Dərbənd pandemiya təhlükəsinin mərkəzinə çevrilib

66

Bu qədim şəhərdə ölənlərin sayı 500 nəfəri ötdü; dərbəndlilər Azərbaycan hökumətinin dəstəyini gözləyirlər…

2020-ci il dünyanı öz ağuşuna alan COVİD-19 pandemiyası ən təhlükəli məkan kimi Dağıstanda özünü göstəməkdədir. Xüsusilə Dərbənd şəhəri bu fəlakətin əsas mərkəzi hesab olunur. Rəsmi statistikaya görə, Dərbənd və onun ətraf kəndlərndə koronavirus bəlasından ölənlərin sayı 211 nəfərdir. Ancaq yerli adətlərə və şəriət qanunlarına görə ölənlərin sayı məmurların səbatsızlığı ucbatından gizlədilib. Apardığımız müşahidələrə əsasən demək olar ki, pandemiyadan ölənlərin sayı 500 nəfərdən çoxdur. Rusiya prezidenti Vladimir Putinin nəzarətində olmaqla bölgəyə federal hökumətin adından səhiyyə, fövqəladə hallar və müdafiə nazirliklərini təmsil edən xüsusi komissiya hal-hazırda Dərbənddə qərargah yaradıblar. 

Dağıstanda pandemiya təhlükəsinin səbəbləri

Yerli hakimiyyəti təmsil edən strukturların münayəndələri bəşəriyyətin bəlasına çevrilmiş pandemiyanın qarşısını almaq üçün həyəcan təbili çalmağın əvəzinə, həm yerli əhaliyə, həm də federal hökumətə gündəlik hesabatlarda yalan informasiyalar ötürməklə, guya bölgədə virus təhlkəsinin heç bir təsir imkanlarının olmamasını təbliğ ediblər. Rusiya Federal hökumətinin apardığı araşdırmalar və əldə olunan  arayışlar nəticəsində bəlli olub ki, ölkənin ən təhlükəli regionu məhz elə Dağıstanın özüdür. Digər yandan isə, yerli səhiyyə təşkilatlarına rəhbərlik edənlər faktiki olaraq aciz duruma düşüblər. Çünki onların çoxu nəinki yerli hökumətə, federal mərkəzə də yalan informasiyalar veriblər. Buna görə də, Dağıstan artıq idarəolunmaz bir durumla üz-üzə qalıb. Pandemiya bəlası sonucunda ölənlərin sayının gizlədilməsinin digər səbəbi şəriət qanunlarını əsas gətirərək əhalinin rəhmətə getmiş yaxınlarının tibbi nəzarət altında “selofan” torbalarda dəfn edilməsinə qarşı çıxmasıdır. Problemin real səbəblərindən biri də virusologiya üzrə mütəxəssislərin yetərincə olmaması və tələb olunan dərmanların vər zəruri ləvazimatların keyfiyyətsiz şəkildə ortaya çıxmasıdır. Bütün bunları nəzərə alaraq, Federal hökumətin qərarı ilə müdafiə nazirliyinin nəzarətində olmaqla səhra xəstəxanalarının yaradılmasına başlanılıb. Paytaxt Maxaçqala başda olmaqla Kizlər, Xasavyurt, Buynaksk, Daxadev, Kaspi və Dərbənd rayonlarda səhra hospitalları yaradılıb. Rusiyanın müxtəlif regionlarından bölgəyə həkimlərdən ibarət xüsusi qruplar gətirilib.

