Dağlıq Qarabağ – yeni nəsil müharibə nümunəsi

333
Le Monde, Fransa
31.12.2020

Müəlliflər: İzabel Mandro, Məcid Zerruki

PUA hücumları, sosial şəbəkələr üzərindən psixoloji müharibə, texnologiyaların tətbiqi. Azərbaycanın Ermənistan üzərində əldə etdiyi üstünlüyün əsas səbəbləri bunlardır. Bu, Avropa orduları üçün əsl dərsdir.

İki keçmiş sovet respublikası olan Ermənistanla Azərbaycan arasında mübahisəli ərazi olan Dağlıq Qarabağ Cənubi Qafqaz üzrə əksər mütəxəssis tərəfindən unudulmuşdu. O, sanki “geosiyasi radarlardan itərək”, SSRİ-nin dağılmasından yaranmış problem kimi “dondurumuşdu”. Lakin hələ 1994-cü ildə baş vermiş və 30 min insanın ölümünə, on minlərin məcburi köçkün düşməsinə səbəb olmuş müharibədən düz 26 il sonra tərəflər arasında müharibə yenidən alovlandı. Və bu dəfə şiddətli savaş hərbi mütəxəssisləri ciddi şəkildə düşündürəcək xüsusiyyətlərlə yadda qaldı.

Altı həftə davam etmiş savaş hər şeyi dəyişib. Sentyabrın 27-də başlamış silahlı toqquşmalar hər iki tərəfdən təxminən 6 min insanın ölümü, Ermənistan silahlı qüvvələrinin məğlubiyyəti və noyabrın 10-da Moskvanın himayəsi altında atəşkəs razılaşmasının imzalanması ilə bitib. Beləliklə, Qarabağın Ermənistan tərəfindən 1994-cü ildə işğal edilmiş ütün ərazisi Azərbaycanın nəzarətinə qaytarılıb. Əsasən ermənilərin məskunlaşdığı və özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın (dırnaq işarəsi bizə aiddir – WM) da eyni aqibəti yaşamasına az qalmışdı. Bu ssenarinin qarşısını yalnız bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi alıb.

Maraqlıdır ki, son dövrlərədək Ermənistan silahlı qüvvələri daha effektiv, daha motivasiyalı və əlverişli mövqelərə malik ordu hesab olunurdu. Lakin uzun illərdir ordusunu müasir silahlarla təchiz edən Azərbaycanıb Türkiyənin də dəstəyilə dəqiqliklə hazırladığı döyüş əməliyyatı bu fikrə son qoyub. Qeyd edək ki, müharibədən əvvəlki 11 ay ərzində Azərbaycan Türkiyədən 256 milyon dollarlıq (210 milyon avro) silah-sursat, o cümlədən 6 ədəd “Bayraktar” hücum dronu almış, bununla da texnoloji inkişafdan faydalana bilmişdi. Onlar Türkiyənin Suriyada qazandığı döyüş təcrübəsindən də yararlanıblar.

Xatırladaq ki, 2016-2020-ci illərdə Türkiyə bir çox əməliyyatlara, o cümlədən “Fərat qalxanı” əməliyyatına on minlərlə əsgər cəlb etmiş (bu, ABŞ istisna olmaqla, NATO ölkələri arasında misli görünməmiş rəqəmdir), Suriyada açıq qarşıdurmaya getmişdi.

Hücum dronları

2020-ci ilin martında Türkiyə Ordusu ilk dəfə olaraq böyük nizami orduya qarşı hücum dronlarından, artilleriya,  elektron müdaxilə sistemlərindən, xüsusi təyinatlı qüvvələrdən, ağır zirehli texnika və hava hücumundan müdafiə sistemlərindən istifadə etmişdi. Nəticədə Dəməşq ordusu cəmi 3 gecədə 124 tank və zirehli texnika itirmişdi. Bu zaman onların Baş qərargahı, təchizat anbarları və təminat xətləri də dağıdılmışdı.

