“Danışıqlar prosesində status məsələsi simmetrik olmalıdır” – NƏZAKƏT MƏMMƏDOVA

6

"Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların öz müqəddəratını təyin etməsi məsələsini qaldırmağa tam əsaslarımız var"

"Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz torpaqlarına qayıtmaq və Ermənistanda muxtariyyət şəraitində yaşamaq hüququ var"

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün "facebook" səhifəsində qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransında çıxış edən ölkə başçısı İlham Əliyev xalqların və millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin işğal edilmiş ərazilərdə tətbiq edilə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş hər iki ölkədə iki liderin milli maraqları müdafiə etməsi nöqteyi-nəzərdən qiymətləndirilib: "Amma Münhendə baş verən əsas hadisə şərh olunmur. Azərbaycan öz mövqeyini dəyişdirib".

"Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda azərbaycanlıların – bu ölkənin keçmiş vətəndaşlarının öz müqəddəratını təyin etməsi məsələsini qaldırmalıdır"

Müasir beynəlxalq hüquq xalqların və millətlərin öz müqəddəratını təyin etməsinin iki növünü tanıyır: Müqəddəratın plebissit yolu ilə müəyyən edilməsi və müstəqil dövlətin yaradılması, ikinci yol isə  mövcud olan dövlətin tərkibində muxtariyyatın yaradılması. Münaqişə boyunca Azərbaycan tərəfin kompromis mövqeyi ermənilərə Azərbaycan Respublikasının təkibində geniş özünüidarə forması verməyə hazırlıq kimi təqdim edilirdi. Bu zaman Ermənistan tərəfi Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlıya belə bir imkan verməyi nəzərdə tutmurdu. Amma Ermənistanın Madrid Prinsiplərindən imtina etməsindən və "Qarabağ Ermənistandır və nöqtə" və "Hər hansı ərazinin azad edilməsini müzakirə etmək niyyətində deyilik" bəyanatlarından sonra aydın olub ki, ermənilərə Azərbaycan ərazisində muxtariyyət yaratmaq təklifi rədd olunub. "Buna görə Azərbaycan prezidentinin ölkəmizdə ermənilər üçün xalqların və millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin tətbiqinin yolverilməz olduğu haqqında bəyanatını birmənalı olaraq Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərini ilhaq etmək, yəni Ermənistana birləşdirmək arzusu haqqında bəyanatına cavab kimi başa düşmək lazımdır", deyə Tofiq Zülfüqarov "Turan" bildirib. Bu vəziyyətdə Bakının hansı addımlar atmalı olduğu barədə suala cavabda sabiq nazir qeyd edib ki, Nikol Paşinyan Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etməsində israr edirsə, Azərbaycan Xarici İşlər Nazirliyi eyni prinsipin qarşılıqlı şəkildə tətbiq edilməsi haqqında danışıqlar aparmalıdır. Yəni Ermənistanda azərbaycanlıların – bu ölkənin keçmiş vətəndaşlarının öz müqəddəratını təyin etməsi məsələsini qaldırmalıdır.

"Qarabağ münaqişəsinin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq"

Bu arada, məlumat üçün nəzərinizə çatdıraq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevin və Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Azərbaycan Respublikasının prezidenti bu məsələyə də diqqət ayırıb. O, bəyan edib ki, Qarabağ münaqişəsinin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr – Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır". Ölkə başçısının sözlərinə görə, digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi: "Beləliklə, bu, tarixdir. Sonralar, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb". Beynəlxalq hüquq məsələsinə gəlincə, İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir: "BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir".

"Ermənilər 300 min azərbaycanlını öz dədə-baba yurdundan qovublar, bu barədə danışmırlar, lakin Dağlıq Qarabağdakı bir ovuc erməni üçün status tələb edirlər, hay-küy qaldırıblar"

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirləri ilə razı olduğunu bildirməklə yanaşı, rəsmi Bakının Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların öz müqəddəratını təyin etməsi məsələsini qaldırmasının vacibliyini vurğuladı: "Tofiq Zülfüqarov mövqeyində tamamilə haqlıdır. Çünki Ermənistan rəhbərliyi Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etməsi məsələsini qaldırdığı halda, 300 min azərbaycanlının Ermənistandan deportasiya olunmasına əhəmiyyət vermir. Baxın, ermənilər 300 min azərbaycanlını öz dədə-baba yurdundan qovublar, bu barədə danışmırlar, lakin Dağlıq Qarabağdakı bir ovuc erməni üçün status tələb edirlər, hay-küy qaldırıblar. Halbuki bu, kökündən yanlışdır. Bildiyiniz kimi, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız Qarabağ münaqişəsinə qədər həmin ərazidə yaşayıblar. Təbii ki, onların da öz torpaqlarına qayıtmaq və Ermənistanda muxtariyyət şəraitində yaşamaq hüququ var. Üstəlik, nəzərə alsaq ki, Dağlıq Qarabağ sovet dönəmində muxtar vilayət olubsa, Qərbi Azərbaycanda İrəvan xanlığı olub. Yəni bu məsələdə həm tarix, həm də hüquq məhz bizim xeyrimizədir. Odur ki, bizim Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların öz müqəddəratını təyin etməsi məsələsini qaldırmağa tam əsaslarımız var. Bu səbəbdən də Tofiq bəyin təşəbbüsünü yüksək qiymətləndirirəm, yaxşı təklifdir".

"Əgər biz ermənilərə güzəşt ediriksə, onlar da Qərbi Azərbaycandan köçürülmüş insanların hüquqlarını tanımalıdır"

Politoloq bu qənaətdədir ki, danışıqlar prosesində status məsələsi simmetrik olmalıdır: "Yəni əgər biz ermənilərə güzəşt ediriksə, onlar da Qərbi Azərbaycandan köçürülmüş insanların hüquqlarını tanımalıdır. Hər kəsə bəllidir ki, Zəngəzur və İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Buna görə də oradan mərhələli şəkildə deportasiya olunmuş azərbaycanlıların hüquqları tanınmalı, onlar öz torpaqlarına qayıtmalıdır. Onların təhlükəsizliyi muxtariyyət şəkildə təmin olunmalıdır. Ermənistandan bu tələb olunmalıdır. Bu gün biz ancaq müdafiə olunuruq, lakin artıq hücuma keçməliyik. Ölkə başçısı da deyib ki, artıq hücum diplomatiyası həyata keçirməliyik. Hücum diplomatiyasının bir hissəsi isə Qərbi Azərbaycandan deportasiya olunmuş insanların öz torpaqlarına qayıtmasına və onlara muxtariyyətin verilməsinə çalışmaqdır. Aydın şəkildə görünür ki, bu gün Ermənistan rəhbərliyi qeyri-konstruktiv mövqe sərgiləyir. Belə ki, onlar bizim ümumilikdə 1 milyon soydaşımızın hüquqlarını pozduğu halda, 110 minlik erməninin nazı ilə oynamağımızı gözləyirlər. Məhz buna görə də Ermənistan qarşısında bu şərt qoyulmalı, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların öz müqəddəratını təyin etməsi məsələsi qaldırmalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org