Diaspor fəallarımızın mücadiləmizə verdiyi dəyər

264

Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar II Qarabağ Savaşında əldə etdiyimiz qələbəni qeyd etdilər, şəhidlərimizi andılar

Dünya hərb tarixinin şanlı səlnamələörindən biri kimi hesab edilən və 44 gün davam edən II Qarabağ Savaşından çox qısa bir zaman kəsimi ötsə də, baş verənlər hələ də dünya birliyi tərəfindən müzakirə olunmaqda davam edir. Bəzi ölkələrdə hətta bu tarixi qələbənin fəlsəfi, ideoloji, hərbi və strateji baxımdan bütün yönləri araşdırılır. Elə bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahında “II Qarabağ Savaşı və uğurları” mövzusunda keçirilən konfransın özü arıtq bir həqiqətdir. Qardaş ölkədə Azərbaycanın hərbi uğurlarının bütün detalları müxtəlif aspektlərdən geniş şəkildə müzakirəyə çıxarılıbdır. O da bəllidir ki, Ukraynanın ətrazi bütövlüyü və onun tanınması istiqamətində krizislər yaranan kimi, bu ölkədəki Azərbaycan diasporu hər dəfə öz mövqeyini və iradəsini ortaya qoyaraq, müstəqil dövlərin BMT səviyyəsində tanınan ərazilərinin bütünlüyünü müdafiə edibdir. Ona görə də, Ukraynada xalqımıza və dövlətimizə daim xüsusi dəyər verilir. Bütün bunlarla yanaşı, ötən həftə dünyanın digər ölkələrində diaspirumuzun  keçirdiyi genişmiqyaslı aksiyaların II Qarabağ Savaşına dəstək olmaqla yanaşı, bir çox humanitar aksiyaların keçirilməsi ilə də müşahidə olundu. Bu, həm də onu göstərir ki, milli diasporumuz artıq əvvəlki qayda və şərtlərlə fəaliyyət göstərmir. Yeni məzmun və xarakteri ilə tamamilə fərqlənir.

Ukraynada yaşayan soydaşlarımızla virtual görüşlər

Ukrayna Azərbaycanlıları Radasının təşəbbüsü ilə Qarabağda tarixi qələbəmiz və bundan sonra diasporumuzu qarşısında duran vəzifələrlə bağlı videogörüş keçirilib. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ münaqişəsi”nin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə görüş iştirakçılarını təbrik edərək bildirib ki: “Yenilməz ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan qələbəmiz dünya azərbaycanlılarına böyük sevinc hissi bəxş edib. Qələbə diasporun fəaliyyətini də yeni istiqamətə yönəldir və bizi perspektivlər üzərində düşündürür. Bundan sonra diasporumuzun fəaliyyəti Qarabağın zəngin tarixi-mədəni irsinin təbliğinə yönələcək”.

Görüş iştirakçıları Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib, qələbəmizin memarlarına, rəşadətli ordumuza və Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, Ukraynada yaşayan azərbaycanlılar Azərbaycanın dövlət siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləməyə davam edəcəklər. Hikmət Cavadov, Əbülfəz Qasımov, Eldar Tağıyev, Cəlal Hüseynov, Murad Cəfərov, Vaqif Nağıyev və digər şəxslər çıxış edərək qələbə sevincini bölüşməklə yanaşı, Ukraynadakı diaspor təşkilatlarının yeni dövrdə görəcəyi işlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Soydaşlarımız bildiriblər ki, diaspor təşkilatlarının, diaspor üzvlərinin fəallığının yüksəldilməsi, ölkəmizin, xüsusilə Qarabağ bölgəsinin tarixi-mədəni irsinin təbliği üçün əllərindən gələni edəcək, yerli media ilə münasibətlərdə yeni keyfiyyət göstəricilərinə nail olacaq və bu yolda daha sıx birləşəcəklər.

