“Dinc sakinləri bombaladıq” – ABŞ ETİRAF ETDİ

36

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) 27 aprel tarixində verdiyi bəyanatda ötən il – 2019-cu il 23 fevral tarixində – Somalidə həyata keçirdiyi hava hücumu zamanı dinc sakinlərin öldürdürüldüyünü etiraf edib. Somalinin cənubundakı Kunyo Barrov məntəqəsinin bombalanması zamanı 2 dinc vətəndaşın həlak olduğu, 3 nəfərinin də yaralandığı bildirilir. Bu hücum nəticəsində 2 nəfər Eş Şebab üzvünün də öldürüldüyü irəli sürülüb.

Yerli mənbələr ABŞ-ın hava hücumundan az sonra hücum nəticəsində dinc sakinlərin, o cümlədən bir körpə ilə atasının öldürüldüyünü bəyan etmişdilər.

ABŞ ordusu hücumdan sonrakı açıqlamasında heç bir dinc sakinin zərər çəkmədiyini iddia eləmişdi. 27 aprel tarixli açıqlama ilə ABŞ ordusu əvvəlki açıqlamasının həqiqət olmadığını da etiraf eləmiş oldu.

Rəsmi açıqlamalara görə, ABŞ-ın indiyə qədər Somalidə keçirdiyi hava hücumları zamanı ölən dinc sakinlərinin sayı cəmi 4 nəfərdir. Lakin əslində bu sayın daha çox olduğu və ABŞ-ın qətlə yetirdiyi dinc sakinlərin sayını gizləməyə çalışdığı bəyan edilir.

ABŞ-ın hücumları artmaqdadır

Donald Trampın prezident vəzifəsinə keçdiyi tarixdən ABŞ-ın Somaliyə hava hücumları artmaqdadır.

Beynəlxalq Amnistiya Təşkilatı son dörd il içərisində ABŞ-ın pilotlu və pilotsuz uçuş aparatlarının Solmalidə yüzlərlə hava hücumu həyata keçirdiyini bildirir.

ABŞ bu hücumlarda heç bir dinc sakinin ölmədiyini iddia eləsə də, müstəqil insan hüquqları təşkilatları və yerli mənbələr hücumlar nəticəsində çox sayda dinc vətəndaşın həlak olduğunu bildirirlər.

Təkcə 2020-ci il başlanandan bəri ABŞ Somaliyə 40 dəfədən artıq hava hücumu edib. ABŞ-ın regiondakı bir çox hücumlarında Eş Şebab bəhanəsi ilə dinc sakinləri öldürdüyünü və özünün dinc sakinlərin qatili olduğunu inkar elədiyi bildirilir.

Hurriyyet.org