Demokratiyanın Azərbaycan modeli

    15

    Dünən Musavat Partiyasının qərargahında keçirilən xeyriyyə tədbirinə polis müdaxil edib. Belə ki, partiyanın qərargahına daxil olan Binəqədi rayon polis əməkdaşları Həmrəylik Marafonunu rəsmən dayandırıb və insanları qərargahdan zorla çıxarıb.

    Məlumat üçün bildirək ki, xeyriyyə marafonunun keçirilməsində məqsəd etiraz aksiyalarında cərimələnən müxalifətçilər üçün ianə toplamaq olub. Bu aksiyada Müsavat və AXCP üzvləri ilə yanaşı, heç bir siyasi mənsubiyyəti olmayan vətəndaşlar da iştirak edib.

    Maraqlıdır ki, bir neçə gün əvvəlcədən sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi haqda verilən anonslar, vətəndaşların xeyriyyə marafonunda iştiraka dəvət olunması Binəqədi polisinin rəhbərliyi tərəfindən yanlış anlaşılıb. Görünür, “aksiya”, “marafon” adını eşidən polislərimiz, bunu müxalifətçilərin növbəti qanunsuz yürüş-mitinq keçirməyə cəhdi kimi dəyərləndirərək, səhər saatlarından hazır vəziyyətdə dayanıb. Təsadüfi deyil ki, ianə kampaniyasına strat verilən kimi – saat 12:00-da Binəqədi polis idarəsinin əməkdaşları Müsavat Partiyasının qərargahına basqın edərək, Həmrəylik Marafonunu dayandırıb və qərargahdakı insanları oradan çıxarıb.

    Ən maraqlısı isə odur ki, xeyriyyə aksiyasını dağıdan polis əməkdaşları Müsavat Partiyasının binası önündə AXCP sədri Əli Kərimlini və onun bir neçə tərəfdaşını da həbs edərək, Binəqədi rayon polis idarəsinə aparıblar. Belə anlaşılır ki, hörmətli polislərimiz bu cür möhtəşəm əməliyyat sonrası idarəyə əliboş dönməyi özlərinə rəva bilməyiblər, Ə.Kərimli və daha bir neçə müxalifətçini də “qənimət” götürməyi qərara alıblar. Lakin, görünür, son anda hakimiyyət rəhbərliyindən göstəriş gəlib ki, a kişilər, bizi dünyaya güldürməyin, burada heç bir icazəsiz yürüş-mitinq yoxdur, AXCP sədrini və tərəfdarlarını sərbəst buraxın. Hər halda saxlanıldıqdan 3 saat sonra azad edilən Əli Kərimlinin mediaya açıqlamasında ilk olaraq “ortada yanlış anlaşılma var” söyləməsi də dediklərimizin bariz nümunəsi hesab oluna bilər.

    Amma, yenə də hörmətli hökumət rəsmiləri özlərini sındırmayaraq, etiraz aksiyalarında cərimələnən müxalifətçilər üçün ianə marafonunun təşkilində iştirak etdiyi üçün Ə.Kərimliyə rəsmi xəbərdarlıq etməyi də unutmayıblar.

    Əlbəttə, Azərbaycan polisinin bu “əməliyyatı” ölkədə heç də xoş qarşılanmayıb. Söhbət təkcə Əli Kərimli və digər müxalifətçilərin saxlanılmasından getmir, Azərbaycanda istənilən partiya sədrinin bu Həmrəylik Marafonunda həbs olunması eyni reaksiyaya səbəb olacaqdı. Çünki burada hakimiyyət əleyhinə hər hansı bir fəaliyyət olmayıb, qeyd etdiyimiz kimi, insanlar etiraz aksiyalarında cərimələnən müxalifətçilər üçün öz imkanları daxilində ianə toplamaqla məşğul olublar. Bu məsələ hakimiyyəti nə üçün narahat etməlidir? Axı, belə kampaniyalar zamanı ən çoxu bir neçə yüz manat vəsait toplanır ki, bununla da hansısa iğtişaş təşkil etmək, yaxud iqtidarı narahat edə biləcək digər fəaliyyət növü ortaya qoymaq mümkün deyil. Hər kəsə bəllidir ki, ora toplanan insanlar ən yaxşı halda 5-10 manat ianə ödəmək imkanındadırlar. Bu kampaniyaya dəyəri milyonlarla dollarlıq villalarda yaşayan, bahalı avtomobillər sahibi olan oliqarx-məmurlar, onların övladları dəstək vermir ki, hakimiyyətdə kimlərsə bundan narahat olsun!

    Əslində, bu cür tədbirlərə yersiz müdaxilələr bir çox şübhələri də ortaya qoyur. İlk növbədə belə qənaətə gəlmək olar ki, hakimiyyət heç bir halda müxalif düşüncəli insanların, hətta bunların sayı 15-20 nəfər olsa belə, bir araya gəlməsini istəmir. Görünür, ölkədə narazılığın günbəgün artması onları ciddi narahatdır.

    Digər tərəfdən, ortada hakimiyyətə qarşı hər hansı fəaliyyət olmadığı halda insanların hüquqlarının kobud şəkildə pozulması düşünülmüş addım da ola bilər. Mümkündür ki, hakimiyyət daxilindəki Rusiyapərəsət qüvvələr bu kimi addımlarla Azərbaycan dövlətinin Qərbə inteqrasiyasının qarşısını almağa, Avropa Birliyi ilə əlaqələrinə zərbə vurmağa çalışır.

    Üçüncü bir ehtimal isə ondan ibarətdir ki, hakimiyyət bu cür tədbirləri qanunsuz hesab etdiyindən, onun qarşısını almağı özünə borc bilir. Yəqin ki, bunu da demokartiyanın yeni Azərbaycan modeli hesab edirlər.

    Mahir Mürşüdov

    P.S. Görəsən, ölkədə xeyriyyə tədbirlərini qadağan edən hakimiyyət növbəti dəfə müxalifətçiliyin demokratiyaya “zidd” olduğunu bəyan etməyəcək?!