Kanadada şəhidlərimiz yad edildi

Kanadada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə Toronto şəhərində yaşayan soydaşlarımız sentyabrın 27-dən sonra işğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda qətlə yetirdiyi mülki şəxsləri yad etmək məqsədilə bir araya gəliblər. Soydaşlarımız münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrimizdə mülki əhalinin raket atəşinə tutulması, günahsız insanların, o cümlədən azyaşlıların qətlə yetirilməsi ilə bağlı məlumatları Kanada ictimaiyyətinin diqqətinə çatdırıb. “Biz dinc əhaliyə qarşı müharibə cinayətlərinin qınanmasını, günahkarların cəzalandırılmasını istəyirik. Xəsarət almış soydaşlarımızın acılarına şərik olmaq, şəhidlərimizi daim xatırlamaq, belə vandallizm aktlarına qarşı səsimizi qaldırmaq və bu faktları yaşadığımız cəmiyyətlərə çatdırmaq bizim borcumuzdur”, – deyə soydaşlarımız bildiriblər. Aksiya zamanı azərbaycanlılar bir sıra simvolik mesajlardan istifadə ediblər. Belə ki, onlar yastıqlar üzərində qətlə yetirilən insanların adları yazılmış kiçik lövhələr, eləcə də qərənfillər düzərək, onların əksəriyyətinin yuxuda qətlə yetirldiyini və bütün bunların heç bir sözlə ifadə olunmayan müharibə cinayəti olduğunu diqqətə çatdırıblar. Əllərində “Bəzən eşidilmədiyimiz üçün yazmalıyıq”, “Bəzən ağrının ən dərin ifadəsi sükutdur” sözləri yazılmış posterlər tutan soydaşlarımız bu yolla haqq səslərini çatdırıb və Ana Vətənə dəstək olduqlarını bəyan ediblər. Aksiya yerli medianın diqqətini çəkib, bu barədə müxtəlif media orqanlarında və www.armeniakills.com saytında ətraflı məlumat dərc olunubdur.

Hyustonda humanitar aksiya

ABŞ-da fəaliyyət göstərən “Azərbaycan Amerika Mədəniyyət Alyansı” və “Hyuston Azərbaycan Məktəbi”nin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər. Tədbirdə Azərbaycanın 17 noyabr Milli Dirçəliş günü, əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib. Xeyriyyə tədbirindən əldə edilmiş 10197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.

Helsinkidə Azərbaycanın qələbəsinə dəstək verildi

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk Gənclər Təşkilatı”nın sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və erməni terrorunun qurbanı olan mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Ü.Cabbarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı tarixi qələbə bütün dünya azərbaycanlılarını, o cümlədən Finlandiyada yaşayan soydaşlarımızı çox sevindirir. Qeyd olunub ki, Finlandiyadakı Azərbaycan diasporu hər zaman erməni yalanlarını ifşa etmək və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edib və bundan sonra da Azərbaycanın milli-mənəvi dəyərlərinin, Qarabağın turizm potensialının, tarixi-mədəni sərvətlərinin təbliği istiqamətində davamlı işlər aparacaqdır.

 

Azərbaycan dünyasının sərhədsiz ruhu

Ötən həftə ərzində Azərbaycan Milli Ordusunun II Qarabağ Savaşı ərzində əldə etdiyi böyük uğurlar demək olar ki, soydaşlarımızın yaşadığı bütün ölkələrdə qeyd olunubdur. Türkiyə, Avstraliya, Kanada, Almaniya, Qətər, ABŞ, Polşa, Hollandiya, Monteneqroda, İordaniya, Finlandiya, İsrail, İsveç, Ukrayna, Şimali Türk Cümhuriyyəti, Gürcüstan və digər dövlətlərdə diasporumuz tərəfindən keçirilən aksiyalar buna bariz nümunədir. Faktiki olaraq, daim özlərini “güclü erməni diasporu” kimi təlqin edən ermənilərin heç səs-səmiri belə çıxmadı. Bu faktın özü artıq bir sıra mətləblərə aydınlıq gətirir. Demək olar ki, Ermənistan və diasporunun işğalçılıq siyasəti artıq dünya birliyi tərəfindəb qəbul edilmir. Bəşəriyyəti aldadaraq istədikləri siyasət meydanında artıq onlara yer yoxdur. Bu həqiqəti hər kəs gördü. Ona görə də Azərbaycan diasporunun haqlı olması da beləcə təqdir olunur. Artıq Azərbaycan diasporu köhnə zamanlarda olduğu kimi, tanınmır. Yeni xarakter və məzmununa görə fərqlənir. İndi diasporumuz ən müasir standartlar çərçivəsində fəaliyyət dairəsini nümayiş etdirir. Bütün bu addımlar dünya dövlətləri tərəfindən diqqətləizlənilir. Ona görə ki, hər hansı bir diaspor sadəcə özünü icma şəklində deyil, həm də onun təmsil olunduğu xalqı və dövlətin bir parçası olması zəruri şərtlərdən biridir. Bu mənada artıq bizim diasporumuzun tamamilə yeniləndiyi də göz önündədir.


“Hürriyyət”