Demokratiyada siyasi biliyin əhəmiyyəti – TƏHLİL

    6

    Əbədi oyanıqlıq vətəndaşların siyasi biliklərə sahib olmalarını aydın şəkildə tələb edir

    Populyar demokratik nəzəriyyə belə hesab edirdi ki, demokratik vətəndaşlar hər mövzuda olmasa da əksər məsələlərdə siyasi namizədlərin platformasını öyrənib, ona uyğun səs verən rasional seçicilərdir. Lakin empirik yönümlü politoloqlar onillərdir ki, demokratik vətəndaşların siyasi davranışını öyrənirlər və onların əldə etdikləri nəticələr seçicilərin siyasi bilik səviyyəsi baxımından populyar demokratik nəzəriyyədən çox uzaqdadır. Politoloq Leri Bartelsin vurğuladığı kimi, “Amerika seçicisinin siyasi cahilliyi müasir siyasətin ən yaxşı sənədləşdirilmiş nəticələrindən biridir”. Hətta Bartelsdən təxmini on il əvvəl Maykl Marqolis qeyd etmişdi ki, “siyasi elmlər bizə deyir ki,” əksər Amerika vətəndaşları öz siyasi nümayəndələri və hökumətləri barədə heç nə bilmir və maraqlanmırlar və ən əsası isə “bu nəticələr politoloqlara çoxdandır ki məlumdur”. Əgər siyasi informasiya “demokratik proseslərdə iştirak üçün əsas resursdursa,” Amerika vətəndaşları siyasi resurs baxımından ciddi qıtlıq çəkirlər. Rik Şenkman belə bir nəticəyə gəlir ki, kütləvi cahillik “Amerikan siyasətindəki axmaqlığın ən bariz səbəbidir”. Qısası, əldə olan material, yəni, Amerika vətəndaşlarının aşağı siyasi bilik səviyyəsi buraxılan məhsulu, yəni, bütün vətəndaşlara fayda verən, arzuolunan siyasi sistemi müəyyən edir. Buna görə də, “əgər sistemə daxil olan keyfiyyətlər ikimənalı, qeyri-müəyyən və axmaqdırsa o halda ən yaxşı ictimai rəy belə yalnız ikimənalılıq, qeyri-müəyyənlik və axmaqlığı əks etdirə bilər”.

    Bu gün demokratik sistemlərin düzgün işləməməsinin ən əsas səbəblərindən biri kütləvi cahillikdir. Brayen Kaplan qeyd edir ki, əksər seçicilər “cahildən də pisdir:” irrasionaldır və irrasional olaraq da səs verirlər. Onlar namizədlərin əhəmiyyətli siyasi məsələlər barədə olan görüşlərini müəyyən edə bilmirlər. Bir çox halda hansısa siyasi məsələnin cavabını öyrənmək üçün küçədəki orta statistik amerikalıdan soruşmaqla müqayisədə püşk atmaq daha faydalıdır. Seçici cahilliyi siyasi elmlərdə yaxşı sənədləşdirilmiş sahədir və bizə məlumdur ki, Kempbell və onun həmkarlarının tədqiqatından bəri amerikalı seçicilərin siyasi bilik səviyyəsi inkişaf etməyib.

    Empirik yönümlü politoloqların verdiyi digər təəssüfedici xəbər isə budur ki, bu siyasi cahillik trendinin yaxın gələcəkdə dəyişəcəyi heç də gözlənilmir. Bütün bu faktlara baxmayaraq demokratiyanın doğru işləyə bilməsi üçün səriştəli vətəndaşlara ehtiyacının olmadığını iddia etmək gülüncdür. Nümayəndəli demokratiyanın mövcudluğu üçün bilikli seçicilər şərtdir.

    Prinsip etibarilə bir çox siyasi nəzəriyyəçi yalnız səriştəli vətəndaşlara səsvermə hüququnun verilməli olduğunu qəbul etsələr də, onlar “səriştəlilik” anlayışının tərifi barədə müxtəlif fikirdədirlər. Məsələn, Robert Dahlın minimalist konsepsiyasına görə vətəndaşın öz maraqlarını bilməsi və öz həyatı barədə qərar qəbul etmək bacarığı onun səriştəli vətəndaş olduğunu göstərir. Politoloq Korey Brettşnayder də oxşar tərif irəli sürərək iddia edir ki, vətəndaşın siyasi haqqları varsa deməli biz artıq həmin vətəndaşın maraqlarını müdafiə edə biləcək ən yaxşı hakimin məhz onun özü olduğunu qəbul etmişik. Minimalist tərifin əksinə olaraq Ceyson Brennan səriştəliyi “böyük miqdarda sosial elmi bilik” kimi başa düşür. Bu görüşə görə, səriştəsiz vətəndaşların siyasi hüquqlarını məhdudlaşdırmaq lazımdır ki, onlar günahsız və səriştəli vətəndaşlar “üzərində siyasi hakimiyyət icra edə bilməsinlər”. Siyasi filosof Deyvid Estlund səriştəliliyi təsadüfdən və ya püşk atmadan daha yaxşı olmaq bacarığı kimi konseptləşdirir və kollektiv səriştəliliyi fərdi səriştəlilikdən üstün tutur. Estlunda görə əgər bir qrup insan verdikləri siyasi qərarlarla püşk atmadan daha yaxşı nəticə əldə edə bilirsə, bunu kollektiv səriştəlilik hesab etmək olar. Başqaları səriştəliyə siyasi bilik – “uzun müddətli yaddaşda saxlanılan bir sıra faktiki informasiya” – kimi yanaşır və tərifdən də göründüyü kimi müəlliflər düşünürlər ki, vətəndaşlaşların siyasi faktlarımütəmadi olaraq mənimsəməsi çox əhəmiyyətlidir.

