Diasporumuzun yeni düşüncə dalğası

552

II Qarabağ Müharibəsi ərəfəsində və sonrakı dönəmdə Azərbaycan diaspor milli təşkilatları da sanki bu müharibənin bir parçası oldular. Ermənistanın 30 ildir apardığı işğalçılıq siyasətinə qarşı aksiyalar daha da gücləndirildi. Azərbaycan Ordusunun “militarist” siyasət deyil, işğalçılıq və qəsbkarlıq siyasətinin qaşısının alınması üçün mübarizə aprdığını dünya birliyinə sübut etməyə çalışdılar. Nəticədə bütün bunların bir həqiqət olduğuna artıq düna birliyi inanmağa başladı. Bu ərəfədə güclü “erməni  lobbisi” deyilən mif puç olduğu, ermənilərin II Qarabağ Müharibəsinə qarşı hər hansı bir etiraz aksiyası belə keçirilmədi. Bəzi dövlətlərin parlamentlərinin heç bir hüquqi əsası olmayan qərarları, saxtakarcasına “xristian həmrəyliyi” təşəbbüsləri və başqa yönlərdə atdıqları addımlar heç bir fayda vermədi. Azərbaycan diaspor təşkilatları həm də ilk dəfə olaraq açıq şəkildə Türkiyəyə məxsus diaspor təşkilatları ilə birlikdə bu aksiyaları həyata keçirdi. Digər türk toplumlarına məxsus təşkilatlar da bu prosesə qoşuldular.

Amsterdamdan Parisə etiraz yağmurları

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və bu ölkədə yaşayan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Fransa Senatında və Belçika parlamentində qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması istiqamətində qəbul edilmiş qətnamələrə etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!” “Fransa, erməni terrorunu dəstəkləməyi dayandır!” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyasında “Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi”nin başqanı İlhan Aşkın, “Benilüks Azərbaycanlıları Konqresi”nin sədri Elsevər Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva, BAK-ın əlaqələndiricisi Lamiyə Babayeva çıxış edərək Fransa və Belçikanı haqlı mövqe sərgiləməyə, eləcə də terroru və separatçılığı dəstəkləməməyə çağırıblar. Sonda diaspor fəalı Şamil Mustafayev Azərbaycan diasporu tərəfindən hazırlanan etiraz məktubunun Fransa səfirliyinə təqdim ediləcəyini bildirib.

Kölndə möhşətəm tədbir

Almaniyada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Evi”nin, “Azərbaycan–Türk Kültür və Həmrəylik Dərnəyi”nin birgə təşkilatçılığı ilə Köln şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı “səssiz” mitinq keçirilib.

“Dom Kilsəsi”nin önündəki Roncalliplatz meydanında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan soydaşlarımız və Türkiyə diasporunun nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları 44 günlük müharibə zamanı Azərbaycanın döyüş meydanından kənarda yerləşən Gəncə, Tərtər, Bərdə, Ağcabğdi və digər şəhərlərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə raket atəşinə tutulmasına, 94 dinc sakinin öldürülməsinə və mülki obyektlərin dağıdılmasına diqqəti cəlb edib. Azərbaycan, Türkiyə, Almaniya və Avropa İttifaqının bayraqlarının dalğalandırıldığı mitinqdə dağıdılmış və yandırılmış evlərin şəkillərinin əks olunduğu plakatlar nümayiş etdirilib. “Azərbaycan Mədəniyyət Evi”nin sədri Altay Rüstəmli yerli mediaya açıqlamasında bildirib ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan cəbhədən uzaqda olan şəhərləri bombalamaqla və dinc sakinləri qətlə yetirməklə ağır hərbi cinayətlərə yol verib. Fransa parlamentinin Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın “müstəqil dövlət” olaraq tanınmasını tövsiyə edən qərarını pisləyən soydaşımız bu addımı həmsədr ölkənin tərəfsizliyinin kobudcasına pozulması kimi qiymətləndirib. O, proseslərin Fransanın ATƏT-in Minsk qrupundakı yerini itirməsinə gətirib çıxaracağını vurğulayıb.

Nyu-Yorkda şəhidlərimizin anım törəni

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Bruklində yerləşən Sultan Eyyub məscidinə toplaşan soydaşlarımız torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri Ercan Yerdələnli bildirib ki, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı xain hücumuna Azərbaycan Ordusu layiqli cavab verib. Ölkə vətəndaşlarının və ərazilərimizin təhlükəsizliyini qorumaq məqsədilə uğurlu əks-hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızın böyük hissəsini azad edib. Qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib və 10 noyabr tarixli bəyanatın imzalanması nəticəsində işğal altındakı digər ərazilərimiz Azərbaycana döyüşsüz təhvil verilib. E.Yerdələnli qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və onların xatirəsini daim uca tutacaq. Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

Helsinkidə II Qrabağ Şəhidləri anıldı

Finlandiyada fəaliyyət göstərən “Azəri-Türk Gənclər Təşkilatı”nın və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə Helsinki şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Bu tədbirdə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edən “Azər-Türk Gənclər Təşkilatı”nın rəhbəri, “Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası”nın Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan əsgərinin və zabitinin misilsiz qəhrəmanlığına şahid olub.

