Dələduzluqda təqsirləndirilən QHT sədrinə hökm oxundu

    3

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hurriyyet.org xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.

    Xatırladaq ki, prokuror çıxışında M.Vəliyev və C.Əhmədovun hər birinə 8 il cəza təyin edilməsini və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hesab edilməsini istəmişdi.

    Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.

    Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

    Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.

    Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

    Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: “Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməyimizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.

    Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: “11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir”.

    Onlar söyləyiblər ki, edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

    Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.

    Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 311-ci (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

    Məlumata görə, birliyinin sədri M.Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za boyevıye zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub./trend/