Deputatın oğlu Firuz Haşımovdan 10 min manat tələb edir

9

Elçin Sadıqov: “Firuz Haşımovun yazdığı məqalələrdə məlumatların hamısı həqiqətdir”

Sahib Quliyev: “Elmira Axundova və oğlu zərərçəkənlərə bir qəpik də qaytarmayıb”

Ölkədə ədalətli məhkəmə sisteminin olmaması hər zaman vətəndaşlarımızın yaralı yeridir. İnsan hüquq və azadlıqlarını qorumalı olan, hüququn aliliyin təmin etməli olan məhkəmə orqanları heç də öz funksiyasını normal yerinə yetirmir, hakimlər ədalətin təcəlli tapmasına çalışmırlar, adətən məhkəmə qətnamələri sifarişlə yerinə yetirilir. Təbii ki, istisna hallar var, az bir qisim ədalət məhkəmələri öz qərarlarını vicdanla, şərəflə qəbul edirlər. Lakin bu, danılmazdır ki, əksər hakimlərin qərarı sifarişlidir, ya bu qərar və qətnamələr rüşvət müqabilində, ya da göstərişlə, təzyiqlə həyata keçirilir. Ədalətsiz məhkəmə qərarları təkcə sadə vətəndaşlar barəsində deyil, jurnalistlər, o cümlədən də qocaman publisist Firuz Haşımovla bağlı çıxarılıb. 82 yaşlı yazar F.Haşımova 2016-cı ildə Xətai Rayon Məhkəməsi tərəfindən 2 min manat, indi isə Binəqədi Rayon Məhkəməsi tərəfindən 10 min manat cərimə kəsilib. Ona görə, Firuz Haşımovla bağlı məhkəmə qərarını ədalətsiz hesab edirik ki, iddiada yer alan məqalələrin müəllifi o deyil və bu, faktlarla təsbit olunur.

Maraqlıdır ki, hər iki iş də keçmiş deputat Elmira Axundovanın özü və oğlu ilə bağlıdır. Bu baxımdan, o da diqqəti çəkir ki, qocaman jurnalisti susdurmaq üçün sifariş “yuxarı”dan gəlib. Çünki iddiada yer alan məqalələri F. Haşımov yazmadığı halda, ona cərimə kəsilib. Əslində, bu və digər hallar onu göstərir ki, ölkədə qanunlar olsa da, onlar vətəndaşın mövqeyindən yana deyil. Bütün bunların səbəbi isə dövlət qurumu olaraq Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq  Şurasının, eləcə də Ali Məhkəmənin ədalət prinsipindən uzaq düşməsidir. Çünki normal ədliyyə sistemi olan ölkədə belə bir fakt mümkün olmaz ki, kiməsə yazmadığı məqaləyə görə cərimə kəsələr. Təbii ki, əgər ölkədə ədalətli məhkəmə sistemi olsaydı, bu cür sifarişli qərarlar da qəbul oluna bilməzdi.

Qeyd edək ki, martın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən iclasda publisist Firuz Haşımovla bağlı işə baxılıb. İclasda F. Haşımovun vəkilləri  Elçin Sadıqov və Sahib Quliyev onun hüquqlarını müdafiə ediblər, qətnaməni əsassız hesab edərək, ləğvini tələb ediblər.

Elçin Sadıqov məhkəmədə Elmira və Həbib Axundovların dövlət qurumlarından verilən çoxsaylı avtomobillərinin, mal-mülklərinin siyahılarını da təqdim edib.  Eyni zamanda KİV-lərin sorğulara verdiyi cavablar da məhkəməyə təqdim olunub. Hansı ki, bu arayışlarda iddiada yer alan məqalələrin müəllifinin Firuz Haşımov olmadığı təsdiq olunur.

