Dağlıq Qarabağa qanunsuz səfər təşkil edən Almaniyanın radikal partiyası haqda ŞOK FAKTLAR

    18

    AfD partiyası və onun rəhbərliyi qətldə, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda suçlanır

    Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər təşkil edən Almaniyanın radikal sağçı Almaniya üçün Alternativ (AfD) Partiyası barədə həm alman, həm də digər ölkələrin mətbuatında kifayət qədər ilginc materiallara rast gəlinir.

    Musavat.com konkret qaynaqlara əsasən xəbər verir ki, Almaniyada üzvləri Dağlıq Qarabağa qanunsuz səfər etmiş ifrat-sağçı AfD partiyası konservativ siyasətçi olan və miqrasiyanı dəstəkləyən Valter Lübekin qətlə yetirilməsində günahlandırılır. Xristian-Demokratik İttifaqın sədri Annegret Kramp-Karrenbauer bununla bağlı AfD partiyasını tənqid edərək, partiyanı zorakılığı təşviq edən nifrəti legitimləşdirməkdə ittiham edib.

    (https://www.reuters.com/article/us-germany-crime-afd/far-right-afd-shares-blame-for-politicians-killing-conservative-leader-says-idUSKCN1TK2C3)

    Bundan əvvəl də alman mətbuatında Bundestaqın radikal sağçı Almaniya üçün Alternativ (AfD) fraksiyasının xarici qüvvələrlə əlaqələrinə dair növbəti qalmaqallı məlumatlar dərc olunub. ZDF televiziyası və Der Spiegel jurnalının araşdırmaları nəticəsində ələ keçirilmiş bəzi qüvvələrin daxili elektron yazışmalarında hazırda Bundestaqın AfD fraksiyasının deputatı olan Markus Fronmayerə (Markus Frohnmaier) kənar qüvvələr tərəfindən "maddi və mənəvi yardım göstərilməsi" təklif olunur və onun Bundestaqa seçilməsindən sonra "tam nəzarətdə olan deputat" olacağına dair ümid ifadə edilir.

    Bundestaqın digər fraksiyaları sözügedən məsələnin kənar qüvvələrin Almaniyanın siyasi sisteminə nüfuz etmək cəhdlərinin nümunəsi adlandırıb, AfD-nin müəyyən ölkələr ilə əlaqələrinin ciddi yoxlanılmasını tələb etmiş və Fronmayeri öz deputat mandatından imtina etməyə çağırıblar. AfD fraksiyası isə məsələyə çox soyuqqanlı yanaşıb, partiyanın liderləri Fronmayerin müdafiəsinə qalxaraq, sözügedən mövzunu partiyaya qarşı yönəlmiş “mətbuat kampaniyası” adlandırıblar.

    Bir müddət əvvəl hazırki qalmaqalın səbəbkarı olan deputat Fronmayerin əməkdaşı Manuel Oksenrayterin (Manuel Ochsenreiter) Polşanın hüquq-mühafizə orqanları tərəfindən Ukraynada ukraynalılar və etnik macarlar arasında milli ədavət yaratmaq məqsədi ilə cinayət törədilməsi üçün sifariş verməkdə ittiham olunub. Deputat ittihamların tam olaraq araşdırılmasına qədər Oksenrayteri müvəqqəti olaraq vəzifəsindən azad edib. Məhkəməyə ifadə verən Mixal Prokopoviç (Michal Prokopowicz) adlı Polşa vətəndaşı hadisəni digər iki şəxslə birlikdə Oksenrayterin sifarişi və planı əsasında törətdiyini bildirib. Prokopoviç Polşanın milliyyətçi "Falanqa" qruplaşmasının üzvüdür və bu qruplaşma Şərqi Ukraynadakı separatçıları dəstəkləyir. Prokopoviçin sözlərinə görə, o, hadisəni filmə çəkərək Oksenrayterə göndərib və o, sifarişin yerinə yetirilməsindən razı qalıb. Prokopoviç bu əmələ görə Oksenrayterdən 1500 avro aldığını etiraf edib. Məsələ ilə bağlı alman mətbuatına münasibət bildirən Oksenrayter isə qeyd edilənləri iftira adlandırıb. Polşa hüquq-mühafizə orqanları Oksenrayterin istintaqa cəlb edilib-edilməyəcəyi barədə sualı açıq qoyublar.

