Diaspor quruculuğunda Özbəkistan modeli

123

Kimsəyə sirr deyil ki, xaricdə yaşayan soydaşlarımızın diaspor quruculuğunda bir sıra problemlərlə üzləşirlər. Bunun səbəblərindən biri də soydaşlarımız arasında bu sahədə təcrübənin olmaması, ölkəmizin xaricdəki bəzi səfirliklərinin içində olan bir yarıtmaz fəaliyyətləri olmuşdur. Rusiya, Ukrayna, Almaniya, İsveç, Fransa, İsveçrə və digər ölkələrdə vaxtilə diaspor təşkilatlarımız adına özlərinin komprador maraqları çərçivəsində atdığı addımlar heç zaman ölkəmizdə və xaricdə təqdir olunmamışdır. Müxtəli diaspor təşkilatları arasında olan intriqalar, nepotizmə söykənən fəaliyyətlər,
kollaboranizm prinsipləri həmin dövlətlərdə milli səfərbərlik siyasətimizdə sarsıdıcı zərbələrə səbəb olubdur. Apardığımız müşahidələrə ösasən onu qeyd edə bilərik ki, Özbəkistanda yaşayan soydaşlarımızın diaspor quruculuğu konsepsiyası və onların fəaliyyət prinsipləri əksər diaspor təşkilatlarımız üçün örnək sayıla bilər.

Cəmiyyətdə lider deyil, sosial bütünlük başlıca prinsipdir

Özbəkistanın 9 vilayətindən 6-da Azərbaycan diasporunu təmsil edən soydaşlarımız yaşayırlar. Rəsmi statistikaya görə onların toplam sayları 60 min, reallıqda isə 100 min nəfərdən çox bu ölkədə həmvətənlərimiz yaşayırlar. Soydaşlarımız Özbəkistanın paytaxtı Daşkənddə “Azərbaycan Milli Mədəniyyət Mərkəzi”ni yaratdıqdan sonra, ilk dəfə olaraq bu ölkədə diaspor quruculuğu siyasətinə başlanılıbdır. Bununla yanaşı, Azərbaycan səfirliyinin yanında fəaliyyət göstərən “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor quruculuğu işlərində yaxından iştirak etməyə başlayıb. Özbəkistanda əhali, eləcə də ziyalılar çox yaxşı dərk edirlər ki, Azərbaycan xalqının çağdaş özbək mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Belə ki, müasir özbək ədəbi dilinin qrammatikasının müəllifi əslən Şuşadan olan Seyid Rza Əlizadədir.

O da bəllidir ki, çağdaş özbək ədəbiyyatında milli şüurun inkişafında böyük xidmətləri və əslən Qazax rayonunun Şıxlı kəndindən olan Maqsud Şeyxzadə özbək xalqının milli qüruru sayılır. Onun stalinizm repressiyasına məruz qalması və sürgündən geri dönən kimi həyatı bahasına olsa da, yazdığı “Əmir Teymur” pyesi nəinki özbəklərin, eləcə də bütün Orta Asiya xalqlarının qürurnun simvoluna çevrildi. Bu iki dahi insanın sayəsində özbəklər Azərbaycan xalqına daim səmimi münasibətlər saxlayırlar. O da bəllidir ki, özbək klassik ədəbiyyatının ən nəhəng siması olan Əmir Əlişir Nəvai bütün  əsərlərində Nizami Gəncəvini özünün mənəvi müəllimi və ustadı hesab edib. Bu gün isə, milli diaspor quruculuğumuzda möhtəşəm addım atan soydaşlarımız özbək xalqı ilə birlikdə bu ənənələrin qorunub saxlanılması və inkişaf etidirlməsi istiqamətində bir sıra ciddi addımlar atırlar. Ona görə də, Özbəkistanda milli diaspor təşkilatlarımızda lider anlayışı yoxdur. Hər kəs bacarığını ortaya qoymaqla üzərinə düşən missiyanın həyata keçirilməsi ilə məşğuldur.