    Müasir demokratiyanın tənqidçiləri rasionallığın, müzakirələrin və vətəndaşların fərdiliyinin eroziyasına diqqət çəkirlər. Onlar müstəqil şüurlu insanlar olmadan demokratiyanın çətinliklə legitim sistem hesab ediləcəyini iddia edirlər. Siyasi fikirlərin tam məlumatlı olmadan mühakimə edilməsi, tənqidçilərin dəyişmək istədikləri müasir demokratiyanın əsas qüsurudur. Demokratik vətəndaşların siyasi biliyinin olması labüddür və demokratik prosedurların yaxşı nəticələr əldə etmək meyli olmalıdır. “Yaxşı nəticələr” dedikdə, “demokratik yolla qəbul edilən bir qərar, bir püşkatmadan daha yaxşı nəticələr çıxarır” düşüncəsi nəzərdə tutulmuşdur. Tənqidçilər müasir demokratik siyasətdə məlumatlı və rasional razılığın əskik olduğuna inanırlar. Məsələn, Estlund yaxşı nəticələr əldə etmək üçün rasional müzakirələrin qərəzli və ya yanlış qərarların təsirinin azaldılmasına yönəlməsini təklif edir, Pettit isə öz növbəsində siyasi nümayəndəlik səlahiyyətinin “hakimlər heyəti və məhkəmə nəzarət strategiyası lehinə” daraldılması fikrini irəli sürür.

    Məşhur cumhuriyyətçi bir prinsipdə deyildiyi kimi “azadlığın bədəli əbədi oyanıqlıqdır” və buradan açıq-aydın görünür ki, siyasətə maraq göstərmədən və ölkədə davam edən siyasi və iqtisadi müzakirələrlə əlaqəli zəruri biliklərə sahib olmadan, bir vətəndaşın öz hökumətinə nəzarət etməsi mümkünsüzdür. Pettit qeyd edir ki, “əbədi oyanıqlıq” anlayışı vətəndaşların hökumət “müəyyən prosedurlara riayət etməlidir” mövzusunda təqidini də ehtiva edir. Bundan başqa, hökumət rəsmiləri parlamentdəki və ya mətbuatdakı hərəkətləri [və hərəkətsizlikləri] üçün məsuliyyət daşıyırlar və vətəndaşlar hökumət rəsmilərinə onların şəxsi həyatının müvafiq aspekti haqqında məlumat əldə etməyə imkan verilməsi üçün onları buna məcbur etməlidirlər və s. Əbədi oyanıqlıq vətəndaşların siyasi biliklərə sahib olmalarını aydın şəkildə tələb edir. Bu tələb həm vətəndaşların dövlət hüquqlarının pozulmasından azad olmasını təmin etmək, həm də onların siyasi hüquqlarından istifadə etmək və bütün cəmiyyətin faydaları üçün ağıllı nəticələr çıxaran legitim bir demokratik sistemin qorunması üçün vacibdir.

    Siyasi Səriştəsizliyin Səbəbləri

    Nə üçün insanların çoxu siyasi cəhətdən səriştəsizdir? Səriştəli seçici olma, çox vaxt aparan bir prosesdir. Siyasi məlumatların əldə edilməsi siyasi və iqtisadi konsepsiyaların təməl anlayışını tələb edir. Buna görə də, orta seçici mütəmadi olaraq xəbərlər və prezidentlik müzakirələrini seyr etsə belə, qəzet və namizədlərin siyasi platformalarını oxusa belə, o, mühüm sosial-iqtisadi və siyasi məlumatları tamamilə başa düşməyəcəkdir. Bundan ziyadə, təməl siyasət elmini və iqtisadiyyatı öyrənmək və məlumatlı seçici olmaq üçün müvafiq məlumat əldə etmək vaxt və səy tələb edir. Əlavə olaraq, səlahiyyətli bir seçici empirik (elmi) tədqiqatların onun inanclarını səhv olduğunu sübut etdikdə, müəyyən mövqe üzrə öz siyasi mövqeyini dəyişdirməlidir. Başqa sözlə, səriştəli bir seçicinin siyasi mövqeyini elmi və empirik faktlarla uyğunlaşdıraraq, doqmatizmi rədd etməsi lazımdır.