Türkiyədən ilk humanitar yardım dəstəyi

Bu qardaş ölkədə yaşayan Qafqazəsilli xalqların ictimai təşkilatları adına “Kafkasya  Vakfı”, “Şamil Vakfı”, “Dağıstan Kültür ve Yardımlaşma Derneyi”, “Dağıstan Bilgi ve Yardım Derneyi”, “Birleşik Kafkasya Derneyi”, “Alan Vakfı” və s. onlarca humanitar yardım təşkilatları bir araya gələrək Qızılaypara Cəmiyyətinin vasitəsilə Dağıstana koronavirus təhlükəsinin qarşısını almaq üçün tibbi ləvazimatları göndəriblər. Bu yardımların şəffaflığı ilə bağlı verilən açıqlamaya görə, 100 min ədəd üçqatlı cərrahi maska, 20 min EN149 maska, 20 ədəd qoruyucu nəfəsalma cihazı, 22 min ədəd qoruyucu gözlük, 5 ədəd irihəcmli dizinfeksiya aparatı və digər zəruri ləvazimatlar yer almışdır. Bir sözlə Dağıstan xalqına dəstək olaraq humanitar yardım məsələsi vaxtında uzadılan qardaş köməyi oldu.

Dərbənd koronavirus təhlükəsinin mərkəzinə çevrilib

Rusiyanın federal hökumətinin xüsusi komissiyası tərəfindən aparılan araşdırmaya görə, son bir neçə gündə Dərbənddə yerli səhiyyə, fövqəladə hallar idarəsi və digər qurumların rəhbərliyini tutduğu vəzifədən uzaqlaşdırmaq barəsində müvafiq faktları aşkarlayaraq hökumətə təqdim edib. Şəhər nəqliyyat təsərrüfatı, iş yerlərinin qapalı olması, kəndlərarası və rayonlararası əlaqələrin dayandırılması tədbirlərinin həyata keçirilməsini ilk addım kimi önə sürübdür. Bundan əlavə, koronavirusa yoluxanların nəzarətə alınması tədbirlərini həyata keçirilməsinə başlanılıb. Mütəxəssislərin verdiyi açıqlamara görə, COVİD-19 bəlasının qarşısının alınması prosesində əsas problem zəruri tibbi avandanlıqların çatışmaması və yetərincə olmamasıdır. Bütün bunları diqqətlə təhlil edən yerli ziyalıların fikrincə, təcili tədbirlərin görülməsi üçün qardaş Azərbaycanın bu prosesdə yaxından iştirak etməsi lazımdır.

O da bəllidir ki, qardaş ölkə kimi ümid yeri olan Azərbaycana Dağıstan və xüsusilə Dərbənd sakinləri hər zaman Bakını xüsusi olaraq dəyərləndiriblər. Koronavirus pandemiyasının qarşısının alınmasında Azərbaycan faktiki olaraq Qafqaz regionunda hər kəsə xüsusi nümunə oldu. Bu təcrübənin Dağıstanda həyata keçirilməsi və xüsusilə Dərbənddə bir sıra problemlərin həlli istiqamətində zəruri addımların atılmasına böyük ümidlərlə baxılır.
Yerli mütəxəssislər onu da qeyd edirlər ki, əgər ən qısa zaman kəsimində Dərbəndlə bağlı zəruri addımlar atılmasa, bu qədim şəhər Çinin Uhan şəhərində yaşanılan bu bəşəri problemlə üz-üzə qalacaq. Nəticədə sürətlə yayılan amansız virusun bəlası bütün region üçün təhlükə mənbəyinə çevrilə bilər.

