Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: onların da kapitalı tələbdən aşağıdır

51

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər:

“Onların adekvatlığı yüksəkdir, sadəcə, həmin bankların məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının artırılması istiqamətində iş aparırıq”.

Söhbət “Access Bank” və “Rabitəbank”dan gedir. E.Rüstəmov deyib ki, bu iki banbk məcmu kapitalla bağlı vəziyyətlərinin yaxşılaşdırılmasına dair işləri hələ ki, yekunlaşdıra bilməyib.

Onun sözlərinə görə, buna səbəb koronavirus (COVID-19) pandemiyasının yayılmasıdır. Odur ki, həmin banklara kapital artımı üçün 1 ay vaxt verilib.

O həmçinin deyib ki, ilin sonuna kimi əmanətlərin sığortalanması ilə bağlı da yeni strateji baxış formalaşdırılacaq:

“Hazırda Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə bunu müzakirə edirik. Onun iqtisadiyyata, əmanətçilərə mümkün təsirləri qiymətləndiriləcək”.