“Deyəsən, o polis əməkdaşına aşiq olubmuş…” – DİN-DƏN LƏNKƏRANDA POLİSİN AZYAŞLI QIZA TƏCAVÜZÜ HAQDA AÇIQLAMA

387

Lənkəran sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyevanın qızı Diana Əliyevanın rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən cinsi təcavüzə məruz qoyulmasıyla bağlı saytımızda yayımlanan informasiyadan sonra məsələnin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə məktub ünvanlamışdıq. Xeyli müddət keçsə də DİN-ə ünvanladığımız məktuba cavab gəlməyib.

Bu səbəbdən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. Ehsan Zahidov Hurriyyet.org-a açıqlamasında şikayətçi Vüsalə Əliyevanın psixi problemlərinin olduğunu və qızı 14 yaşlı Diana Əliyevanın Lənkəran rayon Polis bölməsinin əməkdaşı Orxan Şahmarova aşiq olduğunu bildirib:

“Onların hamısı uydurmadır. Baş Prokurorluqdan tutmuş, Daxili İşlər Nazirliyinə kimi bütün dövlət qurumları işi araşdırıb. Fakt təsdiqini tapmır. Qızın anası psixi cəhətdən natamam adamdır. O xanıma biz dəfələrlə cavab da vermişik. Ekspertizanın da rəyi var. Deyəsən, o polis əməkdaşına aşiq olubmuş. Polis əməkdaşı da onu yaxın buraxmayıb. O da onu o cür şərləyir. Onlar bütün qəbullarda olublar. Qabaqlarına faktlar qoyulub və dedikləri faktlar da təsdiqini tapa bilməyib. Bir növ bunu şantaj adlandırmaq olar. Yalan deyir və şantaj edir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov əllərində ekspertiza rəyinin olduğunu bildirir. Biz, Ehsan Zahidovun dediyi ekspertizada nə yazıldığını bilmirik. Amma, konkret olaraq, bizim əlimizdə olan ekspertiza rəyində açıq şəkildə göstərilir ki, 14 yaşlı qız uşağı qeyri-təbii yolla cinsi təcazvüzə məruz qalıb. Hətta, bu könüllü olsa da belə, azyaşlı qız uşağına qarşı olunan seksual hərəkətlərin hamısı cinsi təcavüz sayılır.
Ehsan Zahidovun təcavüzə məruz qalmış qızın anası Vüsalə Əliyevanın psixi xəstə olması haqda iddiasına gəldikdə, qeyd edək ki, biz DİN-ə və Baş Prokurorluğa Diananın anası Vüsalə Əliyevayla bağlı məktub ünvanlamamışıq. Konkret olaraq, faktla bağlı niyə cinayət işinin qaldırılmamasını öyrənmək istəyirik. Çünki 14 yaşlı qız uşağına seksual xarakterli hərəkət baş verib. Məhz bu fakt araşdırılmalı və günahkar şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Digər tərəfdən, əgər ana psixi xəstədirsə, o polis tərəfindən Maştağa Psixiatriya Xəstəxanasına aparılmalı və onun psixi pozğunluğunun olub-olmasıyla bağlı rəy alınmalı idi. Yox əgər, bu rəy alınmayıbsa, onda Ehsan bəyin əlində heç bir dəlil olmaya-olmaya anaya ruhi xəstə damğası vurması hesab edirik ki, yanlışdır. Üstəlik, ana yalan danışıb, polis nəfərini şərləyirsə, niyə cinayət məsuliyyətinə cəlb olunmur?
Üçüncüsü, görəsən, Daxili İşlər Nazirliyi Diana Əliyeva və Orxan Şahmarov arasında olan “whatsapp” yazışmalarına baxıbmı? Polis əməkdaşının azyaşlı qıza yazdığı əxlaqdan kənar sözlər araşdırılıbmı?
Biz Hurriyyet.org olaraq, bir daha Daxili İşlər Nazirliyinə müraciət edirik. Qızın atası narkoman, anası isə psixi xəstə ola bilər. Bunun nə DİN-ə, nə Baş Prokurorluğa, nə də bu məsələyə aidiyyatı yoxdur. Ortada konkret ekspertiza rəyi və 14 yaşlı qıza təcavüzolunma faktı var. Bizə maraqlıdır ki, bu təcavüz faktı niyə araşdırılmır? Əgər məsələ Ehsan Zahidovun dediyi kimidirsə və araşdırılarsa, Orxan Şahmarovun təqsirsizliyi sübuta yetiriləcək və bu cinayətdə əli olan  şəxs aşkarlanaraq məsuliyyətə cəlb olunacaq.  Amma bütün bunlar olmayacaqsa, bu o deməkdir ki, polis bu cinayətin açılmasında maraqlı deyil. Bu da o anlama gəlir ki, ya ana haqlıdır, sadəcə polis cinayəti açacağı təqdirdə öz adına ləkə gələcəyindən çəkinir, ya da Orxan Şahmarovun arxasındakı havadarları cinayəti ört-basdır eləmək istəyirlər.
Ümid edirik ki, istər DİN, istərsə də Baş Prokurorluq polis adına ləkə gəitrən şəxsin müdafiəsindən imtina edəcək və 14 yaşlı qız uşağının pozulmuş hüquqlarını bərpa edəcək.

Hurriyyet.org