    Qeyd edək ki, Oksenrayter 20.02.2017-ci ildə işğal altında olan torpaqlarımızda keçirilmiş qondarma "referendumda" AfD partiyasının Türinqen federal torpağının parlamentindəki (Landtaq) bir neçə deputatı ilə birlikdə müşahidəçi qismində iştirak etdiyi üçün Azərbaycanın "arzuedilməz şəxslər" siyahısına daxil edilib. O zaman AfD partiyası Bundestaqda hələ təmsil olunmurdu və Oksenrayter milliyyətçi "Zuerst!" jurnalının baş redaktoru vəzifəsində çalışırdı.

    Səfərin iştirakçıları barədə araşdırmaların nəticəsində məlum olub ki, radikal sağçı, anti-Qərb, və anti-semitist publisist kimi tanınan Oksenrayter post-sovet məkanındakı separatçı bölgələrdə keçirilən qondarma seçkiləri izləmək üçün Polşa, Almaniya və Belçika siyasətçilərindən ibarət "müşahidəçi missiyaları" təşkil edən beynəlxalq şəbəkənin yaradıcılarından və əsas üzvlərindən biridir. Həmin şəbəkənin kənar dövlətin xidmət orqanları ilə əməkdaşlıq etdiyinə dair xəbərlər mövcuddur. Şəbəkənin əsas fiqurlarından biri olan Polşadakı "Zmiana" partiyasının rəhbəri Mateuş Piskorski (Mateusz Piskorski) 2016-ci ildə Polşanın hüquq-mühafizə orqanları tərəfindən başqa ölkənin xeyrinə casusluq etməkdə şübhəli bilinərək həbs olunub. O zamandan bəri istintaq təcridxanasında saxlanılan Piskorski haqqında çıxarılmış həbs-qəti imkan tədbiri indiyədək dörd dəfə uzadılıb.

    Piskorskinin 2007-ci ildə Varşavada yaratdığı ECAG təşkilatı vasitəsilə Polşa, Almaniya və Brüsseldən separatçı bölgələrə "müşahidəçi missiyaları" təşkil etdiyi, onun Luqansk və Krımda keçirilmiş "seçkiləri" müşahidə etmək üçün reallaşdırdığı səfərlərdə Almaniyanın müxtəlif federal torpaqlarının landtaqlarında oturan AfD-çi və solçu deputatların iştirak etdiyinə dair xəbərlər var.

    Piskorski 2016-cı ilin əvvəllərində Berlində alman AfD-çilərlə birlikdə eyni məqsədlərə xidmət edən "Alman Avrasiya Araşdırmaları Mərkəzi"ni təsis edib. Oksenrayter həmin təşkilatın sədri, Piskorski isə sədr müavini olmuşdur. Təşkilatın daha bir təsisçisi o vaxtlar AfD-nin gənclər təşkilatının rəhbəri olmuş və sonradan Bundestaqın deputatı seçilmiş Markus Fronmayerdir. Bu təşkilatın da kənar qüvvələrin sifarişi əsasında fəaliyyət göstərdiyi iddia olunur. Mərkəzin təsisçilərindən ikisi – Rudi və Oksenrayter cari ilin fevralında işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etmiş dörd nəfərlik dəstəyə daxildirlər.

    “Die Zeit” qəzeti isə “Newsweek Polska” qəzetinə istinadən bildirir ki, Piskorskinin təşkil etdiyi hər "müşahidəçi missiyasına" görə Cis-Emo adlı qeyri-hökumət təşkilatının Piskorskinin rəhbərlik etdiyi təşkilata 100 000-200 000 avro ödəməsi barədə məlumat mövcuddur.

    Piskorskinin yaxın ətrafı isə ona qarşı casusluq ittihamını qəbul etmir. Onun yaxın tərəfdaşı Marçin Domaqala (Marcin Domagala) Piskorskinin belə uzun müddətdə istintaq təcridxanasında saxlanmasını insan hüquqlarının pozulması adlandırıb. Avropa İnsan Hüquqları Məhkəməsi isə bununla bağlı təqdim olunmuş iddianı icraata götürməkdən imtina edib.

