Deputat oğlunun adı keçən milyonluq məhkəmə başladı

    9

    Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra zərərçəkmiş Fərman Məmmədovun nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, cinayət işi ilə tanış olmayıb: "İşlə də tanış deyiləm. Müvəkkilim deyir ki, istintaq dövründə təqsirləndirilən Elnur İbrahimovdan heç vaxt şikayətçi olmayıb. Onun şikayəti Həbib Axundova qarşı olub. Çünki müdafiə etdiyim şəxs pulu Həbin Axundova verdiyini deyib".

    Zərərçəkmiş F.Məmmədov da vəkilinin qaldırdığı vəsatətlə razı olduğunu qeyd edib. Vəsatət təmin edilib.

    Proses mayın 31-dək təxirə salınıb.

    Qeyd edək ki, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə onların 1 milyona yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimov H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

    Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

    Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər./lent.az/