Sonu bəlli olmayan problemlərin məngənəsində

Pandemiyanın gətirdiyi bəlanın nəticəsində bəlli oldu ki, Dağıstanda həkimlərin sayı,  tibbi cihazların və zəruri dərmanların yetərincə deyil. Elə buna görə də əhali özünü müalicə metodundan istifadə edir. Kimyəvi radioaktiv təhlükənin aradan qaldırılması ilə bağlı problemlərin dəf edilməsi üçün zəruri avadanlıqlar və texnikanın olmaması Dağıstan üçün əsil bəlalardan biridir. Samara vilayətindən və Rusiyanın digər bölgələrindən Dağıstana yardım məqsədilə gətirilən 14 texnikanın və 60-dan çox mütəxəssisin çevik şəkildə problemlərin həllinə görə iştirakı da yetərincə deyil. Problemin həlli istiqamətində təbii olaraq, məmurların, xüsusilə səhiyyə nazirliyinin hesabat xarakterli açıqlamalarında çoxsaylı qeyri dəqiqliklər də var. Pandemiyadan ölənlərin çoxunu “soyuqdəymədən ölənlər” kimi qeyd edilməsi vətəndaş cəmiyyətinin haqlı narazılığına səbəb olub. Problemin digər səbəbi həddən ziyadə dindarlığın baş alıb getməsidir. Belə ki, cümə namazına xüsusi önəm verən dindarlar kütləvi şəkildə ibadət vaxtı tələb olunan şərtlərə əməl etmirlər. Faktiki olaraq məscidlər və digər ibadətxanalar bağlanmayıb. Ona görə də, virusun bəlasının daha geniş miqyas alması başlıca problemlərdən biridir. Koronavirus bəlasının qarşısının alınması üçün Dağıstanəsilli biznes adamlarına və messenatlara çoxsaylı müraciətlər olunsa da, kimsə bu ideyaya yaxın durmayıb. Yerli apteklərdə Çindən gətirilərək satılan adi maskalar olduqca keyfiyyətsidir.

Dərbəndlilər gözünü Bakıya dikib

COVİD-19 pandemiyasının təcili tədbirlər nəticəsində tezliklə aradan qaldırılması üçün şəhər əhalisi Azərbaycan dövlətinin humanizminə böyük ümidlə baxırlar. Bu ilin fevral ayından indiyə kimi Azərbaycan hökumətinin koronavirusla bağlı həyata keçirdiyi xoşməramlı tədbirlərin sayəsində qonşu ölkələrə humanitar yardımların edilməsi bir sıra problemlərin həllində müstəsna rol oynayıb. Belə ki, Azərbaycanla həmsərhəd dövlətlərdə pandemiyanın sürəli şəkildə yayılmasının qarşısı vaxtında alınıb. İran və Gürcütsan buna parlaq nümunədir. Dağıstan və xüsusilə Dərbənddə pandemiya bəlasının qarşısının alınması regional baxımdan bu təhlükənin qarşısının alınmasında müstəsna əhəmiyyətə malikdir. Dərbəndli ziyalılar bildirdilər ki, təcili tədbirlər görülməsə bu qədim şəhər dünyanın ən böyük məzarlığına çevrilə bilər. Rusiya və Azərbaycan, eləcə də Dağıstan və Azərbaycan əlaqələrində Dərbənd tarix boyu strateji baxımdan körpü rolunda çıxış edib. Dərbənd öz coğrafi əhəmiyyətinə, mövqeyinə, etnomədəni sisteminə görə bu strateji nöqtənin mərkəzi hesab olunub.
Pandemiya təhlükəsinin Dağıstanda və xüsusilə Dərbənddə ötüşmədiyini, bu bəlanın nə zaman sona çatacağını kimsə proqnozlaşdıra bilmir. Bunun üçün zəruri tədbirlər həyata keçirilməlidir. Bir sözlə, fəlakət zonasına daxil olan Dərbənddə pandemiyanın bütün izlərini aradan qaldırmaq üçün təcili və zəruri tədbirlərin həyata keçrilməsi çox vacibdir.
Dərbəndli ziyalıların bizə verdiyi açıqlamaya görə, Rusiyanın Federal hökumətinin atdığı addımlar olduqca qürurvericidir. Ancaq o da bəllidir ki, əlavə tədbirlərə də çox böyük ehtiyac var. Ona görə də, Azərbaycan hökumətinin humanitar addımlarını böyük səbirsizliklə gözləyirlər. Necə ki, Türkiyənin Qızılaypara Cəmiyyətinin ən kritik dönəmdə irəli sürdüyü təşəbbüslər sayəsində regionda bir sıra problemlərin qarşısı vaxtında alındı, belə bir humanitar aksiyada Azərbaycanın iştirakı olduqca zəruridir.

Ə. Yusifoğlu