    “Süddeutsche Zeitung” qəzetinin verdiyi məlumata görə, Almaniyanın Federal Kəşfiyyat İdarəsi (BND) və Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsinin (əks-kəşfiyyat qurumu) məxfi qrifli hesabatında Piskorski "ödəniş əsasında işləyən aqitator" adlandırılıb. Alman xüsusi xidmət orqanlarının hesabatında həmçinin qeyd olunub ki, Piskorksinin 2014-cü ildə Krımda keçirilmiş "referendumu" müşahidə etmək məqsədilə təşkil etdiyi 10 Avropa İttifaqı ölkəsindən 30 nəfərlik nümayəndə heyətinin səfərinə kənar qüvvələr tərəfindən 270 000 avro ödənilib.

    T-mobile.de saytında bildirilir ki, Piskorski 2009-cu ildən etibarən Almaniyanın Solçular partiyasının təmsilçilərinin separatçı bölgələrə "seçki missiyalarını" təşkil edib. Solçuların təmsilçiləri ECAG-ın 2009-cu ildə Cənubi Osetiyaya və 2014-cü ildə Krıma təşkil etdiyi səfərlərdə iştirak ediblər. Qeyd edək ki, söhbət o cümlədən işğal olunmuş torpaqlarımızda 2015-ci ilin may ayında keçirilmiş qondarma "seçkiləri" "müşahidə etmiş" Pyotr Ştefan Yan Luçakdan (Piotr Stefan Jan Luczak) gedir.

    WDR, NDR və Süddeutsche Zeitung KİV-lərinin birgə araşdırması nəticəsində AfD partiyasının 2017-ci il iyul-sentyabr aylarında İsveçrədəki bir əczaçılıq şirkətindən 130 min avro məbləğində ianələr aldığı və bununla da siyasi partiyalar haqda qanunu pozduğu məlum olub. Məlumat var ki, ianələr Bundestaqdakı AfD fraksiyasının sədri Elis Vaydelin rəhbərlik etdiyi rayon şöbəsinin hesabına köçürülübr. Vaydel ianənin tam olaraq geri ödənildiyini bildirib. Hüquqşünaslar ianənin qeyri-Avropa İttifaqı ölkəsindən göndərildiyi üçün AfD-nin qanunu pozduğunu iddia edirlər. Sosial-Demokratlar Partiyasının (SPD) büdcə məsələləri üzrə məruzəçisi Yohannes Kars müsahibəsində bildirib ki, Bundestaq bu məsələni diqqətlə araşdırmalıdır. İanə qanunsuz olubsa, Vaydel istefa verməlidir. İsveçrədən daxil olmuş naməlum ianələrdən əlavə, partiyanın Şimali Reyn-Vestfaliya birliyinin 2016-cı ildə bir holland şirkətindən beşrəqəmli məbləğdə ianə aldığı da məlum olub. Sözügedən ianələrlə bağlı hüquq-mühafizə orqanları təhqiqatlar aparır. 21.11.2018 tarixində Bundestaqda keçirilən büdcə müzakirələri zamanı çıxış edən Vaydel çıxışını demək olar ki, bütünlüklə sözügedən ianə qalmaqalında partiyasına bəraət qazandırmağa həsr edib.

    Radikal sağçı, Qərbin əleyhdarı kimi tanınan Oksenrayter Almaniyanın AfD dairələrinin təmsilçilərinin sözügedən səfərlərdə iştirakını təşkil edən əsas fiqur hesab olunur. “Die Zeit” qəzetinin məlumatına görə, Oksenrayter hələ "Alman Hərb Jurnalı"nın baş redaktoru olduğu vaxtlarda İkinci Dünya Müharibəsinə "qeyri-tənqidi" yanaşması ilə fərqlənmiş, "Zuerst!" jurnalının baş redaktoru kimi "Qərb siyasətindəki mənəviyyatsızlıqları ifşa edən" məlumatlar dərc etmiş və 2014-cü ilin sentyabrında Tehranda keçirilmiş "anti-semitist konfransda" "Almaniyada İsrail lobbisinin təsirləri" başlıqlı məruzə ilə çıxış etmişdir.