Vyanada Vətən müharibəsi şəhidləri anıldı

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Vyana şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyinin önündə baş tutan mərasimdə bu ölkədə fəaliyyət göstərən türk diaspor təşkilatlarının və iş adamlarının təmsilçiləri iştirak edib. Tədbir zamanı diplomatik nümayəndəliyin qarşısına əklili qoyulub, şamlar yandırılıb, Azərbaycan və Türkiyə bayraqlarının, “Şəhidlərimizi rəhmətlə anırıq” sözlərinin əks olunduğu plakat və “Xarı bülbül” çiçəyinin rəmzi təsviri nümayiş etdirilib. Mərasim iştirakçıları Dağlıq Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dərnək sədri Yardım Günəş çıxış edərək bildirib ki, Vətən müharibəsində böyük şucaətlə döyüşən, canları və qanları ilə torpaqlarımızı işğalçılardan azad edən qəhrəman şəhidlərimiz Azərbaycanın şanlı tarixində xüsusi yer tuturlar və onlar xalqımızın qəlbində əbədi yaşayacaqlar. Mərasim şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşıb.

ABŞ-da “Qarabağ Azərbaycandır!” lövhələri

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış lövhə quraşdırılıb. “Azərbaycan Diaspor Gənclərinin Yay Düşərgəsi”nin iştirakçısı Adika İqbalın bu təşəbbüsü əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəyə həsr edilib. Roli şəhərinin mərkəzi avtomobil magistralının kənarında yerləşdirilən lövhədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri də əks olunub. Lövhənin 1 ay müddətində nümayiş olunması nəzərdə tutulub.

Tarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub

ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlıların iştirakı ilə Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib. Yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillər çevrədəkilərin diqqətini cəlb edib. Yerli vətəndaşlar həmvətənlərimizi təbrik edib, onları alqışlayıblar. ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib.
Azərbaycan icmasının üzvü Elnur Ələkbərov və Esmira Əskərovanın təşkilatçılığı ilə baş tutan görüşdə həmvətənlərimiz vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda Azərbaycandan minlərlə kilometr uzaqda olmalarına baxmayaraq daima ürəklərinin Vətənlə döyündüyünü, “Vətən müharibəsi”nin hər dəqiqəsini ölkəmizdə olan soydaşlarımız qədər həyəcanla izlədiklərini dilə gətiriblər. Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli, vitse-prezidenti Zəminə Mirhadıyev da çıxışlarında ABŞ icmasının ötən müddət ərzində və bundan sonra da, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün birlik içində fəaliyyətlərini davam etdirəcəklərini deyiblər. İcma üzvləri ölkə başçısı İlham Əliyevə dəstəklərini ifa edib, ona tarixi qələbənin əldə edilməsində göstərdiyi əzm və iradəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Diasporumuzun çoxsaylı tədbirləri milli həmrəyliyimizdir

Qeyd edək ki, diasporumuzun və soydaşlarımızın son iki aydakı fəallığı həm də milli ruhumuzun özünədönüş prosesinə böyük bir dəstəkdir. Bu ruhun Azərbaycanımıza verilən dəyərlə bağlanması yeni inkişaf prosesi deməkdir. Bununla yanaşı digər türk toplumları ilə birlikdə bu aadımların atılması milli zəfərlərimizin təməl prinsiplərinə çevrilməsi artıq açıq-aydın şəkildə özünü biruzə verir. Bir neçə ölkəni çıxmaq şərti ilə heç bir dövlət 30 ildir Azərbaycanın Ermənistanın hərbi təcavüzkar siyasətinə qarşı çıxmadı. Azərbaycan xalqı və dövləti ilə həmrəyliyini nümayiş etdirmədi. Bizlər bir dövlət olaraq, BMT-nin və digər beynəlxalq birlik təşkilatlarının Ermənistanın işğalçı siyasətinə qarşı verdikləri qərarları həyata keçirdik. Beləliklə “ZƏFƏR QƏLƏBƏSİNİ” təmin etdik. Bu prosesdə təbii olaraq diaspor təşkilatlarımızın da böyük əməyi oldu.

“Hürriyyət”