Dekabrın 23-nə 8 gün qaldı – ƏTRAFLI

348

44 günlük müharibə yekunda təkcə Azərbaycana zəfər sevinci yaşatmadı, həm də dostu və düşmənini tanıtdı. Bəlli oldu ki, türkün türkdən başqa dostu yoxdur. Bir də o bəlli oldu ki, digər 4 qonşumzdan 3-ü bizə qarşı heç də səmimi deyil. Bunlardan biri Ermənistan Azərbaycanın əzəli düşmənidir. Necə deyərlər: “Ona bir quş…”

İran sadəcə qonşu deyil. Din və məzhəb birliyimiz, eləcə də ortaq keçmişimiz var. Amma İran hakimiyyəti son 30 ildə olduğu kimi, son iki ayda da Azərbaycan dövlətinə qarşı qısqanclığını gizlətmədi. Bu da təbiidir. İran qonşuluğunda sülh istəyir. Lakin suveren və güclü Azərbaycan istəmir. Səbəbi isə 7-dən 77-dək hər bir azərbaycanlıya bəllidir. Amma Azərbaycanın ən çətin günündə gərək İran köhnə ədavəti bir kənara qoyub, din və məzhəb qardaşlarına dəstək verəydi. Axı ən azı Azərbaycanla İranın maraqları bu müharibədə üst-üstə düşürdü. Bakı İrəvanla təkcə torpaq davası aparmırdı. Bakı həm də islami dəyərləri müdafiə edirdi…

Lakin İranın siyasi hakimiyyəti öz dilləri ilə desək “kafirlərin” yanında durdu. “Kafir” gürcülər Ermənistanla sərhədi 44 gün bağlı saxlasa da, İran “erməni kafirlərə” “humanitar” dəhliz verdi. Di gəl ki, Gürcüstan hər şeyə rəğmən sonadək Azərbaycanın yanında durdu. Baxmayaraq ki, İran kimi Gürcüstan da Azərbaycanın ərazi iddialarından hər zaman ehtiyat edib. Bununla belə Gürcüstan dövləti və gürcü xalqı Azərbaycanın ən çətin günündə bütün umu-küsünü bir yana qoyub Ermənistana və Rusiyaya əzələ göstərdi. Onlar üçün yerüstü və hava yollarını Azərbaycanın maraqları baxımından bağladı. Məncə, Gürcüstan Azərbaycana görə bir qədər riskə də getdi. Ona görə də gürcülərin bu comərdliyini gərək heç zaman unutmayaq.

O ki, qaldı Rusiyaya… Son 30 ildə Rusiya Federasiyası ilk dəfə Azərbaycana qarşı loyal münasibət göstərdi. Amma bu münasibət cəmi 43 gün çəkdi. 44-cü gün Rusiya yenə ermənipərəst sifətini göstərdi. Rəhmətlik akademik Bəkir Nəbiyev demişkən “burda bir haşiyəyə çıxacam”. İkinci Qarabağ savaşı başlayan ilk gündən dostlarıma deyirdim ki, “Allah rusun könlünə insaf salsın, müharibəyə qarışmasın. Bir az bizə möhlət versin”. Amma rusun möhləti cəmi 43 gün çəkdi. Adım kimi əminəm, ruslar 50-cə gün dayansaydı, indi Qarabağda bir dənə də olsun erməni qalmamışdı. Və rəhmətlik Əbülfəz Elçibəy demiş “sərhədlərimizi çəkib, problemi həll etmiş” olacaqdıq.

Amma buna da şükür. 44 gündə 30 ildə və bəlkə də son 200 ildə edə bilmədiyimizi etdik. Yeri gəlmişkən, son 100 ildə ilk dəfə idi ki, müsəlman ölkəsi xristian ölkəsinə qalib gəlirdi. Xatırladım ki, Azərbaycan-Ermənistan münaqişəsini ermənilər və onların xristian ağaları çoxdan etnik zəmindən çıxarıb dini müstəvidə müzəkirələr aparırdılar. Ermənilər indi də ABŞ-da, Avropada və Rusiyada bar-bar bağırırlar ki, “Biz xristianlığın xilası üçün müharibə aparırıq. Ona görə də hər bir xristian dövlətinin borcudur ki, Ermənistana kömək eləsin”. Ona görə də Azərbaycanın Ermənistan üzərindəki qələbəsi həm türk dünyasının, həm də islam aləminin şanlı qələbəsidir.