    Oksenrayter “Die Zeit” qəzetinə ildə 2-3 belə səfər təşkil etdiyini, buna dair sorğuların müvafiq bölgələr və ya QHT-lərdən daxil olduğunu, amma bu fəaliyyətdən pul qazanmadığını bildirib. Qəzet yazır ki, onunla söhbət əsnasında "müşahidəçi səfərlərinin" məqsədinin azad seçkilərin keçirilməsi deyil, dost siyasətçilərin həmin seçkilərə "müşahidəçi" kimi qatılmasından ibarət olduğu üzə çıxıb. Bildirilir ki, dəvət edən tərəf səfərin xərclərini və dəbdəbəli hotellərin pulunu ödəyir və əvəzində alman deputatlardan "seçkilərə" dair müsbət rəy əldə edir.

    Almaniyanın NDR, WDR və “Süddeutsche Zeitung” KİV-ləri Rudidən "Alman Avrasiya Araşdırmaları Mərkəzi"nin fəaliyyətinə dair müsahibə alıb. Rudi "müşahidəçi missiyalarının" səfər xərclərinin ya "seçkiləri" keçirən qurum, ya da Mərkəzin özü tərəfindən ödənildiyini qeyd edib, Mərkəzin ianələrdən maliyyələşdiyini bildirib. Amma o, həmin ianələrin haradan gəldiyinə aydınlıq gətirməyib.

    Radikal sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının Türinqen federal torpağı üzrə rəhbəri Byörn Hökenin 2017-ci ildə Berlində yerləşən Holokost abidəsini "rüsvayçılıq abidəsi" adlandırmasından sonra "Siyasi gözəllik mərkəzi adlı" solçu hərəkatın üzvləri onun evinə yaxın ərazidə ev kirayə götürərək, həyətində "Holokost abidəsi" ucaldıblar. Höke bu aksiyaya görə sözügedən qruplaşmaya qarşı “cinayətkar qruplaşmalar yaratmaq” ittihamı ilə iddia qaldırıb. Hazırda prokurorluq orqanları məsələyə dair istintaq aparır.

    “Die Zeit” qəzetinin araşdırmalarına görə, indiyədək AfD partiyasının Hamburq, Brandenburq, Baden-Vürtemberq, Meklenburq-Forpommern və Türinqen torpaqlarının landtaqlarında təmsil olunan 11 deputatı Şərqi Ukrayna və Dağlıq Qarabağda keçirilmiş "seçikləri" müşahidə edib. Onlardan bir neçəsinin qarşıdan gələn federal seçkilərdə qalib gələrək Bundestaqın deputatı olacağı gözlənilir.

    AfD partiyası özünün mətbuat katibi vasitəsilə sözügedən məsələyə münasibət bildirib. Sitat: "Biz bütün vacib ölkələrlə əlaqədə qalmağa çalışırıq. Xüsusi xidmət orqanları ilə əlaqələr isə təbii ki, yoxdur."

    “Die Zeit” qəzetinin 17.08.2017-ci il sayında dərc olunmuş məqalədə AfD təmsilçilərinin və Oksenrayterin Dağlıq Qarabağa sözügedən qanunsuz səfəri təhlil olunur. Məqalədə bu səfərin Azərbaycanda qanun pozuntusu kimi qəbul olduğu bildirilir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Məqalədə qeyd olunur ki, "AfD təmsilçiləri bu səfərlə sərhədi qanunsuz keçməklə bərabər həm də Ermənistan və Azərbaycan arasındakı münaqişənin mərkəzinə atılıblar."

    Məqalədə həmçinin qeyd olunur ki, AfD deputatları Dağlıq Qarabağdakı qondarma "referendumdan" əvvəl Donetsk və Luqanskda keçirilmiş "seçkiləri" də müşahidə ediblər.

    Məqalədə o da vurğulanır ki, Avropa məkanında seçkiləri müşahidə missiyaları adətən ATƏT tərəfindən təşkil olunur: "Amma təşkilat yalnız beynəlxalq tanınmış ölkələrdə seçkiləri müşahidə edir. ATƏT təmsilçiləri Dağlıq Qarabağ kimi bölgələrə səfər etmirlər".

    Qaynaq:

    (http://vestikavkaza.ru/news/KHayko-Langner-nemetskie-ultrapravye-snyukhalis-s-okkupantami-Karabakha.html)

    (http://vestikavkaza.ru/analytics/Deputat-AdG-SHtefan-Koyter-KHayl-Gitler-v-Bundestage.html?fbclid=IwAR0ijEjNhb-3VznMwAh0ID-0qRXFqFfRGFm0wKKcRl_b5cLil9Be0K2YWRE)