“Dedi ki, işinizi tez qurtarın, qardaşlarım orda qalıb…”

114

Görünən və görünməyən düşmənə qarşı könüllü mübarizə aparan tibb tələbəsi Ramin Əliyev: “Birliyi, qardaşlığı və döyüş yoldaşını xilas etmək üçün öz canını qurban verməyi gözə alanları gördüm

Əsgərlərimizlə birlikdə cəbhədə könüllü xidmət göstərən onlarla həkim və tibb bacılarımız da var. Onlardan biri də Azərbaycan Tibb Universitetinin (ATU) 4-cü kurs tələbəsi Ramin Əliyevdir. ATU-nun tələbəsi Vətən müharibəsinin ilk günlərindən yaralı vətəndaşlarımıza və əsgərlərimizə tibbi xidmət göstərib.

O, eyni zamanda görünməz düşmənə qarşı da mübarizə aparır. Ramin Əliyev hazırda pandemiyanın tüğyan etdiyi bir vaxtda könüllü şəkildə konronavirusa qarşı mübarizə cəbhəsində iştirak edir. “Hürriyyət”in əməkdaşı görünən və görünməyən düşmənə qarşı könüllü mübarizə aparan Azərbaycan Tibb Universitetinin tələbəsiylə həmsöhbət olub:

– Ramin, ilk olaraq özünüz haqqında məlumatdan başlayaq…

– Mən  Azərbaycan Tibb Universitetinin 4-cü kurs, Mpf-2 tələbəsiyəm. Hələ ki, təhsilimi davam etdirirəm. İxtisasa iki il sonra sahib olacam.

– 44 günlük Vətən müharibəsində Tibb Universitetində təhsil alan tələbə kimi Füzuliyə gedərək, xəstəxanada əsgərlərə tibbi yardım göstərmisiniz. Necə oldu ki, bu qərarı verdiniz?

– Təbii ki, əksər yaşıdlarım kimi, mən də döyüşlərə yollanmaq üçün könüllü qeydiyyatdan keçdim. Amma bir cavab gəlmədiyi üçün, öz bacardığım sahədə vətən borcumu əlimdən gəldiyi qədər ödəməyə çalışacağıma qərar verdim. Bu səbəbdən bu addımı atmış oldum.

– Cəbhədən gələn ağır yaralıların sayı çox olurdu? Gün ərzində təxminən neçə yaralı gəlirdi?

– Konkret say deyə bilmərəm. Amma düşmən ağır artilleriyadan istifadə etdiyi üçün ağır yaralanma halları çox idi.

– Cəbhədə könüllü xidmət edərkən, hansı maraqlı və qürurlandırıcı hallarla qarşılaşmısınız?

– Maraqlı və qürurlandırıcı hallarla çox qarşılaşmışam. Müharibənin ilk günləri idi. Könüllü olaraq hosbitalda çalışmağa başladım. Qardaşlarımızdan biri qolundan qəlpə yaraları almışdı. Qanaxması çox idi. Başladıq yaranı işləməyə. Bir saat ərzində tək cümləsi bu oldu –  “qanımı itirmişəm deyə rəngim ağarıb və titrəyirəm. Amma, onlardan qorxmuram. Tez qurtarın işinizi, qardaşlarım orda qalıb getməliyəm”.  Cəbhədə bu və bunun kimi neçə halla qarşılaşdım. Birliyi, qardaşlığı və döyüş yoldaşını xilas etmək üçün öz canını qurban verməyi gözə alanları gördüm. Gündüzlərimiz əməliyyatlarla gecələrimiz vətənpərvər musiqilərlə keçirdi. Cənab Prezidentin hər çıxışı bizi daha da ruhlandırır, qələbə müjdəsinin çox yaxında olacağından xəbər verirdi.

– Sizin üçün mülki xəstələrlə hərbi xəstələr arasında hər hansı bir fərq varmı?

– Bu sualınıza cavab olaraq bildirim ki, mənim üçün ən çətin cərrahiyə sahələrindən biri məhz hərbi səhra cərrahiyəsidir. Belə izah edim… Məsələn, mülkidə hər hansı bir əməliyyat etməzdən əvvəl qarşına çıxacaq mənzərəni əvvəlcədən təxmin edirsən və çox vaxt da belə olur. Amma hərbi səhra cərrahlarının bu cür avantajı yoxdur.

– Döyüşlər zamanı tibb işçisi olaraq təlatümlü və təlaşlı anlarınız olurdu?

– Bacardığım qədər soyuqqanlı olmağa çalışmışam. Çünki həkimin ümumiyyətlə tibb işçisinin özünü itirməsi, xəstənin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxara bilər.

– Sizdən başqa xəstəxanaya könüllü gəlmək istəyən tələbələr var idi?

– Bəli, var idi. Onlar da əllərindən gələnin ən yaxşısını etməyə çalışırdılar.

– Ordu sıralarında xidmət edən bütün əsgər və zabitlərin mənəvi-psixoloji döyüş ruhu yüksək səviyyədədir. Bəs həkimlərdə necə?

– Təbii ki, bu cür igid və şərəfli qardaşlarımıza xidmət etdiyimiz üçün bizdə də daha böyük ruh yüksəkliyi yaranırdı .

– Hazırda pandemiyayla əlaqədar xəstələrə könüllü yardım edirsiniz. Könüllülük fəaliyyətiniz təhsilinizə mane olurmu?

– Xeyr olmur. Təbii ki, bura da bir müharibə meydanıdır. Düşmən görünmədiyi üçün mübarizə daha çətindir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Amma yenə də ən böyük məsuliyyət insanların üzərinə düşür.

– Azərbaycanda koronavirusla bağlı vəziyyəti və aparılan mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

– Belə deyim ki, elə bir xarici ölkənin pratokolu, elə bir tibbi prosedur yoxdur ki, ondan istifadə etməyək. Bir sözlə, hər şey yüksək səviyyədədir. Azərbaycanda koronavirusla bağlı vəziyyəti və aparılan mübarizə yüksək səviyyədədir.

– Hazırda virusdan qorunmaq üçün, sizin də dediyiniz kimi, bütün dünyada maska, sosial məsafə və gigiyenaya əməl etmək tələb olunur. Amma bütün qaydalara tələb edənlər də virusa yoluxur. Qorunmaq üçün başqa nələrsə tələb olunur?

– Qorunmaq üçün immuniteti yüksək tutmaq, məsafə saxlamaq və maskadan istifadə etmək lazımdır. Ən çox bu qaydalara mütləq şəkildə hamı əməl etməlidir.

YƏHYA