Bu, mübaliğəsiz belədir. İndi neyləyim ki, bunu iranlı, iraqlı, suriyalı, səudiyyəli, misirli, tunisli bilmir. Bəlkə də bilirlər. Amma Azərbaycanın böyük hünərini etiraf etməyə cəsarətləri çatmır. Çünki son 20 ildə xristian aləmi İslam aləmini hərbi poliqona çevirib.Tunisi dağıtdılar, Liviyanı sökdülər, Misiri çökdürdülər, Suriyanı xarabazara çevirdilər, İraqı darmadağın etdilər, İransa can üstündədir. Amma kiçik Azərbaycan ABŞ, Rusiya və Avropanın nəhəng xristian dövlətlərinə türklər demiş “qafa tutdu”. İslamofobiyanın beşiyi və ermənilərin böyük qardaşı Fransanın son 2 ayda hansı oyunlardan çıxdığını bir anlığa göz önünə gətirsək, məncə, kifayətdir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev heç bir təzyiqə, heç bir basqıya boyun əymədi. 44 günlük müharibə ərzində İlham Əliyev dünyanın ən aparıcı televiziyalarına və yazılı mətbuatına çox saylı müsahibələr verdi. Və bu müsahibələrində təkrar-təkrar Azərbaycanın sonadək mübarizə aparacağını, heç bir kompromisdən söhbət getməyəcəyini bəyan etdi. Bu bəyanatlar, xəbərdarlıqlar dılğır Ermənistana edilmirdi. Bu xəbərdarlıqlar ABŞ-a, Rusiyaya, Almaniyaya, Fransaya, İngiltərəyə və ən nəhayət, Vatikana idi. Belə bir cəsarəti son 100 ildə heç bir müsəlman ölkəsinin lideri etməmişdi. Onu İlham Əliyev etdi.

Belə bir deyim var: ”Böyük dövlətlərin böyük, kiçik dövlətlərinsə müdrik siyasəti olanda o ölkə basılmaz olur”. Bu aforizm son 2 ayda Azərbaycanda təcəssüm tapdı. Bu günlərdə Fransanın məşhur “Le Monde” qəzeti manşetə belə bir başlıq çıxarmışdı: “İlham Əliyev çox istiqamətli xarici siyasət yürüdən, vassal olmaq istəməyən bir liderdir”. Bu bakılı fatmanisənin, bəzi yaltaq politoloqlarımızın, bəzi buqələmun deputatlarımızın fikri deyil, dünyanın mədəniyyət mərkəzi olan Fransanın ən populyar nəşrlərindən birinin qənaətidir. O nəşrin ki, onun oxucularının sayı Azərbaycan əhalisinin sayından dəfələrlə çoxdur. Nəşr həmin yazıda İlham Əliyevi Türkiyə və Rusiya prezidentləri ilə müqayisə edir. Və yazır ki, İlham Əliyev hər iki nəhəng dövlətin rəhbərləri ilə eyni səviyyədə dayanıb. Yəni İlham Əliyev hər zaman diqtə edilən tərəf yox, diqtə edən tərəf olub. Bu isə Azərbaycanın milli sərvətidir. Çünki böyük dövlətlər iqtisadi gücləri, kiçik dövlətlər isə intellektual sərvətləri ilə qüdrətli olurlar.

Fikrimin sübutu üçün başqa bir sitat gətirim. Bu sitat da bakılı Atobbanın, şəkili Hacı dayının, gədəbəyli Fərmailin fikri deyil. Bu, Rusiya mediasının ən köklü və ən populyar nəşrlərindən olan “Moskovskiy komsomolets”in qənaətidir. Qəzet yazır ki, “Bu gün həm Türkiyə, həm də Rusiya Azərbaycanın yanında durmaq istəyir. Çünki Azərbaycanın yanında durmaq ABŞ və Avropaya təsir imkanlarıdır. Eyni zamanda, ABŞ və Avropa üçün Azərbaycanın yanında olmaq əzəli rəqibləri-İran və Rusiyaya güclü təsir imkanları deməkdir. Bu gün Azərbaycanın NATO–ya üzv olması üçün heç bir əngəl qalmayıb. Azərbaycanın bu quruma üzvlük həvəsinin özü hələ həm İran, həm də Rusiya üçün acı sürpriz olar”.

Qəzetin apardığı təhlillər göstərir ki, Azərbaycanın nəhəng geosiyasi mövqeyi, yürütdüyü titanik və müdrik xarici siyasətin gətirəcəyi siyasi və iqtisadi dividendlər fonunda bu gün bizi narahat edən məsələlər – sülhməramlıların Qarabağdakı son hərəkətləri, yeni xəritələr cızması, ermənilərin bəyanatı və digər hadisələr çox bəsit və cılız görünür.

Bütün bunlarsa əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və İlham Əliyev tərəfindən yeni müstəvidə müasir çağırışları özündə ehtiva edən xarici siyasətin məntiqi nəticəsidir. Bu, Əliyevlərin hazırladığı böyük azərbaycançılıq ideyalarının cahanşümul zəfəri və təntənəsidir.

Ümummilli lider Heydər Əliyev 30 il öncə dedi ki, “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsə sübuta yetirdi ki, “Azərbaycan Türkiyədir”. Bu gün Türkiyədə 7-dən 77-dək hamı bu şüarı səsləndirir. Bu isə İlham Əliyevin müdrik siyasətinin məntiqi yekunudur. Bununla da Azərbaycan dünyaya öz reallıqlarını diqtə edir. Bu reallıqlarsa Böyük Turana doğru ilk addımlardır.

Sonda onu deyim ki, bu yazını Prezident İlham Əliyevin ad günü üçün yazmışam. Bildiyiniz kimi dekabrın 23-ü Azərbaycanın böyük oğlunun doğum günüdür. İçimdən gəldi indi yazdım. Onsuz da o gün o qədər yazan olacaq ki..

Dərin ehtiramla: Surxay Atakişiyev,

KONKRET.az