Dağlıq Qarabağa “Böyük qayıdış” yaxınlaşır

141

Məcbur köçkünlərin öz yurdlarına qaytarılması könüllülük prinsipi ilə həyata keçiriləcək, yoxsa…

Əhməd Mahmudov: “İnsan yaşayışı üçün şərait yaradıldıqdan sonra BMT mandatı altında biz Dağlıq Qarabağa qayıdacağıq”

“Xankəndi əhalisi gəlib bildirirlər ki, qayıdacaqları günü səbirsizliklə gözləyirlər…”

Noyabrın 10-da imzalanmış üçtərəfli sülh bəyannaməsindən sonra Dağlıq Qarabağdakı rus sülhməramlılarının müşayiəti altında Xankəndində yaşayan ermənilər geri qaytarılır. Bu proses sülh bəyannaməsinin 7-ci bəndində əks olunur: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bəs azərbaycanlı qaçqınların geri qaytarılması barədə işlər necə aparılacaq, proses necə gedəcək? Məcbur köçkünlərin öz yurdlarına qaytarılması könüllülük prinsipi ilə həyata keçiriləcək, yoxsa yenə məcburi qaydada?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov haqqında danışılan məsələ barədə fikirilərini belə açıqlayıb: “Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq”.

Sədr müavini sözlərinə davam edərək, “Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət-məkan yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş məcburi köçkün üçün bir fəxarət hissi olacaq”, – deyib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəsmisi Əhməd Mahmudov isə “Hürriyyət”ə açıqlamasında ilk olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin Daqalıq Qarabağa qayıtması prosesinin nə zaman başlayacağına aydınlıq gətirdi: “Biz Dağlıq Qarabağdan olan 80 min insanı təmsil edirik. Biz öz əşyalarımızı toplayıb, geri qayıdacağıq. Dəstə-dəstə Xankəndi əhalisi gəlib bildirirlər ki, qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bizə müraciət edirlər ki, qayıdış nə zaman başlayacaq?

Cənab Prezident dediyi kimi, ilk öncə dağıdılan əmlakların dəyərləndirilməsi, vurulan ziyanın hesablanması aparılmalıdır. Beynəlxalq ekspertlərin iştirakı ilə bu proses başlayacaq. Sonrakı mərhələdə ərazilər minalardan təmizlənməlidir, infrastruktur qurulmalıdır. Yollar çəkilməlidir, işıq, su xəttləri bərpa olunmalıdır.

Şuşada işıq xətti məhv olub. İnsan yaşayışı üçün şərait yaradılmalıdır. Sonra isə məsləhətli şəkildə, BMT mandatı altında biz Dağlıq Qarabağa qayıdacağıq.

Bu proses necə həyata keçiriləcək? – bununla Dövlət Qaçqın Komitəsi məşğuldur. Bu qurum 2015-ci ildə “Böyük qayıdış” layihəsi hazırlamışdı. İndi çox güman ki, onların yeni planı olmalıdır”. 

 

Ülviyyə ŞÜKÜROVA