Onu da nəzərə çatdıraq ki, məhkəmədə Axundovların vəkili Afət Qazıyevanın Elçin Sadıqovun sualları qarşısında aciz qalaraq Firuz  Haşımovun hansı məqalədə iddiaçı Elmira və oğlu Həbib Axundovu təhqir etdiyini əsaslandıra bilmədi. E. Sadıqovun “məqalələrdə ailə sirri hüququna toxunulduğundan danışdınız, konkret hansı məqalələrdən söhbət gedir” sualına cavab olaraq A. Qazıyeva “Məqalələrdə ifadə olunan cümlələrin yerini qaralamışam” dedi. Qarşı tərəfin hazırlıqsız olduğunu görən hakim isə prosesi martın 31-nə təxirə saldı.

“Firuz Haşımıovun ifadələrinin əsasında faktual baza durur”

Картинки по запросу "Elçin Sadıqov"

Məhkəmədən sonra vəkil E. Sadıqov “Hürriyyət”ə açıqlama verərək Binəqədi Rayon Məhkəməsinin nəyə əsasən Firuz Haşımova 10 min manat cərimə kəsildiyinə aydınlıq gətirdi: “Məhkəmə əsaslanıb ki, Firuz Haşımovun ifadələri qiymətləndirici mülahizədir. Biz sənədlər təqdim etdik ki, həmin ifadələrin əsasında faktual baza durur. Özünüz də gördünüz ki, biz Elmira Axundovanın özünə, oğluna məxsus 111-lə olan avtomobillərin, villalarının şəkillərini, sənədlərini təqdim etdik”.

“Biz tələb edirik ki, həmin qətnamə ləğv olunsun”

Elmira və Həbib axundovların iddiasını tamamilə əsassız hesab edən E.Sadıqov vurğuladı ki, Firuz Haşımovun yazdığı məqalələrdə isə  məlumatların hamısı həqiqətdir: “Biz bununla bağlı lazimi bütün sənədləri təqdim etmişik. Kompensasiya da iddiaçıya dəymiş zərərin ödənilməsi kimi yox, cavabdehləri cəzalandırmaq məqsədi ilə təyin olunmuş kompensasiyadır. Bu məqsədə münasib bir kompensasiya deyil. Yəni İddiaçının şərəf və ləyaqətinə yönəlmiş yox, cavabdehləri cəzalandırmaq məqsədilə təyin olunmuş kompensasiyadır. Bütün hallarda Konvensiyanın ifadə azadlığına təminat verən 10-cu maddəsi burada pozulur. Ona görə də biz tələb edirik ki, həmin qətnamə ləğv olunsun”.

 “Orada söhbət milyonlarla məbləğdən gedirdi”

Keçmiş deputat Elmira Axundovanın Firuz Haşımova qarşı bir dəfə Xətai rayon Məhkəməsində iddia qaldırıb cərimələtdirdikdən sonra, ikinci dəfə isə oğlu Həbib Axundovun ona qarşı iddia qaldırmasının kökündə duran məsələni isə vəkil Sahib Quliyev izah etdi: “Məsələnin kökündə dələduzluq cinayəti ilə bağlı iş var idi, bu mülki məsələ də ondan yaranıb. Həmin o dələduzluq işində bu cavadehlərdən biri – Fərman Məmmədovun həmin vaxtı Milli Məclisin deputatı olmuş Elmira Axundova və onun oğluna müəyyən məbləğdə pul verməsi ilə bağlıdır. Həmin pulu şəxs tələb edib ki, vaxtında qaytar. Onlar gedib ondan şikayət yazmışdı, Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi araşdırılırdı. Həmin o epizod araşdırması ilə bağlı da yeni zərəçəkənlər üzə çıxdı, müəyyən olundu ki, bir neçə şəxsi də dələduzluqla aldadıblar, külli miqdarda-100, 200, 300 min pullar almışdı. Orada söhbət milyonlarla məbləğdən gedirdi. Həmin o cinayət işində bir neçə şəxsin iddiası var idi”.

