Diaspor fəallarımız milli birlik haqda

51

“Azərbaycanda milli birlik  heç zaman bu səviyyədə olmamışdı”

Ölkəmizdə məşhur “Beşinci Kolon” hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra, yeni proseslər sürətlə inkişaf etməkdədir. İllər boyu bir-birinə düşmən mövqedə olan iqtidar və müxalifət arasında milli barşıq artıq öz ahəngi ilə inkişaf edir. Cəmiyyətdə liberal baxışlı və məmur-texnokratların hakimiyyətin bütün eşalonunda təmsil olunması da bu prosesi sürətləndirən amillərdən biridir. 30 ildir ATƏT-in Minsk Qrupu adı altında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi mərhələsinə elə ölkəmizin özünün damğa vurmaq üçün hərəkətə keçməsi də vətəndaş cəmiyyətinin iqtidarla ortaq hədəflərə kökənməsi yeni düşüncə sistemi olaraq dəyərləndirilir. Belə bir proses artıq xaricdə yaşayan soydaşlarımız arasında da müşahidə olunur. İllər boyu bir-birinə qənim kəsilmiş müxtəlif qruplar umu-küsünü bir tərəfə qoyaraq, milli hədəflər ətrafında uzlaşmış şəkildə addımlayırlar.

Azərbaycanda yeni nəfəsin adı “dövlətçiliyə hər kəsin sahib çıxması düşüncəsidir”

Almaniyanın Franfurkt-Mayn şəhərində yaşayan soydaşımız Sərxan Qabiloğlu bildirdi ki, 1992-ci ildə Almaniyada anadan olub. Atası azərbaycanlı, anası isə mənşəcə yəhudidir. Ancaq, Azərbaycan dilini ədəbi səviyyədə çox mükəmməl bilir. Bununla qürur duyur. O açıqlama verərək qeyd etdi ki: “Mən həm Azərbaycan-Türk, həm də Yəhudi icmaları arasında sıxışıb qalmamışam. Hər ikisi diasporla sıx  təmaslarım var. Bu gün Almaniyadan Azərbaycana, özəlliklə də Qarabağa baxdıqda daha da qürur hissilərini yaşayırıq. Kimsəyə bel bağlamadan ölkəmizin problemlərini xalq və dövlət birgə həll etmək üçün səfərbər olunubdur. Burada yaşayan, illər boyu iqtidarı hədəf alaraq onun əleyhində təbliğatlar aparan mühacir soydaşlarımız da qartıq fərqli düşünürlər. Bu məni və ailəmizi, eləcə də Türk diaspor təşkilatlarını çox sevindirir. Bizim bölgə Hessen əyaləti adlanır. Ona görə də bütün əyalət boyunca Qarabağa olan sevgini və onun işğaldan azad edilməsini hər kəs sevinclə qarşılayır. Konkret olaraq mən özüm hər gün “Azərtac”, “Turan”, “Trend” və digər infirmasiya agentliklərin saytlarına daxil oluram və maraq doğuran məlumatları çevirib alman cəmiyyətinə məxsus sosial şəbəkələrdə paylaşıram. Bizi ən çox ilgiləndirən düşməni addım-addım təqib edib onları işğal olunmuş ərazilərimizdən təmizlənməsidir. Belə bir yanaşım tərzi Azərbaycan cəmiyyətində dövlətçiliyə hər kəsin sahib çıxması düşüncəsidir. Biz Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi əleyhində mitinq keçirmək fikrindən uzağıq. Ona görə ki, artıq Avropanın siyasi paytaxtları London, Berlin, Paris, Brüssell, Amsterdam, Vyana, Oslo, Bern, Kopenhagen, Varşava, Praqa  və digər şəhərlərdə yerli KİV-lərin Azərbaycan ordusunun qələbələrini qeyd etməyə başlayıblar. Xüsusilə dövlət başçısı İlham Əliyevin Avropa telekanallarına veridiyi açıqlamalar çox maraqla qarşılanır. Onun çıxışlarında Azərbaycanın haqlı tərəf olması həm də beynəlxalq qanunlar çərçivəsində izah edilir. Bunu avropalılar daha məntiqli sayırlar. Çox istərdim ki, Azərbaycanın bütün informasiya agentlikləri məhz beynəlxalq hüquqa və qanunlara söykəmli mütəxəssislərin çıxışlarını Avropada yaya bilsinlər. Ermənistanın silahlı qüvvələrinin dinc əhaliyə uzaqvuran toplardan atdığı mərmilərin sayəsində yaranmış fəlakəti daha çox nümayiş etdirməliyik. Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Bərdə və digər rayonlarda dinc əhaliyə dəyən maddi zərərlərə görə onlara humanitar yardımlar etmək barədə burada müzakirələr açmışıq. Yaxın günlərdə Azərbaycan və Türkiyənin Berlindəki səfirlikləri ilə görüş keçirməyi planlaşdırmışıq”. 

