Diasporumuzdan Milli Ordumuza humanitar yardım kampaniyası

78

Erməni diasporunun 30 ildir Ermənistana və qondarma “Dağlıq Qarabağ rejimi”nə humanitar yardım adı altında silah yardımı siyasətini yürütdüyü artıq dünya birliyinə də bəllidir. Erməni diaspor təşkilatları eyni zamanda geri döndüklərində separatçı rejimin laboratoriyalarından hazırlanmış narkotik maddələrin ixracı sahəsində geniş təcrübəyə malik idi. İnsanlıq əleyhində olan narkotika Avropa və Amerika qitəsinə daşınırdı. Ermənistana və qondarma “Dağlıq Qarabağ rejimi”nə olunan humanitar yardımların nədən ibarət olması da çox zaman gizli saxlanılırdı. Onlardan fərqli olaraq, Azərbaycan diaspor təşkilatları hər zaman şəffaflıq nümayiş etdirərək, hər zaman ölkəyə humanitar yardımları əyani şəkildə nümayiş etdirmişdir. II Qarabağ Savaşına biganə qalmayan diasporumuz ənənəsinə sadiq qalaraq, doğru addımları atdı. Çünki bu dəfə 30 ildir işğal altında qalan torpaqlarımızın tamamilə düşməndən azad edilməsi uğrunda gedən mücadiləyə səmimi qəlbdən inanırdı.

Diasporumuzun humanitar yardımla yanaşı informasiya gücü

Hələ bu ilin yayında, iyul ayında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın bir sıra ölkələrində diaspor siyasətində ciddi şəkildə fəaliyyət göstərən qurumlar və şəxsiyyətlərlə uzlaşdırılmış şəkildə görülən və görüləcək işləri müzakirə etmişdir. Bu yöndə pandiemiya durumunu nəzərə alaraq, videokonfransların xüsusi önəmi oldu. Bu tədbirlərdən ən möhtəşəmi isə, ABŞ-dakı çoxsaylı diasporumuzla bağlı idi. Komitəsi sədri Fuad Muradov dövlətimizin diaspor siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə istifadəyə verilmiş Azərbaycan Evləri və “Qarabağ” məktəblərinin, və Koordinasiya Şuralarının son dönəmdəki fəaliyyəti haqqında geniş müzakirələr aparıbdır. Pandemiya dövründə soydaşlarımızın əsl birlik nümayiş etdirməsi, bir-birlərinə dəstək olmaları, diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdəki Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları, Komitənin çətinliklərlə üzləşmiş 6 mindən çox soydaşımıza yardım etməsi və s. xatırlanıb. Koordinasiya Şuralarının, soydaşlarımızım sığınacaq yerinə çevrilmiş Azərbaycan Evlərinin fəaliyyəti yüksək qiymətləndirilib. “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Həmid Əhmədi, “Nyu-York Azərbaycan–Amerika Qadın Cəmiyyəti”nin rəhbəri Münəvvər Vahabova, “My Way Development Center”in rəhbəri Alyona Bədəlova, “Azərbaycan Nyu-York Assosiasiyası”nın rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb Ştatları üzrə “Azərbaycan Mərkəzi”nin prezidenti Fərid Məmmədov və icraçı direktoru Mehriban Məmmədova, “İllinoys Azərbaycan–Amerika Cəmiyyəti”nin rəhbəri Əhməd Obalı, “Florida Azərbaycan İcması”nın rəhbəri Esmira Bayramova, “Florida Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyası”nın rəhbəri Töhfə Eminova və mədəniyyət məsələləri üzrə direktoru Pərvin Dilbazi, “Azərbaycan–Amerika Musiqi Fondu”nun rəhbəri Cəmilə Cavadova, “Amerikanın Səsi” radiosunun sabiq əməkdaşı Həbib Azərsina, “İllinoys–Azərbaycan Xeyriyyə Təşkilatı”nın rəhbəri Teymur Mehmandarov, “Meyn–Azərbaycan Cəmiyyəti”nin rəhbəri Tərlan Əhmədov, Nyu-Yorkdakı diaspor fəalı Aqil Hüseynov, Şimali Kaliforniyada iş adamı Cavid Rəsulov, “New England” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rauf İsmayılov, piano ifaçısı Təranə Teylor, “Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyası”nın sədri İslam Rizvanoğlu çıxış ediblər. Çıxışlarda Komitənin fəaliyyətində yeni dövrün başlanması, müxtəlif  proqram və layihələrin həyata keçirilməsi, soydaşlarımızın təşkilatlanması yönündə   atılan addımlar yüksək qiymətləndirilib. Soydaşlarımızın koordinasiyanın təmin edilməsinin zəruriliyini, Azərbaycan Evlərinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan tədbir iştirakçıları pandemiya dövründə Dövlət Komitəsinin həmvətənlərimizə göstərdiyi həssas münasibəti, diqqət və qayğını təqdir ediblər, gələcəkdə ABŞ-da Azərbaycan Evinin yaradılmasının məqsədəuyğun olduğunu bildiriblər.

