbul etdiyi bir iş üçün “məruf” (haqq bilinən), pis və yaşayışa əlverişsiz, doğru düşünənlərin yaxşı görmədiyi bir iş üçün isə “münkər” (tövsiyə edilməyən) kəlmələri işlənilir. Başqa sözlə, hər kəs üçün doğru bilinən şey əmr, pis bilinən isə qadağa forması alır. Bu əmr və qadağalar işinin təlim-təhsil fəaliyyəti olduğunu düşünsək, bu iki təməl prinsipin insanın əxlaq tərbiyəsinin əsasını təşkil etdiyini görürük. Gənclərin milli-mənəvi dünyagörüşünün formalaşmasında, eləcə də onların ailədə və cəmiyyətdə əxlaqlı insan kimi yetişməsində dinin özünəməxsus rolu vardır. Dinin düzgün tədrisi və təbliği, kütləvi dini maarifləndirmə işinin aparılması ilə gənclərimizi müxtəlif zərərli vərdişlərdən qorumaq mümkündür. Dini biliklərin mənimsənilməsi müxtəlif fikirli insanlarla sağlam dialoq qurmağa yardım edir. Nəticədə, bu, vətəndaş həmrəyliyini və fərdlərarası münasibətlərin harmoniyasını təmin edir, müxtəlif konfessional cərəyanlar, eləcə də dini və qeyri-dini dünyabaxışları arasında tolerantlığın yaranmasına şərait yaradır. Dünya alimlərinin bir sıra elmi və kütləvi nəşrlərdə qaldırdığı “dini”, “dini-idraki” və ya “dini-fəlsəfi” təhsil məsələsi ilə bağlı hələ də dəqiq tərif yoxdur. Bu sahədə problemlər təkcə dini təhsilin yeni formalaşma mərhələsini yaşayan Azərbaycanda deyil, həmçinin bir sıra dünya dövlətlərində də mövcuddur. XX əsrdə iki dünya müharibəsi təcrübəsi keçmiş ölkələr artıq bu problemin öhdəsindən nisbətən uğurla gələ bilmişlər. Bu sahədə əsas qanun islahatları 1910-1930 və 1962-ci illərdə Amerikada, 1968-ci ildə Belçikada, 1949-cu ildə Almaniyada, 1924, 1933 və 1949-1982-ci illərdə Türkiyədə həyata keçirilmişdir.

Din ilə təhsil arasında qarşılıqlı əlaqələrə həsr olunmuş çoxsaylı tədqiqatlar mövcuddur ki, bunları da üç əsas hissəyə bölmək olar. Birinci hissədə dini təhsilin konfessional ənənəyə giriş kimi şərh edən “ilahiyyat” istiqaməti üzrə araşdırma aparan müəlliflərin təqdim etdiyi fikirlərdir; ikinci blokdan olan tədqiqatçılar dini təhsilə müsbət yanaşır və onu məktəblərdə tədris etməyin vacibliyinə diqqət çəkir; üçüncü blok Qərb tədqiqatçıları tərəfindən təqdim olunur ki, onlar üçün dini təhsil “din haqqında elm” mənasını daşıyır.

 

Din bir mədəniyyətdir

Din mədəniyyətinin öyrənilməsi bəşəriyyət üçün layiqli cəmiyyət və ətraf üçün təhlükəsiz şəxsiyyətin qazanılması deməkdir. Bu işi isə valideynlər, yaxın insanlar, məktəblərdə və universitetlərdə din dərslərini tədris edən müəllimlər, məscidlərdə çalışan ruhanilər yerinə yetirə bilər. Din və təhsil bir-biri ilə yaxın əlaqədə olmaqla insanın dünyagörüşünə, onun elminə müsbət təsir edir. Dini biliklər, dini maariflənmə gənclərin mənəvi təhlükəsizliyini formalaşdırır və onu gücləndirir, dözümsüzlük, fanatizm, ksenofobiya və ekstremizm kimi məfhumlara qarşı mübarizlik yaradır, məzhəbçiliyi və dini radikallığı aradan qaldırır. Ailədə, məktəbdə aşılanan mənəvi dəyərlər, digər dinlərə qarşı tolerantlıq gənclərin gələcəkdə açıqfikirli, demokratik, və vətənpərvərlik ruhunda yetişməsinə yardım edir. Demokratik cəmiyyətdə dini tolerantlığın mövcudluğu sayəsində dini azadlıq təmin edilir, insan hüquqları qorunur. Dini dözümlülük gənclərdə demokratik, hüquqi və siyasi mədəniyyətin inkişaf etdirilməsinin vacib şərtidir. Dinin funksiyalarından biri də insanların davranışının tənzimlənməsi, cəmiyyətdə düzgün fəaliyyət göstərmələrini təmin etməkdir. Bu baxımdan din birbaşa, elm isə dolayı yolla dəyərlərlə, əxlaqla bağlıdır.