    Məsələ ondan ibarətdir ki, ilk növbədə, seçicilərin əksəriyyəti siyasi elm və iqtisadiyyat üzrə əsas biliklərə malik deyildir; beləliklə, ilk növbədə siyasi məlumatları anlamlandırmaq üçün bəzi fundamental anlayışları öyrənməlidirlər. Məsələn, amerikalıların təxminən 20 faizi Hüquqlar Haqqında Bill, hökumətin üç şöbəsi kimi əsas şərtləri tanıyır və amerikalı seçicilərin yalnız 10 faizi liberalizmə və mühafizəkarlığa məqbul bir tərif vermə bacarığına malikdir. Seçicilərin əksəriyyəti ölkələrinin kiminlə müharibədə olduğunu belə bilmir. 2007-ci il sorğusuna əsasən, 2003-cü ildən bəri İraq müharibəsinə baxmayaraq, amerikalıların yalnız üçdə biri “Sünni” ya da “Şiə”lərin İraqı idarə etməyə çalışan iki əsas İslam qruplarından biri olduğunu bilirdi. Başqa sözlə, sorğuda İslamın digər qolu olan “Şiə” adının artıq qeyd olunmasına baxmayaraq amerikalıların üçdə ikisi “Sünni” adını cavab kimi verə bilmədi. İyirmi ildən artıqdır ki, orta hesabla amerikalı seçicinin siyasi biliyi bu əsas məsələlərdə heç də artmamışdır və Neumanın da qeyd etdiyi kimi, siyasi cahillik, “dərin narahatlığın səbəbi” olaraq qalmaqdadır. Skott Altos yazır ki, “əgər cahillik xoşbəxtlikdirsə, onda belə görünür ki, xoşbəxtlik arxasınca qaçmaq Amerika cəmiyyətində yaxşı və canlıdır”.

    Bundan əlavə, demokratik müzakirələr üçün siyasət haqqında faktiki məlumatları əldə etmək lazımdır. Siyasətdə nəyin “fakt” olduğuna qərar verməyin çətin və problemli olmasına baxmayaraq, bu çətinlik bizi “siyasi faktlar” anlayışını tamamilə inkar etməyə vadar etməməlidir. Məsələn, yoxsulluğu müzakirə edərkən yoxsulluğun səbəbləri və nəticələri ilə əlaqədar razılığa gələ bilərik, lakin, vacib olan odur ki, biz hamımız yoxsulluğun tərifinin federal hökumətə görə nə olduğunu bilək. Çünki bu bizə hökumətin iqtisadi təməllər üzərindəki yoxsulluq həddi ilə razılaşmamaq imkanı verərkən eyni zamanda, bir-birimizlə müzakirə etməyimizi də təmin edəcək. Bir çox insan faktlara və təfərrüatlara dair yalan və ya yanlış biliklərindən dolayı qanunlara qarşı çıxa bilər. Məsələn, amerikalıların 59 faizi ABŞ hökumətinin xarici yardımlara çox pul xərclədiyini düşünür çünki orta statistik vətəndaş hesab edir ki, “xarici yardım büdcəsi ümumi federal hökumət büdcəsinin 25 faizini təşkil edir,” əslində isə bu rəqəm 1 faizdən də azdır. Mənim arqumentimi isbat etmək üçün daha çox nümunə verilə bilər ki, əgər vətəndaşlar tam məlumatlı olarsa və ya heç olmasa, müəyyən məsələlərin siyasi və iqtisadi faktlarından xəbərdar olsalar, onda, onların bir çox qərarları da fərqli olacaqdır.

    İkincisi, siyasi bilik bir fərd üçün maddi qazanc gətirmədiyinə görə, seçicilərin çoxu öz vaxtlarını siyasət öyrənməyə ayırmağa istəkli deyillər. Vətəndaşlar verdikləri səslərin faktiki olaraq milli seçki nəticələrinə sıfır dərəcəsində təsir etdiyini bildikləri üçün məlumatlı seçici olmağa kifayət qədər stimulları yoxdur. ABŞ Siyahıyaalma Bürosuna görə 2016-cı ildə ABŞ-da səsvermə yaşında olan əhali 240 milyon nəfərdən çox idi. Bu o deməkdir ki, hər hansı bir amerikalının prezident seçkilərindəki bir səsi 1/240.000.000 ehtimalı ilə həll edici ola bilərdi. Seçkiyə qatılanların yalnız 54,7 faiz olduğunu nəzərə alsaq belə fərdi səsvermənin fərqli bir nəticə meydana gətirmə şansı son dərəcə aşağıdır. Bir səsin seçki nəticələrinə təsirinin statistik şansını nəzərdən keçirərkən, Nadia Urbinatinin (siyasi) azadlığının – başqa birinin gücünə məruz qalmamaq üçün itaət etməli olduğum qərarların qəbul edilməsində hansısa formada iştirak etməliyəm – tərifi öz mənasını itirir. Başqa sözlə desək, səs vermək və namizədlik irəli sürmək kimi siyasi hüquqlara sahib olmaq, başqalarının iradəsinə boyun əyməyimdə bir fərq yaratmayacaqdır.

    (Ardı var)

    İlkin Hüseynli,

    Qərbi Kaspi Universitetinin Siyasi Elmlər Məktəbinin dekan müavini