Qarabağ həqiqətləri Özbəkistanda

Bu gün Özbəkistan dövləti və özbək xalqı demək olar ki, Azərbaycanın ərazilərinin Ermənistanın işğalçılıq siyasətinin tərkibi olaraq atdığı addımlara ilk günlərdən qarşı çıxıbdır. BMT səviyyəsində Ermənistanın dövlət müstəqilliyini rəsmi şəkildə tanımyan dövlətlərdən biridir. Elə ona görə də Özbəkistanın Ermənistanla diplomatik, siyasi, iqtisadi və digər sahələrdə heç bir əlaqəsi yoxdur. Azərbaycan diaspor təşkilatlarının və ölkəmizin səfirliyinin dəstəyi ilə hər il özbək KİV-nin nümayəndələri Azərbaycana gələrək cəbhə bölgələrindəki durumu izləyir, eləcə də Qarabağ həqiqətləri haqqında həqiqəti özündə əks etdirən materiları Özbəkistan mətbuatında işıqlandırırlar. Onu da qeyd edək ki, dünyanın başqa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu və səfirlikləri birlikdə bu nəcib addımları atmırlar. Özbəkistan və özbək xalqı beləcə yerli KİV-lərin sayəsində Qarabağ həqiqətləri barəsində geniş təsəvvürə malikdirlər.

Paytaxt Daşkənddə 25 min nəfər tələbənin təhsil aldığı Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır. Universitetin girişində diasporumuz və səfirliyimizin birgə səyləri nəticəsində Nizami Gəncəvinin heykəli ucaldılmış, eləcə də bu ali təhsil ocağında ayrıca “Nizami Gəncəvi Muzeyi” yaradılmışdır. Müasir özbək operasının ağırlıqlarını 43 ildir çiyinlərində daşıyan, Azərbaycan və Özbəkistanın xalq artisti, “Nəvai adına Dövlət Opera Teatrı”nın baş rejissoru Firudin Səfərov artıq özbək mədəniyyətinin simvollarından biri hesab olunur.

Azərbaycan mədəniyyəti özbəklərin tapındığı məkana çevrilib

Onu da qeyd edək ki, Özbəkistanda Azərbaycan diasporu bu ölkənin ictimai-siyasi həyatında iştirak edir, Vətənlə intensiv əlaqə saxlayır, kütləvi-mədəni tədbirlər həyata keçirir. Burada Azərbaycan diasporuna məxsus olmaqla, ictimai-mədəni təşkilatlar fəaliyyət göstərir. 1989-cu ildə Daşkənddə “Azərbaycan Mədəniyyət Mərkəzi” və 1992-ci ildə isə Səmərqənddə “Azərbaycan-Özbəkistan” Mədəni-İqtisadi Əlaqələr Mərkəzi yaradılıb. 2002-ci ildə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Özbəkistanda “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” təsis edilib ki, artıq bu günə qədər həmin Assosasiyanın 10 vilayətdə filialları qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Assosiasiya Özbəkistanda yaşayan azərbaycanlıların ələqə yaratmasında, soydaşlarımız arasında təbliğ etməsində, onların Vətənlə tarixi əlaqələrinin gücləndirilməsində, ana dilinin, mədəniyyətinin, milli–mənəvi dəyərlərinin dünyada tanıdılmasında təqdirəlayiq fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Özbəkistanda diasporumuzun Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Qadınlar Şurası, Azərbaycan Gənclər Təşkilatı, Beynəlmiləl Mədəniyyət Mərkəzi və s. adlarda ictimai birlikləri fəaliyyət föstərir.

Özbəkistanda Azərbaycan mədəniyyətini “Mehrican” Qəyyumluq Şurasının adını daşıyan “Mehrican” ansamblı təbliğ edir. Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva, Azərbaycanın əməkdar artisti Kövkəb Əliyevanın rəhbərliyi ilə “Azərbaycan qızları” uşaq rəqs ansamblı, “Vətən” vokal-instrumental kollektivi və “Qardaşlıq” ansamblının üzvləri xalq, bəstəkar mahnıları və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını ifa edirlər. Soydaşlarımız paralel olaraq Orta Asiyada məskunlaşan azərbaycanlılarla intensiv əlaqə saxlayır, gələcəkdə yeni azərbaycanlı nəslinin milli ənənələrə riayət etməsi istiqamətində iş aparırlar.

