“Dağlıq Qarabağdakı separatçılar rus dilinə status verə bilməz!”

930

Xaqani Cəfərli: “Ermənistan və havadarları bilməlidir ki, ölkəmizin ərazi bütövlüyünün pozulmasına və ya ərazilərimizin bir hissəsi üzərində suverenliyin itirilməsinə göstərilən bütün cəhdlər yeni müharibəyə gətirib çıxaracaq”

“Azərbaycan danışıqların Minsk Qrupu çərçivəsində aparılmasının deyil, mövcud formatda aparılmasının əleyhinə çıxmalı və yeri gələrsə, prosesdə iştirakdan imtina etməlidir”

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan 10 noyabr Bəyanatının Qarabağ konfliktinin “son və uzunmüddətli” həllini əhatə etmədiyini bildirib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Ayvazyan ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Qarabağ konfliktinin həlli və regional sülh üçün “4 şərt” səsləndirib: “1. Qarabağ konfliktinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və “artsax xalqının” təhlükəsizliyi ilə mümkündür; 2. Ərazinin işğaldan azad edilməsi, erməni qaçqınların təhlükəsiz halda geri qayıtması təmin edilməlidir. 3. Azərbaycanın nəzarətində olan erməni mədəni-dini abidələrinin qorunması vacib şərtdir. 4. Danışıqlar yalnız Minsk Qrupu formatında aparılmalıdır. Çünki yalnız bu format münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq mandata sahibdir”. Həmçinin, Ermənistanın xarici işlər naziri əsirlərin “hamının hamıya” prinsipinin danışıqsız icraya keçməsini və meyitlərin dəyişdirilməsinə şamil edilməsini də təklif edib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Ara Ayvazyana tutarlı cavab

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi isə öz növbəsində, Ara Ayvazyanın dediklərinə cavab olaraq, bildirib ki, Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir: “Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından, nə qədər acı olsa da, reallığa dönməlidir. Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır. Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı. Əsir və girovların, cəsədlərin dəyişdirilməsinə gəldikdə isə Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib. Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir”.

Dağlıq Qarabağdakı erməni separatçılarının Rusiyaya yarınmaq cəhdi…

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Dağlıq Qarabağdakı separatçılar rus dilinin erməni dilindən sonra dövlət dili elan edilməsi barədə qanun layihəsi hazırlayırlar. Buna münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qeyd edib ki, ölkəsi rus dilinin başqa ölkələrdə istifadəsini alqışlayır, lakin ona dövlət statusu verilməsi ölkələrin daxili işidir: “Rus dili hər halda Qarabağda istifadə olunur, Ermənistanda da, Azərbaycanda da rusca danışılır və rus dilində dünyanın bir çox yerində, o cümlədən keçmiş Sovet İttifaqı məkanında da danışılır. Və deyirlər ki, əlverişli bir ünsiyyət dili olduğundan və hələ də öyrənilməkdədir. Təbii ki, biz bunu hər şəkildə alqışlayırıq, rus dilində bilik səviyyəsinin yayılmasını və saxlanmasını daha da təşviq etməyə hazırıq, bunu öz vəzifəmiz hesab edirik”. Lakin Peskov onu da əlavə edib ki, Rusiya Ermənistan və Azərbaycanda rus dilinin ikinci dövlət dilinə çevrilməsini təklif etmir, bu hər hansı bir ölkənin – Azərbaycanın və Ermənistanın daxili işidir: “Dağlıq Qarabağda rus dilinə dövlət statusu verilməsi danışıqların və ya əlaqələrin mövzusu deyil, bu, rus dilinin Azərbaycan və Ermənistanda danışılmasının de-fakti vəziyyətidir”.

“Ermənistan danışıqların yenidən Minsk Qrupu çərçivəsinə qayıtmasında olduqca maraqlıdır”

Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən politoloq Xaqani Cəfərli qeyd etdi ki, işğalçı Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində çox ciddi dəstəyi vardı: “Belə ki, Minsk Qrupunun 3 həmsədrindən biri Fransa parlamentinin yuxarı palatası olan Senat və aşağı nümayəndələr palatası faktiki olaraq, Azərbaycanın ayrılmaz hissəsinin – Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəhdlər göstərir. Buna görə də Ermənistan danışıqların yenidən Minsk Qrupu çərçivəsinə qayıtmasında olduqca maraqlıdır. Çünki bu halda Azərbaycana təzyiq üçün əlavə imkanlar qazanmış olacaq. Yəni, mümkündür ki, Fransa Co Bayden administrasiyasının vaxtında Azərbaycana daha artıq təzyiq göstərmək imkanları qazana bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmasının deyil, mövcud formatda aparılmasının əleyhinə çıxmalı və yeri gələrsə, prosesdə iştirakdan imtina etməlidir. Ermənistanın yeni xarici işlər nazirinin Azərbaycanın nəzarətində olan torpaqların ermənilərə qaytarılması ilə bağlı dediklərinə gəlincə, Azərbaycan bu məsələyə həm əraziləri üzərində suverenliyi, həm də ərazi bütövlüyü ilə bağlı birmənalı olaraq, prezident, parlament və Nazirlər Kabineti səviyyəsində, yeri gələrsə, ictimaiyyət nümayəndələrinin, siyasi partiyaların təmsilçiliyi ilə geniş bir formatda təqdim etməlidir ki, ölkəmizin ərazi bütövlüyünün pozulmasına və ya ərazilərimizin bir hissəsi üzərində suverenliyin itirilməsinə göstərilən bütün cəhdlər regionda yeni müharibəyə gətirib çıxaracaq. Azərbaycan bunu birmənalı vurğulamalıdır ki, hər kəs nə qədər qərarlı olduğumuzu anlasın. Çünki əgər kimsə müharibə istəyirsə, onda Azərbaycanın ərazi bütövlüyünü və yaxud ərazilərimizin bir hissəsi üzərində suverenliyini şübhə altına alacaq. Bu həm Ermənistana, həm də onun havadarlarına verilməli olan önəmli mesajdır. Bu yerdə bir məsələni xatırladım ki, mərhum Heydər Əliyev bir dəfə Qarabağ məsələləri ilə bağlı parlamentdə çox geniş formatda müzakirələr keçirmişdi. Fikrimcə, indi dövlət qeydiyyatından keçmiş siyasi partiyaların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı ilə həmin formatda müzakirə keçirmək olar. Bu müzakirənin yekunu olaraq, həm Ermənistana, həm də onun havadarlarına birmənalı şəkildə mesaj verilməli və göstərilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, yaxud ərazilərimizin bir hissəsi üzərində suverenliyin itirilməsinə göstərilən cəhdlər yeni müharibəyə gətirib çıxaracaq, ölkəmiz artıq bu müharibəyə hazırdır. Əks halda, bu cür cəhdlər olacaq”.

“Dağlıq Qarabağda separatçıların rus dilinə dövlət dili statusu verməsinə dair cəhdləri ermənilərin növbəti siyasi hoqqabazlığıdır”

Politoloq bu qənaətdədir ki, xristian abidələrinin mühafizəsi adı altında göstərilən cəhdlər də əslində, Azərbaycanın suverenliyini şübhə altına almaqdır: “Yəni həmin ad altında sabah deyə bilərlər ki, Azərbaycanın digər ərazilərində olan alban abidələrinə də xristian abidələridir və biz bunları mühafizə altına almaq istəyirik. Ona görə də Azərbaycan birmənalı qeyd etməlidir ki, onun ərazi bütövlüyü və ya əraziləri üzərində suverenliyini şübhə altına alacaq hər hansı bir addım yeni müharibəyə gətirib çıxaracaq. Bu mesaj hamıya verilməlidir ki, bu cür sayıqlamalarla rastlaşmayaq. Əks halda, həm Ermənistan rəsmiləri, həm də onun havadarları tərəfindən tez-tez bu cür hədələr, “şərtlər”lə üzləşməli olacağıq”.

Dağlıq Qarabağda separatçıların rus dilinin erməni dilindən sonra dövlət dili elan edilməsi barədə qanun layihəsi hazırlamasına gəlincə, Xaqani Cəfərli bildirdi ki, bu, Rusiyanın diqqətini daha çox cəlb etmək və dəstəyini qazanmaq üçün atılan addımlardır: “Həm Rusiyada, həmdə bütün dünyada hamı bilir ki, Dağlıq Qarabağda heç bir dövlət mövcud deyil. Orda kiçik bir icma şəklində olan toplum var. Əslində, Rusiyanın böyük şəhərlərində ordan bir neçə dəfə çox erməni yaşayır. Ona görə də Dağlıq Qarabağda separatçıların rus dilinə dövlət dili statusu verməsinə dair cəhdləri ermənilərin növbəti siyasi hoqqabazlığıdır. Ermənilər belə şeyləri çox sevir, tez-tez bu cür addımlar atmağı xoşlayırlar və müəyyən mənada zaman-zaman bundan siyasi dividentlər də götürürlər. Bu səbəbdən də çox güman ki, bu dəfə də məqsəd hansı bir siyasi divident qazanmaqdır. Bildiyiniz kimi, orda Rusiya sülhməramlıları var . Görünür, ermənilər bu yolla onların könüllərini oxşamaq, öz tərəflərinə çəkmək niyyətindədirlər. Bir daha qeyd edirəm ki, bu, ermənilərin növbəti siyasi hoqqabazlığıdır. Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, orada heç bir respublika mövcud deyil və heç bir statusdan da söhbət gedə bilməz. Ona görə də Dağlıq Qarabağdakı separatçılar rus dilinə status verə bilməz. Onların belə bir səlahiyyətləri yoxdur!”

Vazeh BƏHRAMOĞLU