Dinşünaslığın bir elm sahəsi kimi qarşıya qoyduğu məqsəd təkcə müəyyən dini etiqadların və institutların təriflərinin verilməsindən ibarət deyil, həm də dünyada mövcud olan dinləri tərəfsiz araşdırmaqdır. Bu məqsədə aparan yol, bir qayda olaraq, dinin tarixini, fenomenologiyasını müqayisəli öyrənilməsini, həmçinin bir tərəfdən ilahiyyat və din fəlsəfəsi, digər tərəfdən din haqqında sosial elmlər sırasına daxil olan antropologiya, psixologiya və sosiologiyanı özündə ehtiva edir.

Dini təhsil cəmiyyətdə dünyəvi və konfessional tolerantlıq mühitinin yaradılmasına, vicdan azadlığının həyata keçirilməsinə zəmin yaradır. Dinin tədrisi ixtisaslaşmış təhsil ocaqlarının vəzifəsi olduğu qədər, ailədə ata-ananın da vəzifəsidir. Başqa sözlə, dini dəyərlərin aşılanması vaxtında və uşağın inkişaf dövründə icra olunacaq planlı fəaliyyət olduğu qədər, doğum öncəsi tədbirlərlə başlayıb ömür boyu həssaslıqla davam etdirilən işdir. Cəmiyyətin gələcəkdə dini təfəkkürünün necə formalaşması, ictimai şüurda sosial faydalı və mənəvi dəyərlərin inkişafı dini təhsilin ölkədəki vəziyyətindən asılıdır. Sistemli dini təhsilin təşkil olunması birtərəfli yanaşmaya əsaslanan hər hansı dini konfessiyanın radikal antisosial meyillərinin yayılmasının qarşısını alacaqdır.

Peşəkar mütəxəssislər dini tədris etməlidirlər

Azərbaycan İlahiyyat İnstitutunda (Dinşünaslıq və İslamşünaslıq ixtisasları), Bakı İslam Universitetində (Dinşünaslıq ixtisası) və Naxçıvan Universitetində (Dinşünaslıq ixtisası) yüksək ixtisaslı, ali dini təhsilli kadrlar hazırlanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildə Bakı şəhərində və bölgələrdə dini orta ixtisas tədris müəssisələri kimi 10 kollec yaradılmış, həmin kolleclər dövlət qeydiyyatına alınmışdır. Hazırda orta ümumtəhsil məktəblərində din dərsləri ayrıca fənn olaraq tədris olunmur. Ayrı-ayrı dərsliklərdə dinlə bağlı tanışlıq məqsədilə verilən bilgilər uşaqların dini maariflənməsi üçün yetərli deyildir. Digər tərəfdən isə bu dərslər dini bilikləri yetərincə olmayan başqa ixtisas müəllimlərinə həvalə edildiyindən orta məktəblərdə dini bilgilər uşaqlara doğru-düzgün aşılana bilməz. Din dərslərinin dövlətin nəzarətindən kənarda verilməsi dindən siyasi məqsədlər üçün istifadə hallarına da gətirib çıxara bilər. Hazırda uşaqlar və gənclər arasında dinin tədrisi nizamsız, bəzən də gizli şəkildə aparmaq cəhdlərinə rast gəlinir və qarşısı qətiyyətlə alınır. Dövlətin ciddi nəzarəti və qayğısı altında uşaqların və gənclərin məktəblərdə dini bilgilərin daha çox və daha peşəkar şəkildə verilməsi bu boşluqları aradan qaldıra bilər. “Dini etiqad azadlığı haqqında” Qanunun 6-cı maddəsinin 2-ci bəndində deyilir. Qanuna əsasən: “Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramlarına daxil edilə bilər”. Bu müddəaya uyğun olaraq dərsliklərə salınacaq mövzular hər cür məzhəbçi və təriqətçi fikirlərdən uzaq olmalı, bu dərslərin tədrisi dövlət qurumlarının və ictimaiyyətin nəzarətindən kənarda qalmamalıdır. Dərslərin tədrisi müvafiq yoxlama və müsabiqədən keçmiş BİU-nun və BDU-nun İlahiyyat fakültəsinin (indiki Azərbaycan İlahiyyat İnstitutu) məzunlarına həvalə edilə bilər. Bu dərsləri tədris edəcək müəllimlərin şəxsi keyfiyyətləri də çox böyük önəm daşıyır. Çünki dini bilikləri tədris edən müəllim öz tələbəsinə və yaxud şagirdinə həm də əxlaq öyrədir.

“Hürriyyət”

*

Vətəndaş cəmiyyəti