DİN-dən “Hürriyyət”in yazısına REAKSİYA – Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupu deyilənləri təkzib edir…

171

Hurriyyet.org saytında dərc olunan “LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rayonun bütün vəzifəli şəxsləri bu işi ört-basdır etməyə çalışdı” sərlövhəli yazı ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan redaksiyamıza təkzib məktubu göndərilib. KİV haqqında qanunun tələblərini nəzərə alıb, həmin məktubu olduğu kimi dərc edirik:

“Yazıda da qeyd olunduğu kimi, haqqında danışılan azyaşlı D.Əliyevanın atası Lənkəran rayonlararası narkoloji xəstəxanasında 12 ildir ki, narkotik aludəçisi kimi qeydiyyatdadır. Ailə isə Lənkəran Şəhər Rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınıb. Valideynlər arasında münasibətin normal olmaması səbəbindən övladları D.Əliyevaya düzgün diqqət və qayğı göstərilməyib və azyaşlının təhsildən yayındığı, dəfələrlə evdən qaçdığı müəyyən edilib. Eyni zamanda qızın anası V.Əliyeva dəfələrlə qızı D.Əliyevanın evdən qaçması, intihara cəhdlər etməsi ilə bağlı polisə müraciət edib.

Qeyd olunan hallarla bağlı ŞRPŞ-də araşdırma aparılıb və D.Əliyeva barəsində Lənkəran ŞRPŞ-nin İctimai təhlükəsizlik bölməsinin inspektoru Orxan Şahmarov tərəfindən profilaktiki iş açılaraq qeydiyyata götürülüb.

Bundan sonra D.Əliyeva və onun ailə üzvləri ilə müvafiq təlimatlara uyğun profilaktiki tədbirlər görülüb. Polis əməkdaşı xidməti zərurət və humanizm prinsipləri əsasında D.Əliyevanın intihardan çəkindirilməsi, təhsilə yönəldilməsi, zərərli vərdişlərdən yayındırılması istiqamətində davamlı söhbətlər aparıb. Lakin bütün bunlara rəğmən azyaşlı qız anasının təkidi ilə polis əməkdaşına qarşı əsassız tələblər və iddialar irəli sürdüyündən profilaktiki işin aparılması digər əməkdaşa həvalə edilib. Bundan hiddətlənən ana onlarla aparılan profilaktiki işin O.Şahmarova qaytarılmayacağı təqdirdə sosial şəbəkələrdə şantaj xarakterli paylaşımlar və şikayətlər edəcəyini bildirib.

D.Əliyevanın anasının Lənkəran ŞRPŞ-nin əməkdaşı O. Şahmarovla bağlı etdiyi müraciət Lənkəran Rayon Prokurorluğunda obyektiv və hərtərəfli araşdırılmış və fakt təsdiqini tapmamışdır. Əlavə olaraq bildiririk ki, azyaşlının anası son 2 ildə ayrı-ayrı şəxslərlə bağlı Lənkəran ŞRPŞ-yə müraciət edərək onların azyaşlı qızı D.Əliyevanı qaçırıb onu zorladığını, təbii yolla cinsi əlaqədə olduğunu bildirib. Lakin V.Əliyeva özü sonradan israrla və təkidlə araşdırmaların dayandırılmasını tələb edib. Eyni zamanda kompleks məhkəmə tibbi ekspertizasının verdiyi rəydə qızın bakirəliyinin tamlığının pozulmadığı müəyyən edilib. Aparılan araşdırmalarla həmin faktlar təsdiqini tapmamışdır.

İstintaq zamanı yetkinlik yaşına çatmayan D.Əliyeva bir-birindən fərqli, ziddiyətli ifadələr verib və ifadələri arasındakı ziddiyəti anasının ona təsir göstərməsi ilə əlaqələndirib. Azyaşlı haqqında Məhkəmə-psixiatrik-psixoloji ekspertizanın rəyində D.Əliyevada yalan danışmağa, hadisələr barədə bilə-bilə təhrif etməklə ifadə verməyə meyllilik olduğu bildirilir.

Bundan başqa D.Əliyeva 26.06.2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək anasının onu Lerik rayonundakı restoranlardan birində müxtəlif şəxslərlə (kişilərlə) görüşərək münasibətdə olmağa məcbur etdiyini bildirib. Lakin anasının təziqlərindən sonra D.Əliyeva verdiyi məlumatla bağlı ərizə və izahatında belə bir halın baş vermədiyini göstərib və anasından heç bir şikayətininin olmadığını bildirib. Eyni zamanda istintaq zamanı D.Əliyevanın anasının onu başqa şəxslərə qızı kimi deyil, 20 yaşlı qohumu kimi təqdim etdiyi göstərilib. Bu barədə səsyazıları da cinayət işinə əlavə olunub.

Qonşuları və tanışları arasında mənfi xarakterizə olunan V.Əliyeva 17.04.2020-ci il tarixdə Lənkəran ŞRPŞ-yə müraciət edərək qızı D.Əliyevadan imtina etmək istədiyini bildirib. Daxil olmuş müraciətlərlə bağlı toplanmış material baxılıb, müvafiq qərar qəbul edilməsindən ötrü Lənkəran Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işi və onların hüquqlarının müdafiəsi komissiyasına göndərilmişdir.Lakin sonradan V.Əliyeva komissiyada fikrini dəyişdiyini və qızından imtina etmədiyini bildirib.

Yazıda D.Əliyevanın anasının guya Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Bununla bağlı bildiririk ki, D. Əliyevanın anası ondan ŞRPŞ-yə şikayət edən bir nəfər Lənkəran sakini olan qadını mart ayının 7-də şöbənin inzibati binasında nalayiq söyüşlərlə təhqir edərək döyüb. Həmin qadına qarşı tətbiq etdiyi şiddətin qarşısı polis əməkdaşlarının aktiv müdaxiləsindən sonra alınıb. Bununla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılıb və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) və 157-ci(döymə) maddələri ilə Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub.

Sonda bir məsələni xatırlatmağı özümüzə borc bilirik ki, dəqiqləşdirilməmiş, bir tərəfin dilindən səsləndirilən böhtan xarakterli sözləri fakt kimi təqdim etmək bir mətbuat orqanı üçün peşəkarlıqdan uzaqdır. Üstəlik Lənkəran rayonunun hüquq-mühafizə və icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanların ayrı-ayrı vəzifəli şəxslərinin işgüzar nüfuzuna xələl gətirən, qərəzli yazılar yerləşdirildikləri saytlardan qısa müddət ərzində götürülməli və rəsmi təkzib dərc olunmaqla üzr istənilməlidir. Əks halda qanunvericiliyə uyğun addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”.

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir.