Diaspor təşkilatlarımız və fəalların yeni uğurları

327

II Qarabağ Müharibəsinin ZƏFƏR QƏLƏBƏSİ ilə tammalanması demək olar ki, həm də ölkəmizin xaricində bir sıra ölkələrdə daha da möhtəşəm səviyyədə dəyərləndirilib və bu istiqamətdə milli diaspora təşkilatlarımızın rolu olduqca müstəsnalıqla təşkil edir. Bu gün diaspora təşkilatlarımız vətəndaş cəmiyyəti siyasətinin inkişafında və bu yöndə dövlət və xalqın vahid mövqedən çıxış etməsi siyasətinə üstünlük verirlər. Belə bir yanaşma tərzi artıq istənilən məkanda ruh yüksəkliyi ilə qarşılanır. Tarixi Zəfər Bayramı ölkəmizin hüdudlarından kənarda diaspora təşkilatlarımız tərəfindən çox böyük coşqularla qarşılanmaqla yanaşı, bu bayramı öz imkanları çərçivəsində hamılıqla qeyd edilmişdir. II Qarabağ Müharibəsində şəhid olan və yaralananlara, qazilərmizə dəstək olaraq yaradılmış “Yaşat Fondu”na maddi dəstək kampaniyasını belə başlatmışlar. Bir çox dövlətlərdə diaspora təşkilatlarımızda gerçəkdən milliləşmə prosesi inkişaf etməkdədir. Azyaşlı uşaqlar üçün ana dilində təhsil proqramlarının da həyata keçirilməsi istiqamətindəki səfərbərlik, yeni nəslin öz milli ruhunda böyüyüb-tərbiyə alması hədəflərini ortaya qoyacaqdır.

 

Azərbaycanlı icması Bruklində Zəfər Gününü qeyd edib

ABŞ-ın Nyu-York ştatında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Bruklin şəhərində ölkəmizin Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Qarabağ savaşında qazandığı tarixi Qələbə münasibətilə dünya azərbaycanlılarını və bütün Türk Dünyasını təbrik ediblər. Tədbirdə şəhid Xudayar Yusifzadənin döyüşçülərimizi ruhlandırmaq məqsədilə cəbhədə oxuduğu “Vətən yaxşıdır” mahnısı Hyustonda yaşayan xanəndə Aqil Süleymanovun ifasında təqdim edilib. Sonda xalqımızın birliyini və həmrəyliyini göstərən “Yallı” rəqsi ifa edilib, üçrəngli bayrağımızla bəzədilmiş və üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış tort kəsilib. Tədbir Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanının Zəfər yürüşü ilə başa çatıb.

Dünya azərbaycanlıları “YAŞAT” Fonduna pul köçürəcək

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. “YAŞAT” Fondunun Himayəçilik Şurasında Türkiyədə yaşayan xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina da yer alır. Diasporla İş üzrə Dövlət Komitəsi “YAŞAT” Fondunda dünya azərbaycanlılarını təmsil edən Cahangir Novruzov və Məsud Aşinaya təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, Məsud Aşina Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Avropa həkimləri arasında böyük nüfuza malik olan Məsud Aşina elmi fəaliyyətinə görə Lundbeck Fondunun 5,3 milyon avro məbləğində mükafatına layiq görülən yeganə azərbaycanlı həkimdir.

Soydaşlarımızla Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub

 

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının əlaqələndiricilərinin və bir sıra diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə “Avropanın media orqanlarında və beynəlxalq təşkilatlarda iş” mövzusunda videokonfrans təşkil edib. Bu barədə Dasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitə sədri Fuad Muradov dövlətimizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının vacibliyindən danışıb, diasporumuzun fəaliyyətinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayıb. O, son dövrlərdə Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaları, yeni müharibəyə hazırlaşmaları barədə məlumat verib. Komitə sədri Prezident İlham Əliyevin “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu” fikrini xatırladıb və Tovuzda baş verən təxribatla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xaricdə yaşayan azərbaycanlıların yüksək fəallıq göstərdiyini bir daha yada salıb. Videokonfransda Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dünya ictimaiyyətinə daha müfəssəl informasiyaların çatdırılması üçün bütün xarici platformalarda, o cümlədən KİV-lərdə, sosial mediada fəaliyyətin genişləndirilməsi, təbliğatın müasir metodlarından istifadə olunması, beynəlxalq təşkilatlarla işin daha peşəkar səviyyədə qurulması yönündə müzakirə aparılıb və təkliflər verilib. Konfrans iştirakçıları yaşadıqları ölkələrdə azərbaycanlılara məxsus media orqanlarının yaradılması üzərində də düşündüklərini qeyd edib, bunun üçün mövcud potensialdan düzgün istifadə olunmasının vacibliyindən danışıblar. Videokonfransda 17 ölkədən diaspor nümayəndələri iştirak edib.