Həmin iş üzrə İbrahimov Elnur Rauf oğlu adında şəxsin təqsirli bilindiyini qeyd edən S. Quliyev diqqətə çatdırdı ki, o, məhkəmənin hökmü ilə 9 il cəza alıb: “Bu gün də cəzaçəkmə müəssisəsindədir. Həmin o işlə bağlı hökmə baxsanız, görərsiniz ki, 10-15 zərərçəkən var. Bir neçəsində göstərilir ki, bunlar pulu Elmira Axundovanın özünə və yaxud da onun oğlu vasitəsilə verilmişdi. Həmin adamlar da onlardan pulunu tələb edirdi ki, “sizi tanıyırıq, siz də pulu qaytarın”. Firuz Haşımovla bağlı mülki məsələ də bundan yarandı. O cinayət işinin istintaqı gedəndə orada bir az narazılıqlar yarandı, zərərçəkənlər narazı qaldı ki, iş qərəzli gedir. Həmin vaxtı Elmira Axundova səlahiyyətə malik idi, Milli Məclisin deputatı idi, onun təzyiqlərindən çəkindilər. Həmin o zərərçəkənlər də müəyyən müraciətlər etdilər, ölkə rəhbərliyinə rəsmi qaydada ərizə yazdılar ki, “xahiş edirik təsir göstərin, işi düz aparmırlar, biz pulumuzu vermişik. Bizi aldadıblar, pulumuzu qaytarmırlar. Bizə aid olmayan şəxsləri işə cəlb ediblər”.  Elmira Axundova da və oğlu da hesab etdilər ki, həmin müraciətlərdə bunların şərəf və ləyaqətinə toxunulan məlumatlar yayılıb. Hansı ki, o məlumatlar birbaşa cinayət işində Elmira Axundovanın oğlunun ifadələrində var. O bildirir ki, “bəli, filankəs əmimdir, dayımdır, ondan bu qədər məbləğdə pul almışam. Onunla iş qurmuşuq”. Burada müəyyən məsələlərə özü şəxsən toxunur. Bunlar da özünün etirafına istinad edərək deyir ki, “bizim pulumuzu qaytar. Sən tanıdığın adamdan pulu alarsan-almazsan, özün bilərsən. Mən səni tanıyıram, pulu sənə vermişəm”. Bundan narazılıq yarandı. Bunlar da sonra hesab etdilər ki, bu şəxslərin halal pulunu tələb etməklə bağlı müraciəti bunların şərəf və ləyaqətinə toxunur, işgüzar nüfuzlarına xələl gətirir, yəni ki, səlahiyyətli orqanlara niyə müraciət edirlər. Məsələ bundan qaynaqlanır. Buna görə də götürdülər birinci dəfə Firuz Haşımovu məhkəməyə verdilər”.

“Məlumat həqiqətdirsə, mülki məsuliyyət yaratmır”

Firuz Haşımov tarixçi, siyasətçi, ziyalı adam olduğunu vurğulayan S. Quliyev nəzərə çatdırdı ki, o, sərbəst jurnalist fəaliyyəti ilə məşğuldur, qəzet və saytlarla əməkdaşlıq edir: “Firuz Haşımovun da bir ağsaqqal kimi bu məsələdən məlumatı olub. Bu mülki işdə zərərçəkənlər var. Onlardan Fərman Məmmədovla əvvəldən qohumluq, dostluq münasibəti olub.  Firuz Haşımovla söhbət əsnasında o, deyib ki, “başıma belə bir iş gəlib, filankəslər tərəfindən aldanmışam”. O da jurnalistdir, məqaləsində yazıb  ki, belə bir faktla rastlaşıb, vətəndaşların narazılığı var. Biz də bunu məhkəmələrdə araşdırdıq, onun məqaləsində heç bir təhqir, həqiqətə uyğun olmayan məlumat yoxdur. Şərəf, ləyaqətlə bağlı mülki məsuliyyət onda yaranır ki,  şəxs sübut etsin ki, mənim yaydığım məlumat həqiqətə uyğun deyil, yalandır. Bu, həqiqətdirsə, mülki məsuliyyət yaratmır. Bu gün məhkəmədə iştirak etdiniz, gördünüz ki, qarşı tərəfin vəkili heç nəyi sübut edə bilmədi. Gördünüz ki, şəkilləri, sənədləri təqdim etdik.  Zərərçəkənlər şikayətçidirlər, deyirlər, “bizim, malımızı, pulumzu almışınız”. Deyək ki, sizin də varlanmağınız filan dövrə təsadüf edir. Əmlaklar əldə etmisiniz. Bunların milyonlarla dəyəri var. Bəs bunlar haradandır? Əgər yalandırsa, de, bu maşın, əmlak mənim deyil, yalandır, onda bu adamı mülki məsuliyyətə cəlb etsinlər, sanksiya qoysunlar ki, həqiqətə uyğun olmayan məlumatı yayıb. Bunlar hamısı faktdır. Üst-üstə düşdüyünə görə, biz də məhkəmədə bu məsələni qaldırdıq ki, bunu sübut edək. Əvvala, burada təhqir,  şərəf və ləyaqəti alçaldan məlumat yoxdur. İkincisi, varsa da belə, bu halda məsuliyyət yaradır ki, həqiqətə uyğun olmasın, mən yalandan deyim. Əgər həqiqətə uyğundursa, əmlakı olmaq gizlin deyil. Biz demirik ki, sənin niyə o əmlakın var? Niyə 1 milyonluq maşın sürürsən? Amma onun mənbəyi olmalıdır, halal yolla qazanmısansa, onda Allah işini avand etsin. Məqalədə cavabdehlər, yəni zərərçəkənlər deyir ki, biz dələduzluğa məruz qalan dövrdə əldə olunan əmlaklardır”.

