Deputat: “Bütün sektorlarda islahatlar aparılır”

51

 

“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması starteji qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfiqi və şaquli vektor üzrə aparılır: “Yəni islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üşün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır. COVID-19 pandemiyasının yaratdığı qlobal şərtlər isə sosial izoliyasiya şəraiti içərisində iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir. Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdrimək üçün yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır. Başqa bir tərəfdən hazırda bütün dünyada sərmayə qıtlığının yarana biləcəyi bir vaxtda milli resursların, xüsusilə dövlət şirkətlərinin iqtisadi potensialının investisiya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir. Ona görə də sərəncamda qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür”.

Deputat qeyd edib ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur: “Əslində isə bu həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın. Ona görə də sərəncamda azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi vurğu edilir”.