Deputat: “Dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır”

39

Mayın 26-da ATƏT PA-nın “Pandemiya zamanı qaçqın və miqrantların qorunması” mövzusunda onlayn iclası keçirilib.

Hurriyyet.org bildirir ki, bu barədə Modern.az-a Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə məlumat verib.

Deputat bildirib ki, müzakirə olunan mövzu çox vacib və həssas bir məsələyə həsr olunub:

” Bu gün dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır.

Çıxışım zamanı ölkəmizdə Dövlət Miqrasiya Xidməti tərəfindən görülən bir sıra tədbirləri iclas iştirakçılarına bildirdim.

Belə ki, karantin dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra xidmətlərin yalnız elektron qaydada həyata keçirilib. Bu müddətdə sənəd qəbulu optimallaşdırılıb və icazə proseduru sadələşdirilib.

 

Ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb. Ölkədə olma müddəti bitən əcnəbilərin icazələri özləri müraciət etmədən uzadılıb. Dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin əcnəbilər qısa müddət ərzində ölkəni tərk edə biləcəklər.

 

Görülən işlərin nəticəsidir ki, xüsusi karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb.

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini də davam etdirib. Bütün zəruri məlumatlar həm Xidmətin internet saytı, Facebook və Twitter sosial hesabları, həm də “(012) 919” Çağrı Mərkəzi vasitəsilə əcnəbilərə çatdırılıb”.

Parlamentari daha sonra Ermənistan hökümətinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun hələ də işğal altında olduğunu qeyd edib:

“Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Təcavüz nəticəsində, həmçinin 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalmışlar.

Son olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə – zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırdığımı bildirdim”.