 “Ümumilikdə Fərman Məmmədov 575 min verib, onun 250 mini qaytarılıb”

S. Quliyev onu da bildirdi ki, Elmira Axundova və oğlu zərərçəkənlərin heç birinə bir qəpik də qaytarmayıb: “Bildiyimə görə, yalnız Fərman Məmmədova istintaq vaxtı 250 min manat Elmira Axundova şəxsən özü qaytarıb.  Məndə olan məlumatlara görə, həmin vaxtı onların  yazışmaları, telefon danışıqları var. Orada da etiraf olunur ki, pulu Fərman Məmmədov Elmira Axundovun oğluna vermişdi. Ona görə də ona deyir ki, mənim pulumu qaytar. Onlar da məcbur olub 250 min manatı qaytarmışdı. Demişdi ki, geridə qalanı da hissə-hissə qaytaracaq. Belə danışıqlar var. Ümumilikdə Fərman Məmmədov 575 min verib, onun 250 mini qaytarılıb.  Bu, məhkəmə hökmündə də əksini tapıb. Orada digər zərərçəkmişlər var, 50 min birinə, 55 min birinə zərər vurulub. O cümlədən Həbib Axundov da zərərçəkəndir, guya ki, həbs olunan Elnur İbrahimov 55 min də onun pulunu mənimsəyib, qaytarmalıdır. Orada 150, 100, 80 min  pul verən var”.

“Eyni şəxs arasında eyni predmetlə bağlı iki dəfə işə baxıla bilməz”

S. Quliyevin sözlərinə görə, ilk dəfə Xətai Rayon Məhkəməsində Elmira Axundova özünün və ailəsinin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı iddia qaldırmışdı: “O iddiada həmin məqalələrdir, eyni qəzetlər, saytlardır. Orada da həmin tələblər qoyulur. Orada məhkəmə iddianı təmin etmişdi. Düzdür, axırda Ali Məhkəmə tərəfindən kəsilən cərimə azaldıldı, 2 min manata endirildi, amma eyni tələblərdir. Mən məhkəmədə də bildirdim ki, şəxs özünü və ailəsinin şərf, ləyaqət məsələsini qaldırıb. Qüvvədə olan məhkəmə aktıdır. Qanunvericilik də bu gün deyir ki, eyni şəxs arasında eyni predmetlə bağlı iki dəfə işə baxıla, təkrar məsuliyyət məsələsi həll oluna bilməz. Əgər Həbib Axundov başqasının övladıdırsa,  mən razı. Əgər bu gün Həbib Axundov Elmira Axundovanın ailə üzvü sayılırsa, ikinci dəfə eyni iddianı qaldırmaq ziddiyyət yaradır”.

“Hürriyyət”