“DİM-in siyahısında olmayan mövzular imtahanlara salınıb” – Təhsil ekspertindən AÇIQLAMA

99

Xəbər verdiyimiz kimi 10, 11 iyun tarixində Bakı və digər bölgələrdə abituriyentlərin buraxılış imtahanı keçirildi. İmtahan verən abituriyentlər riyaziyyat fənni başda olmaqla sualların çətin olmasından şikayətçidirlər. Onlar sosial şəbəkələrdə çıxarılmış mövzuların yenidən imtahana salındığını iddia ediblər.
Məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmovla əlaqə saxladıq.
O, açıqlamasında sualların həqiqətən də çətin olduğunu qeyd etdi:
“Bəli, mən də bu barədə sosial şəbəkələrdə gördüm. Hətta bu barədə də sosial şəbəkədə yazdım. Riyaziyyat müəllimi olan tanışlarım var onlar da bu barədə qeyd etdilər ki, bu buraxılış imtahanı atestat almaq üçün ümumi bir imtahandır. Ancaq ingilis dili, Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verən abituriyentlər 1-ci, 2-ci qrup səviyyəsində olan suallarla qarşılaşıblar. Ümumi bir sual olmayıb. Ona görə də abitutiyentlər narahatdırlar. Bir neçə sual sosial şəbəkələrdə də yayılmışdı. Eyni zamanda repetitorlar şagirdləri hazırlaşdırarakən DİM-in jurnallarında olan mövzulara əsasən dərsləri keçirlər. Lakin bu dəfə elə bir vəziyyət olub ki, həmin mövzular DİM-in siyahısında yoxdur, imtahanda sürpriz olaraq abituriyentlərin qarşısına çıxıb. Eyni zamanda müəllimlər də demişdi ki, həmin mövzular imtahana düşməyəcək. Şagirdlər buna görə narazılıq ediblər. Şagirdlər arasında bir digər narazılıq ondan ibarətdir ki, bir regionda asan suallar salınıb digərlərində çətin. Yəni, deyək ki, suallar Şəkidə asan, Bakıda çətin olub və ya əksinə”.
Ekspert eyni zamanda DİM-in bu vəziyyəti nəzərə almasını bildirdi:
“İmtahanların yenidən təşkil olunması artıq mənə elə gəlir ki, keçdi. Sadəcə DİM bunu nəzərə almalıdır ki, bu ümumi bir imtahandır. Buraxılış imtahanı deyiriksə, bu ali məktəblərə gedəcək olan şagirdlərin 300 balını təşkil edir. Amma bu 300 bal ilə təhsil həyatını yekunlaşdıracaq olanlar da var. Lakin bu imtahanların belə çətin olması bir sual yaradır ki, onlar necə məzun olacaqlar? Yəni çox zəif yazıblarsa məzun olma məsələsi çətin olacaq”./yeniavaz.com/