Beynəlxalq qurumların səssizliyinin gizlinləri

Norveçdə yaşayan və əslən Güney Azərbaycandan olan, şair-yazıçı Hadi Qaraçay: “Mən ötən əsrin 90-cı illərində Bakıda yaşamışam. Demək olar Azərbaycanın ictimai prosesləri ilə yaxşı tanışlığım var. Xüsusilə ədəbi cameədə olanlarla indinin  özündə də əlaqələrimi saxlayıram. Qarabğ və ətraf bölgələrin necə işğal olunduğu dönəmlərdə hər gün məcburi köçkünlər və qaçqınlarla görüşərdim. Ürəyim hər dəfə sızıldayardı. Milli şairimiz Səməd Vurğunun bu misraları sanki ruhumda bir demokl qılıncı kimi asılmışdı:
Vətənsiz də insan olan,
İnsan kimi yaşayarmı?
Şair olduğum üçün bəzən emosiyalara qapılıb xalqımı və elə dövlətimi ağır sözlərlə daxilimdə çox tənqid etmişəm. Bir milyondan çox məcburi qaçqın və köçkünlərdən ibarət azından 50-60 minlik gözəl bir ordu yaratmaq olardı və doğma torpaqlarını azad etmək üçün keşkə şəhid olmağı tərcih edəydilər, deyirdim öz-özümə. Mirzə Cəlil, Sabir və digərlər kimi. Hər dəfə də belə bir sula verirdim özümə: “İlahi, 10 milyonluq xalq mübarizə əzmini ortaya qoysa, silah götürüb doğma torpaqlarımızı azad etmək üçün Milli Mücadilə yoluna çıxsa, kim bizə dur deyə bilər? Onu da çox yaxşı başa düşürəm ki, Azərbaycan dövləti və xalqı heç də Ermənistanla və ya bir ovuc silahlı quldur dəstəsi ilə döyüşmür. Ermənistana və həmin silahlı quldur dəstələrinə dəstək verən dövlətlər var. Biz əslində onlarla döyüşürük. Budur aradan 27 il ötəndən sonra, dövlət və millət olaraq milli iradəni önə çəkmişik. Kimsənin bizə dur deyə cürəti çatmır. Elə ona görə də ermənilər döyüşdə məğlub duruma düşüblər. Şəxsən gündəlik Avropanın bütün informasiya məkanını diqqətlə izlədiyim üçün cəsarətlə deyə bilərəm ki, prezident İlham Əliyev çox haqlı olaraq deyir ki, Ermənistanın baş naziri və prezidenti dünya dövlətlərinə telefon zəngi açaraq onlara yalvarırlar. Bu yalvarışların hər gün şahidyik. Məni ən çox sevindirən ondan ibarətdir ki, Avropa Birliyi, Avropa Şurası və BMT-nin, həm də digər beynəlxalq insan haqları təşkilatlarının indiki məqamda susqun duruma düşməsidir. Əgər Ermənistan haqlı tərəf olsaydı, çoxdan dünyanı bir-birinə qatmışdılar”.

