DƏF OL GET, AZƏRBAYCANDAN!

    24

    Nurəddin İSMAYIL

    (Anti-türk, rus kafalı, türk birliyindən, böyük türk evi qurulmasından kürkünə birə düşən tiplərin dilindən)

    Haydı, sevgili Türkiyəm, ortaq dil adına nə yapdıqsa yetər artıq. Gərəkməz bizlərə ortaq dil və mədəniyyət. Dürlü-dürlü nə ki sözlər gətirmişdin dlimizə, yığ zənbilə, dəf ol da get, Azərbaycandan! Bıkdıq sənin “yavrum”, “can kardeşım”, “əfəndim”, “can Azərbaycan”, “gözünü sevəyim” deyə, üstümüzə kurşun kimi yağdırdığın, könüllərə atəş saçan tatlı sözlərindən. Biz kosmopolitiz və sevməriz milli ruhiyyəli sözləri. Lütfən bu cür coşqu yaradan türkü sözlərlə yatmış ruhumuzu oyadıb, tavrımızı dəyişmək cəhdində bulunmayın.

    Burası daha çox “bratan”, “qaqules”, “mamuliya”, “papuliya” kimi əcnəbi sözlərin dillərdə əzbər olduğu, ermənisayağı “ara vay, vay”, “Ağabala caykovski, arvadı maskovski” mahnılarının barlarında oxunduğu məmləkət. Bura soyu türk, adı “azəri” olan qəribə bir diyar. Türkü nə varsa, keçməz buralarda, əfəndim. Türkün bozqırlardan başlayan şanlı tarixindən söz açanlara “vızqır” deyib, ağız büzərlər. Bizi məzur tut və keçmişi proletar Bakımızın quru dilinə türkün sevgili dilini qatma.

    Sizlərdən sormaq gərəkir: ya, bu nə biçim sözlərdir gətirdiniz dilimizə? Qardaş yerinə arkadaş olurmu? Yoldaş yerinə əfəndim çağırılırmı? Əfəndim, para nə, parasal nə? Yatırım deyilən nəmənə şey? Kürəsəlləşmə, bilgisayar nərədən gəldi dilimizə? Qardaşım, biz bu qədər deyincə, siz nasıl olur ki, bu qədərə, bunca deyib, durursunuz. Biz “bəsdir” deyərik, nədən sizlər “yetər” deyib, “Azəri” qardaşlarınızı çaşdırırsınız. Nədən, “başa düşmədim”, “dərk etmədim” kimi ikili sözlərimizi təkləyib, “anlamadım” deyə, ifadə ediyorsunuz? Cütləşməni ciftləşmə kimi səsləndirməyiniz qardaşlıq adına sayqısızlıq deyilmi, əfəndim? Qardaşım, biz sizinlə yenidən qovuşanadək, çılğın bir hərəkətə emosional deyərdik, nədən emosionalı döndərib, duyğusal etdiniz? Biz bir məsələni dərindən araşdırmaya tədqiqat deyərik, nə oldu ki, bu sözü də gözümçıxdıya salıb, incələmək kimi yozdunuz. Belə qardaşlıq olmur axı.

    Onu yap, şunu yap, bu cür sözlər bizi əsla ilgiləndirməz. Biz yapmarız, yapanda, dünyanın heç yerində misli görünməyən YAP yaparız. Əfəndim, “iqtidar” sözü də sizin gətirdiyiniz və iyi bir söz, dilə gətirdikcə pul-para iyi gəlir. Bəs demokrasi iyi gələn müxalifət anlayışını nərədən qazıb çıxardınız? Kəndinə qayıt deyə-deyə, kəndi kəndini sən kayb etdin bu şəhərdə. Azərbaycan urbanizasion bir yer, nasıl da bizlərə kəndinə qayıt deməyi rəva görürsən…

    Qardaşım köhnə bazara təzə nırx qoymağın nə mənası. Hər yerin öz danışıq tərzi var. Sənələrlə biz “stol”, “stul” dedik, kimsə də bu cür deyilməsindən zərrə qədər olsun əndişələnmədi. Nədən, qıcıq yaradan “masa”, “miz” söhbətini ortaya salıb, vəzifəyə pərçimlənmiş məmurlarımızı narahat edirsiniz. Sizi heç başa düşmək olmur.

    “Təyyarə” əvəzinə “uçaq”, “düşdü” yerinə “endi” deyirsiniz, “mənə tərəf gəl” əvəzinə, “bana gəl” söyləyirsiniz. “Tez ol” sözümüzü bəyənməyib, “çabuq ol” deyə səsləndirirsiniz. Hər sözümüzün bu qədər ziddinə getdiyiniz halda nasıl da qardaş oluruz?!

    Əfəndim, bizdə insanların ölüm itkisini, dövlət adamlarımız “tələf oldu” deyə dilə gətirərlər. Nədən bizimlə barışmayıb, ölməyə “can kaybı” deyir, öləni bu qədər can yanğısı ilə yad edirsiniz. “Kafam calışmıyor” deyirsiniz, olmazmı qardaşlıq xatirinə “başım işləmir” deyib, birlik nümayiş etdirəsiniz. Sonra da inciyirsiniz ki, Azərbaycanın millət vəkilləri türk dilinə, türk birliyinə qarşı səlib yürüşünə başlayıb.

    Sayqılı bəylər, sizin bizdə “şərq”, “qərb” kimi işlənən sözlərə “doğu”, “batı” deməyiniz çox gözəl, bəs “KİV” yerinə “basın” deyib, bizi qara günə qoymağınızı necə başa düşmək olar. Biləsiniz ki, bizdə KİV basın olmamışdan bir jurnalistin də burnu qanamamışdı. “Basın” sözünü dilimizə gətirər-gətirməz basın mənsubları hər gün Azərbaycanda basqı altındadır. Böylə qardaşlıq olurmu, əfəndim. Sizdə bu cür işlərə kötülük demirlərmi?

    Qardaşım, sizlər çətin durumda olan zamanlar dilə gətirilən “bir millət, iki dövlət” şüarına uyub da, Türkiyə gələnəklərini Azərbaycan adət-ənənələrinə pərçimləməkdən vaz keçin. Gəlib burda ərəb mənşəli “inkişaf” sözünə “qalxınma” deməklə camaatımızı iqtidarın üstünə qaldırmağınız sizi zor durumda buraxacaq. Sovet dönəminin ölgün yuxusuna dalmış bir məmləkətdə türk çılğınlığı ilə uca millətim deyə, haray salmağın nə önəmi var.

    Arkadaşlar, görünən budur ki, siz özünüzə sorunlar yaratmısınız. Bu səbəbdəndir ki, Azərbaycanın Milli Məclisi Türkiyədə istehsal olunan filmlərin yalnız tərcümə edildikdən sonra (yəni türkcədən türkcəyə) efirə buraxılması barədə qərarı müzakirəyə çıxardılar. Bunun material anlamı odur ki, paranı ödət, filmini yönəlt. Əks halda dəf ol da get Azərbaycandan, sevgili Türkiyəm!