Şahin Şıxlinski: “Humanitar yardımla dövlətimizə dəstək nümayiş etdiririk”

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsində istifadə olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq Bakıya göndərib. Cihazlar Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün artıq müvafiq ünvana yola salınıb. Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski bildirib ki, həmin tibbi avadanlıq həkimlərin zərər çəkmiş şəxslərə keyfiyyətli tibbi yardım göstərməsinə kömək edəcək. O, əlavə edib ki, yüksək texnoloji avadanlıqların alınmasına bir qrup soydaşımız birlikdə vəsait sərf edib və bundan sonra da xalqımızla bir yerdə olacağıq. Ural Federal Dairəsinin Azərbaycan diasporu təcavüzkar erməni ordusunun təxribatlarından zərər çəkənlərə yardım və dəstək göstərməkdə davam edir. Belə ki, diaspor üzvləri Müdafiə nazirliyinin yardım fonduna xeyli vəsait köçürüb və əsgərlərə humanitar yardım göndəriblər. Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı zərər çəkən mülki şəxslərə, eləcə də əsgərlərə və onların ailələrinə bundan sonra da humanitar yardım göstərməyə hazır olduqlarını diqqətə çatdırıblar. Şahin Şıslinski daha sonra bildirib ki: “Biz neçə illərdir Azərbaycana humanitar yardımlar edirik. Hər bir işimiz də şəffaf şəkildə həyata keçirilir. Rusiya dövlətinin yerli hökumətləri, eləcə də dövlət orqanları hansı məqsədlərlə humanitar yardım etdiyimizi yaxşı bilirlər. Ona görə də, bizim işimizdə heç bir qüsur yoxdur”.

Diaspor orduya və cəbhəyanı bölgələrə yardım edir

Müzəffər ordumuzun maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan soydaşlarımız, diaspor təşkilatları orduya və əhaliyə dəstəyi özlərinə mənəvi borc hesab edərək bu yöndə gərəkən yardımları edirlər. Almaniyada yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki “Gənc Azərbaycanlılar Dərnəyi”nin təşkilatçılığı ilə qardaş ölkədə yaşayan, işləyən və təhsil alan soydaşlarımız müxtəlif zəruri məhsullardan ibarət 2.3 ton humanitar yardımı, “Ukrayna Azərbaycanlıları Konqresi” 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib. Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Qarabağ uğrunda canlarını vermiş şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə ianə köçürüblər. Komitə soydaşlarımızdan gələn yardımların ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyatı qurumlara təhvil verib. Azərbaycan diasporunun ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə, erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Komitəyə hər gün bu məqsədlə yüzlərlə müraciət daxil olur.