Daşkənddə “Türk Dünyası Birliyi” inancı və soydaşlarımız

Son illərdə fəallaşmaqda olan “TÜRKSOY”, “Türk Dövlətləri İqtisadi Şurası”, “Türk Dövlətləri Təhlükəsizlik Şurası” və digər onlarca sayda qurumların inteqrasiyasının vüsət götürməsi Özbəkistanda yaşayan soydaşlarımız arasında böyük coşqularla qarşılanmışdır. Ortaq türk dili, ortaq türk tarixi, ortaq türk mədəniyyəti, ortaq türk əlifbası və digər layihələrin hazırlanmasında qardaş ölkədə yaşayan soydaşlarımızı təmsil edən alimlər yaxından iştirak edirlər. Daşkənddəki “Özbəkistan Mədəniyyət Fondu”nun nəzdində bu ölkədə yaşayan qazax, qırğız, qaraqalpaq, tatar, başkort, çuvaş, lakay, türkmən, uyğur, xakas, noqay, kumık, qaraçay-balkar, Azərbaycan və Ahısqa türklərindən ibarət xüsusi şura fəaliyyət göstərir. Şuranın toplantılarından hər bir türk boyunu təmsil edən xalqın mədəniyyəti, tarixi, eləcə də müasir durumu geniş şəkildə müzakirə olunur.

Fondun nəzdində  yaradılmış “Tarixdə Türk Böyükləri” rəsm qalereyası demək olar ki, məktəblilərin ən çox seyr etdiyi məkanlardan biridir. Orada Azərbaycan tarixində Babək, Qızıl Arslan, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhstəi Gəncəvi, Şah İsmayıl Xətai, Soltan Məhəmməd Təbrizi, Kamaləddin Behzad, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun və digər ünlü şəxsiyyətlərimizin tabloları asılıbdır.

Turan Konqresi və Orta AsiyaQazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının diaspor təşkilatları bir araya gələrək “Turan” Konqresi adlı yeni bir qurum yaradıblar. Qurumun başlıca məqsədi Orta Asiya dövlətlərində yaşayan çoxminlik soydaşlarımızın yeni ictimai və sosial proseslərdə yaxından iştirak etməsidir. Qazaxstan, Qırğızstan, Türkmənistan və Özbəkistanın dövlət müstəqilliklərinə keçmiş Sovetlər Birliyinin dağılmasından sonra baş vermiş siyasi təlatümlərin zamanla aradan qalxacağı ideyası artıq bu gün iflasa uğramaqdadır.

Belə ki, hər bir dövlət öz müstəqilliyini qorumaq, çətinliklərə və iqtisadi baxımdan dolayı yolla asılılıq buxovundan qurtulmaq taktikası ilə indi uğurlar əldə etməkdədirlər. Yaranmış belə bir şəraitdən soydaşlarımız maksimum dərəcədə yararlanmağa çalışırlar. Orta Asiya dövlətləri və xalqları arasında inteqrasiyanın vacib şərtlərindən birinin də tarixi Turan coğrafi-mədəni tablosunun şərtləri daxilində addım atmağı vacib hesab edirlər.

Qırğızstan soydaşlarımız tərəfindən yaradılmış “Orta Asiya Türk Xalqları Assosiasiyası”, Qazaxstanın Alma-Atı şəhərində qurulmuş “Qazaxstanda Yaşayan Türk Xalqları Assambleyası”, Özbəkistanda soydaşlarımızın yaratdığı “Türk Birliyi Mərkəzi” kimi təşkilatlar sadəcə soydaşlarımızın maraqları ilə deyil, Orta Asiyanın bütün xalqlarının barış içində yaşaması, dostluq və qardaşlıq şəraitində birgə inkişaf proseslərində iştirakı anlayışını ortaya qoyurlar. Təbii olaraq Özbəkistandakı soydaşlarımız bu məsələdə daha fəladırlar. Onların təşəbbüsü ilə yaradılan “Turan Konqresi” məhz bu amala xidmət rdir. Demək olar ki, soydaşlarımız hər il Azərbaycanın dövlət bayramlarını, milli faciəmiz olan “20 Yanvar”, “Xocalı Faciəsi”, “31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü” və digər tədbirləri keçirirlər. Hər bir tədbir qardaş ölkədə yaşayan xalqlara Azərbaycan həqiqətlərinin çatdırılması məqsədinə xidmət edir.

Özbəkistandakı Azərbaycan diaspor təşkilatlarının fikrincə Azərbaycanla daha geniş miqyasda inteqrasiya işlərinin aparılması üçün, bir sıra tərdbirlər həyata keçirilməli və bu sahədə zəruri addımlar atılmalıdır. İqtisadi, mədəni, turizm, informasiya və digər əlaqələrin inkişafı həm də sadəcə dövlətlərarası deyil, xalqlararası inteqrasiyaya yeni təkanlar verə bilər.

“Hürriyyət”