“Demişdi ki, boşanıb” – Baldızını öldürən, arvadını ağır yaralayan Samiqin işi – TƏFƏRRÜAT

27

Baldızını qətlə yetirib, arvadını isə öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Samiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Kamran Rzayev şahid kimi dindirilən zaman məlum olub ki, o, Samiq Quliyevin namus üstündə qətlə yetirmək istədiyi həyat yoldaşı Ruhəngiz Mahmudova ilə münasibətdə olub.

Kamran Rzayev məhkəmədə bunu etiraf edib və bildirib ki, Ruhəngizin ailəli olduğunu bilməyib.

Sərbəst ifadə verən Kamran Rzayev deyib ki, Ruhəngiz Mahmudovanı dostunun şirniyyat mağazasında tanıyıb:

"Samirin yanına gedəndə görmüşdüm. Bir neçə dəfə danışığımız olub. Bir müddət sonra da ona qarşı bağlılığım oldu. Mənə deyirdi ki, ona iş tapmağa kömək edim. Oradan aldığı maaşla dolana bilmirdi. Deyirdi ki, maddi olaraq dolana bilmir. Mən də kömək edəcəyimi dedim. Bir neçə dəfə də telefonda danışmışam. Onun ailəli olduğunu bilmirdim. Demişdi ki, boşanıb. Samir də demişdi ki, boşanıb. Onun adını Ruhi kimi bilirdim. İşdə də hamı o adla çağırırdı".

Kamran Rzayev Ruhiyyə Mahmudovadan ayrılmasının səbəbini də danışıb. O bildirib ki, Ruhiyyənin sonradan dostu Samirlə münasibətinin olduğunu bilib və ondan ayrılıb.

Hakimin suallarına cavab verən Kamran Rzayev deyib ki, Ruhiyyə Mahmudova ilə yalnız telefonda danışıb, bir neçə dəfə də iş yerində görüb. O, Ruhiyyə Mahmudova ilə heç bir yaxın münasibətinin olmadığını bildirib.

Kamran deyib ki, istintaqda Ruhiyyə Mahmudova ilə münasibətləri haqda ətraflı danışıb və indi bu haqda danışmaq istəmir.

Məhkəmə iclasında həbs edilən Samiqin qardaşı Namiq Quliyev də ifadə verib.

Namiq Quliyev deyib ki, qardaşı ilə Ruhiyyə qoşularaq qaçıblar. Bir müddət sonra isə aralarındakı münasibət pozulub.

Onun sözlərinə görə, hadisəni eşidən zaman qardaşını axtarsa da tapa bilməyib: "Telefonuna zəng çatmırdı. Mən evə gəldim. Səhər Samiqi tapdım. Dedi ki, elə hadisəni törətdiyi məhəllədə olub. Mən onu polis bölməsinə apardım".

Namiq Quliyev qardaşı ilə Ruhiyyə arasında münasibətlərin hansı səbəbdən pozulması haqda məlumatının olmadığını deyib.

Prosesdə mərhum Roza Mahmudovanın azyaşlı qızı da ifadə verib. O deyib ki, Samiq Quliyev bu hadisədən əvvəl xalası Ruhiyyəni öldürməklə hədələyib: "Demişdi ki, Ruhiyyəni Qanlı gölə aparacaq. Orada Ruhiyyəyə suallar verəcək. Əgər düzgün cavab verməsə, elə oradaca öldürəcək".

Azyaşlı qız bildirib ki, hadisə baş verən zaman rayonda olub.

Prosesdə mərhum Roza Mahmudovanın keçmiş həyat yoldaşı İsmayıl Həsənov da dindirilib.

İsmayıl Həsənov bildirib ki, Samiq Quliyevin öz həyat yoldaşı ilə münaqişəsi olub. Güdaza isə onun keçmiş həyat yoldaşı gedib.

Şahid suallara cavab verən zaman deyib ki, Samiq Quliyevin yoldaşından boşanmaq istədiyini, ailəsində problemin olduğunu bildiyini deyib.

İsmayıl Həsənovdan mərhum Roza Mahmudovadan boşanmasının səbəbi soruşulub. O, bu suala cavab vermək istəməyib. O da məlum olub ki, İsmayl Həsənovun iki qız övladı var və hazırda nənələrinin yanında yaşayırlar. İsmayıl Həsənov yenidən ailə həyatı qurub.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Ruhəngiz Mahmudova həyat yoldaşı, İmişli rayon sakini Samiq Quliyev tərəfindən bıçaqlanıb.

Hadisə zamanı Ruhəngiz Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha sonra Samiq Quliyev baldızı, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub. Hadisəni törədən Samiq Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı xəstəxanaya çatdırılıb.

Roza Mahmudova çoxlu qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ruhiyyə Mahmudovaya göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan Samiq Quliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı onların işinə Roza Mahmudova da müdaxilə edib. Sonda Samiq Quliyev bıçağa əl atıb və sonda qanlı olay baş verib.

İstintaq orqanı tərəfindən Samiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham olunub.