Moskvada çalışan azərbaycanlı cərrahdan ordumuza dəstək

İşğalçı Ermənistanın işğal altında saxladığı torpaqlarımızı düşməndən təmizləyən Azərbaycan ordusuna xaricdəki soydaşlarımızdan dəstək gəlir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməklə bu tarixi günlərdə Vətənin, Azərbaycan hərbçilərinin yanında olduqlarını göstərirlər. Belə soydaşlarımızdan biri də Moskvada yaşayan Seymur Əliyevdir. O, Silahlı Qüvvələrə Yardım Fonduna şəxsi vəsaitindən 5 min manat köçürüb. Əslən Şəmkirdən olan Seymur Əliyev ixtisasca həkimdir. Hazırda Moskvada işləyir. Rusiyanın məşhur plastik cərrahlarındandır. “Ordumuzun düşmənə qarşı apardığı uğurlu əks-hücum əməliyyatlarından çox qürurluyuq. Ürəyimiz Azərbaycandadır” deyir Seymur Əliyev “Cəbhədən gələn xəbərləri hər an izləyirik. Biz bu qələbədə kiçik də olsa payımızın olması üçün əlimizdən gələni edirik. Uca Tanrı xalqımıza yar olsun. Qarabağ Azərbaycandır!”.


“Vətən sağ olsun!” devizi ilə Azərbaycana dəstək davam edir

“Hürriyyət” qəzeti olaraq, Almaniya, Fransa, Polşa, Hollandiya, Şotlandiya, Bekçika, Norveç, İsveç, Avstriya, İspaniya, İtaliya, Macarstan, Finlandiya, İsveçrə, Kanada,
Ukrayna, Rumıniya, Qazaxstan, Özbəkistan, Estoniya, Litva, Latviya, Danimarka, Avstraliya, İngiltərə, ABŞ, Çexiya və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri bildirirlər ki, vətən torpaqlarının düşmən Ermənistanın silahlı quldur dəstələrindən azad edilməsi hər bir azərbaycanlının qürur mənbəyidir. Bizlər əlimizdən gələn nə kimi dəstək və yardımlar tələb olunursa, hər zaman bu müqəddəs amala xidmət etməyə hazırıq. Hazırda ianə yardımları etməklə düşünürük ki, daha effektiv dəstək oluruq. Çünki müharibə zamanı təbii olaraq Milli Ordumuzun əsgələri və zabitləri də yaralanıblar. Bundan əlavə, cəbhə bölgəsinə yaxın bölgələrdə dinc əhali arasında yaralananlar da vardır. Onlara hansı ilkin zəruri yardımların olması məsələsi bizim deyil, yerli orqanların işidir. Bizlərin isə, əlimizdən gələn ianə yardımları etməklə bu prosesə gərəkən dəstəyi verməkdir.

Yaşadğımız ölkələrdə neçə müddətdir dayanmadan aksiyalarımızı keçiririk. Ölkə prezidentlərinə, parlament və hökumətlərinə, universitetlərə, insan haqları təşkilatlarına, beynəlxalq qurumlarda demək olar ki, hər gün Ermənistanın Azərbaycan dövlətinə qarşı işğalçı siyasətini ifşa edən sənədləri hazırlayıb göndəririk. Küçə və meydanlarda mitinqlər və yürüşlər keçiririk. Bütün bunlar harada yaşamağımızdan asılı olmayaraq, azərbaycanlı kimliyi iradəsini milli qürur mənbəyi olaraq soydaşlarımız arasında təbliğ edirik. İnanırıq ki, 30 illik işğalçı Ermənistanın hədəfləri noyabrın 10-da imzalanan sazişlə tamamilə aradan qaldırılacaq və tezliklə bir milyondan çox məcburi qaçqın və köçkünlərimiz dogma torpaqlarına dönəcəklər. Biz bütöv olanda güclüyük.

Ona da inanırıq ki, biz tarixi ərazilərimizə sahib çıxdıqca dünya birliyi əsil həqiqətləri dərk edəcəkdir. Çünki, Azərbaycan bu müqəddəs savaşda haqlı tərəfdir.

 

“Hürriyyət”