Finlandiya və fin xalqı işğalçı siyasəti əsla qəbul etmir

Finlandiyada yaşayan yazıçı soydaşımız Ərsan Ərelin fikrincə: “Qarabağ uğrunda bu gün aparılan mübarizə Azərbaycanın dövlət müstəqiliyinin ən böyük atributudur.  BMT və digər beynəlxalq qurumlar Azərbaycanın siyasi coğrafiyasının sərhədlərini tanımaq barəsində qərar var. Həmin ərazilərin 25 faizi 30 ildir Ermənistan tərəfindən işğal olunubdur. Azərbaycan dövlət olaraq, 30 ildir bəşəri mənada böyük humanizm göstərərək ATƏT-in Minsk Qrupunun vasitəsilə sülh yolunu tutmuşdu. İşğal olunmuş ərazilərimizin azad edilməsi üçün vasitəçi missiyası ilə birgə çalışırdı. Beynəlxalq qurumlara verilən limit artıq tükənibdir. Prezident İlham Əliyev demişkən: “Daha bir 30 ili gözləməkdə Azərbaycanın nə marağı və nə də həvəsi vardır”. Funlandiya KİV-ləri öncə düzgün mövqe tutmamışdı. Ona görə ki, Azərbaycanı “avtoritar” rejimə malik bir dövlət olaraq qəbul edirdi. Bu gün 30 ildir Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması məsələsinə isə, dəstək verirlər. Ona görə ki, Finlandiya belə bir problemi ötən əsrin 40-cı illərinə qədər yaşamaq zorunda olub. Finlandiya və fin xalqı hər hansı bir dövlətin ərazisinin işğalını əsla qəbul etmirlər”. 

Moldovanlar işğalçı siyasətə lənət oxuyurlar

Moldovada yaşayan diaspor fəalı Faiq Kərəmov: “Əslən Zəngilan rayonunun Şayıflı kəndindənəm. Məcburi köçkün kimi 3 yaşımdan 9 yaşıma kimi Füzuli rayonunun Horadiz qəsəbəsində ilanların mələyən boz çöllərində dəmir vaqonlara yaşamışam. Yayın qızmar çağında gecələr bürküdən səhərə kimi yata bilmirdik. Qışın soyuğunda isə, dəmir vaqonu qızdırmaq əsil fəlakət idi. Atamın əsgər yoldaşı var, Əhməd əmi. O bizə maddi dəstək verdi və ailəlikcə Moldovaya köçdük. 21 ildir Kişnyev şəhərində yaşayırıq. Elə bir gün olmayıb ki, atam da, anam da, elə mən özüm də yurd həsrəti ilə doğma torpaqlarımıza geri dönmək üçün dua etməyək. Burada çoxlu moldovan dostlarım var. Onlar da bizim kimi, işğalçılıq siyasətinə lənət oxuyurlar. Ona görə ki, Azərbaycan kimi, onlar da başqa bir işğalçılıq siyasətinin acılarını yaşayırlar. Ölkənin bölgəsində yaşayan ruslar 1991-ci ildə özləri üçün “Dnestryanı Respublikası”nı elan edərək Moldovanın ərazilərinin parçalanması və faktiki olaraq işğal ediıməsi faktını irəli sürüblər. Moldovanın ərazi bütövlüyünü əsla tanımaq fikrində deyillər. Halbuki, Moldova II Dünya Savaşı zamanı SSSRİ tərəfindən işğal olunub. Rumıniyanın tarixi  ərazisi olan Moldova demək olar ki, bir dövlətin və xalqın ikiyə bölünməsi deməkdir. 1991-ci ildə Sovetlər Birliyi dağılan zaman Modlovanın Rumıniya ilə birləşməsi faktı ortaya çıxan kimi, “Dnestryanı Respublika” adı altında separatizm baş qaldırdı. Ona görə də eyni xalq və eyni coğrafi məkan olan bu iki dövlət birləşmə bilmədi. Beləcə Moldova da Azərbaycan kimi işğalçı siyasətə görə çox problemlərlə üz-üzə qalıbdır.
Buradan Azərbaycanda son günlər atılan addımlar bizim milli qürur mənbəyimizdir. Modlodvan dostlarımız bizim hər uğurumzu sevinclə qarşılayırlar. Onlar da bizim kimi işğalçılıq siyasətə qarşı mübarizədə əzmli olmaq istəyirlər. Demək olar moldovanlar hər gün Qarabağ və ətraf bölgələrdə baş verən olayları, erməni quldurlarından azad edilmiş ərazilərimizlə bağlı informasiyaları diqqətlə izləyirlər. Demək olar bizi təbrik edənlərin sayı günbəgün artır. Küçəyə çıxanda, işə gedəndə qürürla addımlayıram.
Zəngilan azad olan kimi, dərhal ailəlikcə vətənə dönəcəyik. Bizim ailəmizin qərarı bundan ibarətdir. Bütün dualarımız vətən torpaqlarımızın azadlığı uğrunda canı və qanı bahasına əlində silah döyüşən bütün əsgərlərimiz üçündür.

“Hürriyyət”

*

Diaspor