“Danışıqların formatını, konfiqurasiyasını dəyişməyin, anti-terror əməliyyatlarının vaxtı yetişir” – NATİQ CƏFƏRLİ

69

“Paşinyan və komandası bilir ki, Moskva arxalarında durmasa Azərbaycan Ordusu qısa zamanda işğal altındakı bir neçə rayonu azad edə, bu da onun hakimiyyətinə son qoya bilər”

“İşğalçı Ermənistanın məhz Tovuz rayonunda, Ermənistan – Azərbaycan sərhədində təxribat törətməsinin bir səbəbi var: Moskvanın reaksiyasını yoxlamaq, Kremlin münasibətini test etmək. Çünki Ermənistan “ODKB”-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-red.) üzvüdür, bu qurumun nizamnaməsinə görə üzv ölkələrin biri müharibəyə qatılırsa, digər üzv ölkələr həmən reaksiya verməli, öz üzv ölkəsinə dəstək olmalıdırlar”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, rəsmi Moskva ilə rəsmi İrəvanın münasibətləri, yumşaq desək, rəvan deyil: “Paşinyan və komandası bilir ki, Moskva arxalarında durmasa Azərbaycan Ordusu qısa zamanda işğal altındakı bir neçə rayonu azad edə, bu da onun hakimiyyətinə son qoya bilər. Amma bu zaman Rusiya özünə tam loyal adamı İrəvanda taxta oturtsa onun yerini möhkəmlətmək üçün əks-hücum təşkil edə, rəsmi Bakıya təzyiq edərək hərbi uğuru sıfırlaya bilər. Yəni, bu ssenaridə udan yenə Rusiya, Kreml, uduzan isə hər iki xalq olacaq. Amma burda maraqlı məqam var: Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlayan hərbi hissələrin rəsmi yiyəsi yoxdur – Ermənistan bu hərbi qruplara “Dağlıq Qarabağ Respublikası Ordusu” deyir, beynəlxalq aləm isə “qeyri-rəsmi özünümüdafiə qüvvələri” deyirlər. Əslində “de-facto” həmin bölgələri Ermənistan ordusu və Rusiya silahı işğal edib, saxlayır. Biz həmin hərbi qrupları “terror dəstəsi” elan edə, Qarabağ və 7 rayonda öz ərazimiz olduğu üçün terror dəstələri tərəfindən işğal edildiyini bəyan edərək zaman-zaman qısa müddətli, amma effektiv anti-terror əməliyyatları keçirə, hissə-hissə terror dəstələrindən torpaqlarımızı təmizləyə bilərik. Belə olanda “de-jure” olaraq “ODKB” bizim daxili anti-terror əməliyyatlarına qarışa bilməzlər. Hətta Ermənistan belə, qarışa bilməz”.

Politoloq hesab edir ki, bu zaman İrəvanın iki seçimi olacaq: “Ya rəsmən etiraf edəcək ki, işğal altında olan regionlarımızda öz ordusunu saxlayır, ya da sadəcə “hay” salacaq ki, qoymayın Azərbaycan günahsız camaatı qırır. Hər iki mövqeni çox asan, beynəlxalq hüquqla sındırmaq mümkündür. Xankəndin və ətrafında yaşayan yerli sakinlər, erməni əsilli azərbaycanlılarla, Qarabağın erməni icması ilə isə bizim DİN danışıqlara başlayır, yəni, öz vətəndaşlarımızla Daxili İşlər Nazirliyi danışmalıdır. XİN isə ancaq Ermənistanla sərhədlərin toxunulmazlığı və sərhədyani münaqişələrin tənzimlənməsi haqqında danışıq apara bilər. Qısası, danışıqların formatını, konfiqurasiyasını dəyişməyin, anti-terror əməliyyatlarının vaxtı yetişir. Bunun üçün ən vacib şərt yeni bir daxili formatın – bütün siyasi təşkilatların iştirakı ilə “Milli Etimat Masasının” qurulması vacibdir. Daxili birlik, effektiv idarəetmə, şəffaf qərarlar olmasa heç bir addımın uğuru mümkün deyil”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org