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş

 

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) İdarə Heyətinin üzvləri Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lorenslə görüşüb.

KAŞ nümayəndələri F.Lorensi Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupuna sədr seçilməsi münasibətilə təbrik ediblər. Azərbaycanlı icmasının qrupun fəaliyyətinə əməli dəstək göstərməyə hazır olduğu, ölkələrimiz arasında elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin daha da inkişaf etdirilməsini arzuladığı deputatın diqqətinə çatdırılıb. Soydaşlarımız, həmçinin Ermənistanın hərbi təxribatı nəticəsində sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük müharibə barədə ətraflı məlumat verərək, 27 ildən sonra Azərbaycanın işğal edilmiş ərazilərinin azad edildiyini və ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıblar. Azərbaycanın, Cənubi Qafqaz bölgəsinin tarixi ilə maraqlandığını söyləyən F.Lorens ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb, azərbaycanlı icması ilə işləmək və KAŞ-ın tədbirlərinə qatılmaq arzusunu ifadə edib.

Florida ştatında həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

 

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Vətən” həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Məqsəd – Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir.

 

Niderland və Belçikadakı diaspor təşkilatları fəaliyyət perspektivlərini müzakirə edib

 

Niderland və Belçika Krallıqlarında fəaliyyət göstərən diaspor təşkilatlarının videotoplantısı keçirilib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə diaspor qurumlarının rəhbərləri və üzvləri iştirak ediblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, toplantıda 44 günlük Vətən müharibəsinə qədər və müharibə günlərində diaspor təşkilatlarının apardığı mübarizə metodları müzakirə olunub. Vətənimizin bu tarixi dönəmində soydaşlarımızın göstərdikləri vətənpərvərlik, cəsarət və qətiyyət üçün hər kəsə təşəkkür edilib. Diaspor təşkilatlarının rəhbərləri prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər. Postmüharibə dövründə ölkəmizin haqlı və ədalətli mövqeyinin cəmiyyətə düzgün çatdırılması və qəbul etdirilməsi üçün yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın Niderlanddakı Dostları Cəmiyyətinin sədri Leyla Babayevanın irəli sürdüyü təklif və layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Soydaşlarımız arasında yaranmış birlik və həmrəyliyin qorunub saxlanmasının vacib olduğu vurğulanıb.

Kanada Senatı qondarma rejimin müstəqilliyinin tanınmasına etiraz edib

 

Kanadadakı azərbaycanlı icmasının Dağlıq Qarabağla bağlı həqiqətləri fəal çatdırması, çevik və intensiv lobbi siyasəti yürütməsi, nəhayət öz nəticəsini verdi. Kanada Senatı Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması üçün Senata təqdim edilən Qətnamənin qəbul edilməsini böyük səs çoxluğu ilə rədd edib.

Kanadalı Azərbaycanlılar Şəbəkəsindən (Network of Azerbaijani Canadians) bildirilib ki, dekabrın 8-də Senatda baş tutan dinləmələrin sonunda keçirilən səsvermə zamanı 53 senator bu təklifin əleyhinə səs verib. Səsvermədən sonra ermənipərəst senator Leo Husakos yazıb ki, “bu gün erməni xalqı üçün kədərli gündür”. O, bu hadisəni “Trüdo senatorlarının erməni icmasına arxa çevirməsi” kimi dəyərləndirib.

Kanadalı Azərbaycanlılar Şəbəkəsi və icmamızın əksər nümayəndələri mütəmadi olaraq dövlət orqanlarına və rəsmilərinə, parlament üzvlərinə və senatorlara müraciət edərək Qarabağ həqiqətlərindən bəhs ediblər. Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn və Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lorenslə görüşlər zamanı Azərbaycan ərazilərində keçirilmiş 44 günlük müharibənin səbəbləri və nəticələri barədə ətraflı danışılıb, xalqımızın haqlı və ədalətli mövqeyi onların nəzərinə çatdırılıb. Beləliklə, Kanadadakı azərbaycanlı icmasının həmrəylik və birlik nümayiş etdirərək bu ölkədə yürütdüyü uğurlu lobbi siyasəti və fəaliyyəti öz müsbət nəticəsini verib.

“Hürriyyət”