Doğrudur, zəifləmiş Bəşər Əsəd ordusunu Qarabağdakı erməni silahlı qüvvələrilə müqayisə etmək doğru olmaz. Amma o da texnoloji baxımdan geridə qalmışlıqdan əziyyət çəkirdi. Suriya Ordusu demək olar, Sovet dövründən qalma avadanlıqlardan istifadə edir, üstəlik onların havadan dəstəyi yoxdur. Bir sözlə, Əsəd ordusu da elektron müharibə vasitələrilə “kor” qoyulmuşdu – onun bu cür savaşa, PUA-lara müqavimət göstərmək imkanı yox idi.

Dağlıq Qarabağda da bənzər durum yaşanıb. Burada müharibə təcrübəsi də olan Ermənistan ordusunu darmadağın etmək üçün bir neçə gün kifayət edib. Döyüş aviasiyası ilə eyni missiyanı həyata keçirmək qabiliyyətində olan, Türkiyə və İsrail istehsallı hücum dronları mülki əhali arasında təşviş yaratmaqla yanaşı, hərbi texnika və canlı qüvvəyə ciddi zərbə vurub. PUA-lar Azərbaycanın düşmən mövqelərinə ənənəvi artilleriya zərbələri endirməmişdən əvvəl onların mövqelərini müəyyənləşdirməsinə, düşmənin təchizatdan məhrum edilməsinə  də imkan yaradıb.

Suriya və Liviyada olduğu kimi, Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin bu balaca aparatlar qarşısında aciz olduğu Qarabağda bir daha təsdiqlənib. Dronların uzaqdan idarə edilməsinə əngəl yaradacaq sistemlərə malik olmayan Ermənistan hətta “Su-30” qırıcı-tutucu təyyarələrindən də istifadə edə bilməyib. Çünki hər hansı dronun vurulması bu zaman ondan qat-qat baha təyyarənin məhv edilməsinə dəymir.

Əsgər meyitləri və sosial şəbəkələr

Avropa Şurasının xarici əlaqələr üzrə analitiki Qüstav Gressel hesab edir ki, Avropa bu müharibədən hərbi dərs almalı, orada baş verənləri diqqətlə öyrənməli, bunu qətiyyən kiçik, kasıb ölkələr arasındakı balaca müharibə kimi qiymətləndirməməlidir. “Avropada dronlar əleyhinə sistemə (qısa məsafəli) yalnız Fransa ilə Almaniya malikdir” – deyən analitik bildirir ki, Avropa İttifaqının əksər ölkələrinin, xüsusilə kiçik və orta dövlətlərin ordusu müasir kinetik müharibədə Ermənistan ordusundan da pis vəziyyətə düşərdi.

Hərbi ekspert Mişel Qoya da müddətinə görə heç bir əməliyyat zamanı bu qədər texnikanın məhv edilmədiyini xatırladır, pilotsuz uçan aparatlarının intensiv istifadəsinə qarşı hazırlıqlı olmanın vacibliyini bildirir.

“Bu məzəli uçan aparatlara hörmətsizlik olmasın, amma etiraf edək ki, Qərb orduları hər zaman dronların yüksək intensivlikdə uzun müddət davam gətirə bilməyəcəyini,  döyüş təyyarələrinin “səmanın kralları” olaraq qalacağını düşünüblər. Baş verənlər bunun tam əksini sübut etdi”, – deyə “La Voie de l’épée” yazır.

Amma Dağlıq Qarabağda baş verənlər yeni psixoloji müharibə forması da yaradıb. Məsələn, Dağlıq Qarabağ müharibəsində ölmüş əsgərlərin foto və videolarının sosial şəbəkələrdə yayılması insanların şüurunda iz qoyurdu. Hələ indiyədək heç bir müharibədə tərəfləri “Facebook” və “YouToube”dan bu dərəcədə qorxu vasitəsi kimi istifadə etməmişdi…

(Fransız dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Le Monde